backend

“Hər iki nazir susur” - vəkildən XİN və MTN-ə şok ittiham

“Hər iki nazir susur” - vəkildən XİN və MTN-ə şok ittiham














“Soso Pavliaşvili Azərbaycan xalqını və ziyalılarını təhqir etməkdə davam edir. Ona cavab verməli olan Xarici İşlər naziri Elmar Məmmədyarov və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev susurlar”.

Politika.Az-ın məlumatına görə, bunu tanınmış vəkil Aslan İsmayılov deyib.

Vəkil hesab edir ki, S.Pavliaşvilinin təhqirləri birinci növbədə onlara və Emin Ağalarova ünvanlanıb: “Çünki bu məsələnin gündəmə gəlməsinin səbəbkarları onlardır. Heç vaxt millətçi olmamışam.

Əksinə dəfələrlə bəyan etmişəm ki, Azərbaycan Dövlətinə və qanunlarına hörmət edən hər kəsin, o cümlədən erməninin də hüquqlarını qorumağa hazıram. Ancaq bu "mədəniyyət xadimi"nin kimlərəsə güvənib xalqa qarşı təhqirlərini heç cür həzm edə bilmirəm.

Doğrudanmı bəziləri bu qədər simalarını itirib?! Müsahibəni dərc edən “Life Новости” xəbər saytı aprel döyüşləri zamanı Rusiyada Azərbaycana qarşı açıq informasiya müharibəsi aparırdı. Bunun da səbəbi çox sadədir. Saytın rəhbəri Aram Qabrelyanovdur”.

Politika.Az xatırladır ki, Azərbaycanın görkəmli kino xadimi, xalq artisti, dramaturq Ramiz Fətəliyev sosial şəbəkə vasitəsilə Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşviliyə müraciət edib.

Ona Azərbaycana gəlməkdən, Bakıda konsert vermək fikrindən daşınmağı məsləhət görüb. O, S.Pavliaşvilinin Azərbaycan-Ermənistan konflikti başlayandan sonra işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedən ilk müğənnilərdən olduğunu qeyd edib.

52 yaşlı Soso Pavliaşvili isə "Life”a açıqlamasında indiyə qədər verdiyi konsertlərinin heç birinin siyasi xarakter daşımadığını deyib. Əlavə edib ki, erməni xalqı ilə də dostluq münasibətini heç bir konflikt poza bilməz:

"Siz mənə görə narahat olmayın. Bu, bekar adamların işidir, ağızlarına gələni danışırlar. Onların ağzına sümük ver, gəmirsinlər. Hər şey 80-ci ilin sonlarında başladı. Bəzi alçaqlar – belələri hər millətin nümayəndəsi arasında olur – silahlanaraq qadın və uşaqların həyatına qəsd edib. Həmin dramaturqa gəlincə, Bakıya gəlib, ya da gəlməməyimə görə ondan icazə almayacağam. O, kimdir ki? O, indi sayəmdə məşhurlaşmaqdadır. Buna görə onu təbrik edirəm. Heç olmasa buna görə mənə bir şüşə konyak hədiyyə etsin”.

Xatırladaq ki, Soso Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm nazirinin sərəncamı ilə S.Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Bugünlərdə isə Azərbaycanın Xarici İşlər Nazirliyinin saytı (XİN) Soso Pavliaşvilinin (həmçinin rusiyalı müğənni Timur Temirovun-red) müraciət məktubunu dərc etdi. Məktubda hər iki müğənni Azərbaycana giriş qadağasının ləğv olunmasını xahiş edirdilər.

Növbəti gün isə Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirdi. İfaçı açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini dedi.

Bundan sonra isə S.Pavliaşvilinin Bakıda konsertinin təşkil olunması Azərbaycanda ictimaiyyət - sənət və sadə adamlar arasında heç də yaxşı qarşılanmadı. Hər kəs onun Bakıda konsert verməsinə qarşı çıxdı.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma "erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək "soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.