backend

“Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq” - İlham Əliyev

“Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq” - İlham Əliyev














"Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

APA-nın xəbərinə görə, bu sözləri Füzuli rayonu ərazisində, ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbi qulluqçular qarşısında çıxışında prezident, Ali Baş Komandan İlham Əliyev deyib. O bildirib ki, ordunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Prezident 1994-cü ilin yanvar ayında Füzuli rayonunda aparılan uğurlu əməliyyatı və 22 kəndin işğalçılardan azad edilməsini xatırladıb: "Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”