backend

Generalın kürəkəni: "Akif Çovdarov həbs olundu, utandım..."

Generalın kürəkəni: "Akif Çovdarov həbs olundu, utandım..."













Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının üzvlərinin Bakıda və ölkənin digər yerlərində çoxsaylı daşınmaz əmlaka, kommersiya obyektlərinə, digər aktivlərə malik olduğu məlumdur. Xəbər verildiyi kimi hazırda məhkəməsi gedən general Akif Çovdarovun və yaxınlarının çoxsaylı mülkünə, bank hesablarına və digər aktivlərinə həbs qoyulub. Bu aktivlərin dəyəri on milyonlarla manatdır. Çovdarovun aktivləri onun ailə üzvlərinin və çoxsaylı benefisiarlarının adlarına olub.

Virtualaz.org xəbər verir ki, belələrindən biri də generalın kürəkəni Qasımov Rövşən İsa oğludur. O, Çovdarovun işi üzrə istintaqda şahid qismində dindirilib. Deyib ki, "Aqua Agro" MMC-nin direktorudur. Həmin MMC-ni ona görə təsis etmişdi ki, Çovdarovun Bakının Masazır qəsəbəsində, "Şuşa" qaçqın şəhərciyi tərəfdə yerləşən istixanalarının arxasında balıqçılıq təsərrüfatı yaratsın.

Həmin istixanalar Çovdarovun arvadının adına olan "Bəhrə-2010" MMC-yə məxsusdur. Kürəkən deyir ki, balıqçılıq təsərrüfatını yaratmaq ideyası da elə həmin istixanaların tikintisi zamanı yaranıb. 2010-cu ildə istixanaların tikintisi başlayanda Çovdarovun kürəkəni, onun iş ortağı Məmməd Cəfərov və keçmiş polis əməkdaşı, "Bəhrə-2010" MMC-nin direktoru Adil Yaqubov "xoş vaxt keçirmək üçün" hər şənbə günü əraziyə yığışırlarmış. Və belə "xoş günlərdən birində" ideya irəli sürülür ki, istixanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaradılsın.

Beləliklə, kürəkən və iş ortağı balıqçılıq təsərrüfatı yaratmaq üçün Masazır bələdiyyəsindən 2 hektar torpaq alıblar. Tikinti başlayıb və 2015-ci ildə yekunlaşıb. Bu işə Rövşən Qasımovun və ortağının 500-600 min manat xərci çıxıb. Dediyinə görə, pulun 450 min manatını ortağı qoymuşdu. Lakin tikintini yekunlaşdırmaq ərəfəsində baş verən devalvasiya M.Cəfərovun maliyyə vəziyyətini pisləşdirib. O, qərara alıb ki, Çovdarovun kürəkəni ilə birgə biznes layihəsindən çıxsın. Həmçinin xahiş edib ki, balıqçılıq təsərrüfatınq qoyduğu pul qaytarılsın.

R.Qasımov isə bu qədər pulu, dediyinə görə, birdən qaytarmaq imkanında olmur. Razılaşma əldə olunur ki, pul hissə-hissə qaytarılsın. Generalın kürəkəni əvvəlcə pulu məşğul olduğu taxta alveri ilə qaytarmağa çalışır. Şərtə görə, o, Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən (Bu sexin Çovdarova məxsus olduğu haqda məlumatlar var) ayda 5 vaqon taxta gətirib ortağına verməliydi ki, satıb pulunu götürsün. Lakin tikinti biznesi çökdüyündən taxta alveri də zəifləyib. M.Cəfərov isə xahiş edib ki, pulu qaytarmağı tezləşdirsin.

Nəticədə generalın kürəkəni 2015-ci ilin aprelində Sahibkarlığa kömək Milli Fondundan kredit götürə bilmək üçün MMC-ni qaynanasının adına keçirir. Bunu belə əsaslandırır ki, kredit götürə bilmək üçün işləyən müəssisə lazım idi. "Bəhrə-2010" MMC-nin istixanaları isə işə düşmüşdü və "Aqua Agro"nu qaynanasının adına keçirəndən sonra kredit almaqda problem olmayacaqdı.

Bu minvalla balıqçılıq təsərrüfatının yerləşdiyi torpaq sahəsi 2015-ci ilin iyun ayında İbadət Çovdarovanın adına rəsmiləşdirilir. Kürəkən deyir ki, bundan sonra kredit almaq üçün sənədləri hazırlamaqda idi ki, qaynatası həbs olundu. Və o, utandığından kredit üçün Fonda müraciət etmədi. Nəticədə ortağına 57 min manat borcu qaldı.

Çovdarovun R.Qasımovla evli olan qızının adına isə Binəqədidə, "Bolluq" bazarının yanındakı 6 mərtəbəli obyekt var. Həmin tikinti 2016-cı ilin martında yekunlaşıb, ancaq içi təmirsizdir. Birinci mərtəbəsi mağazalar, sonrakı mərtəbələri isə ofislər kimi icarəyə verilməliydi...