backend

“Müharibənin taleyi qısa müddətdə həll olacaq”

“Müharibənin taleyi qısa müddətdə həll olacaq”
"Son vaxtlar erməni və xarici mətbuatda cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlər yayılır. Bu cür informasiyaların daha çox yayılması Ermənistan daxilində əhalini sakitləşdirməyə, ordudakı mənəvi psixoloji şəraiti dəyişməyə, həmçinin Azərbaycana müəyyən qədər təsir göstərməyə hesablanan addımlardır”

Bu barədə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib.


Onun sözlərinə görə, erməni tərəfi meydanda tək qaldığı üçün vəziyyətdən çıxış yolu axtarır: "Aprel döyüşlərindən sonra Ermənistanda siyasi, mənəvi xautik bir vəziyyət yaşayır. Rusiyanın daha artıq dərəcədə yardımını qazanmaq üçün ölkə içərisində də xeyli protest aksiyaları keçirilirdi. O aksiyaların başlıca şüarı Putin əleyhinə idi. Onlar hesab edirlər ki, hərbi müttəfiqlik sazişinə rəğmən özlərinə uzun müddət cənub cinahında mühüm tərəfdaş kimi hiss etdikləri dövlət olan Rusiyanın silahları hesabına 4 günlük müharibədə böyük zərbə alıblar. Bu da təbii ki, onları yeni tərəfdaş, müttəfiq və ya himayəçi axtarışına vadar edib. Ona görə də son aylar ərzində müəyyən silah kütləsi alınıb Ağdam, Cəbrayıl və digər ərazilərə gətirilib. Onu da geniş informasiya vasitələri ilə tirajlayırlar. Erməni tərəfi bunla cəmiyyətdə havanı dəyişəcəklərinə bel bağlayır. Bunlarla yanaşı kütləvi olaraq daha çox informasiyalar yayılır ki, guya son zamanlar erməni tərəfi Azərbaycana zərbə vurub və ya vuracaq. Onlar hərbi əməliyyatların başlaya biləcəyini qeyd edirlər. Çalışırlar ki, mənəvi-psixoloji müharibədə üstünlük qazansınlar”.

Deputat qeyd edib ki, Ermənistan o təxribatları törədəcəkləri təqdirdə Azərbaycandan çox böyük zərbə alacaqlarını yaxşı bilir: "Çünki cəbhə bölgəsində ordumuzun elə hərbi gücü formalaşıb ki, həqiqətən də xarici dairələr bu münaqişənin hər hansı bir formada gedişinə təsir göstərməsələr və Azərbaycan hərbi siyasi meydanda təkbaşına bu dövlətlə üz-üzə qalsa, müharibənin taleyini qısa bir müddətdə həll etmək mümkün olacaq”.(BakıPost)