backend

Oğuzun başçısı ilə məcburi köçkün arasındakı qalmaqal böyüyür - ŞİKAYƏT VAR

Oğuzun başçısı ilə məcburi köçkün arasındakı qalmaqal böyüyür - ŞİKAYƏT VAR














“Təzadlar”ın ötən sayında Oğuz şəhəri, Səməd Vurğun küçəsi 2-də yaşayan Xosalı köçkünü Quliyeva Tamella Həsən qızının dövlət başçısı İlham Əliyevə ünvanlı müraciəti dərc olunmuşdu...

Qısaca olaraq deyək ki, şikayətçi T.Quliyeva Prezidentə müraciətində bildirirdi ki, o, Xocalıdan məcburi köçkündür, üç qız anasıdır: “...Övladlarımı dövlətin qayğısı sayəsində tərbiyə edirəm, oxuduram. 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə komitənin balansında olan Oğuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən binaya köçmüşük və bu günə kimi orada yaşayırıq.
Hətta bir neçə ay icarə haqqı da ödəmişik. Lakin burada da bizi başqa bir problem haqladı. Belə ki, 2016-cı ilin müxtəlif ayları yağmurlu keçdiyindən yaşadığımız evə damdan su axmağa başladı, evdəki əşyalar sıradan çıxdı. Özümün imkanım olmadığından qohumlarımdan və yaxınlarımdan evin damını təmir etdirmək üçün borc pul aldım. Fikirləşdim ki, sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsi, yaxud “Qaçqınkom” tərəfindən vəsait ayrılar, mən də başqalarından aldığım borcu ödəyərəm. Beləliklə, başqalarından aldığım borcla yaşadığım evin damını təmir etdirdim. Sonra mən “Qaçqınkom” və Oğuz rayon İcra Hakimiyyətinə müraciət etdim. Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən iki nümayəndə gəlib aparılan təmir işinə baxdılar, şəkillər çəkib, təmirə sərf olunan materialların sənədlərini özləri ilə apardılar. Bir müddətdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən mənə məktub gəldi ki, təmirə sərf olunan xərci Nazirlər Kabinetinin 1999-cu il 200 №-li qərarının 6-cı bəndinin tələblərinə əsasən, yerli icra hakimiyyəti ödəməlidir. Bu məzmunda məktub “Qaçqınkom”dan da gəldi. Çox təəssüflər olsun ki, Oğuz rayon İcra Hakimiyyəti 07.09.2016 və 04.10.2016-cı il tarixli rəsmi məktubları ilə bildirdi ki, mənə heç bir köməklik edə bilməz. Səbəb də budur ki, guya qəzalı binanı özbaşıma təmir etdirmişəm”.

“Əgər bina qəzalı vəziyyətdə idisə, bəs niyə 2011-ci ildən bizim ailəni təhlükə ilə üz-üzə qoymusunuz?”

Beliklə, şikayətçi ilə dünən təkrarən əlaqə saxladıq və ondan son vəziyyəti xəbər aldıq... Məlum olur ki, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov nəinki bu məcburi köçkün ailəsinə kömək edib, əksinə, mümkün kömək almaq üçün başçının yanında olan T.Quliyeva təhqir edilib və söyülüb:
- Mən icra başçısının yanında oldum və Əmlak Komitəsindən, həmçinin “Qaçqınkom”dan mənə verilmiş rəsmi cavab məktublarının surətini Eyvaz Qurbanova və onun məsul işçilərinə təqdim etdim... İcra başçısı isə nəinki kömək əlini uzatmaq fikrində oldu, əksinə, məni təhqiramiz formada otağından çıxardı, yersiz ifadələr işlətdi... Mən Eyvaz Qurbanovun diqqətinə çatdırdım ki, Eyvaz müəllim, mən Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə həmin binaya köçürülmüşəm. Əgər həmin bina qəzalı olsaydı, məni və üç övladımı buraya köçürməzdilər. Eyni zamanda, Oğuz rayon İcra Hakimiyyəti də bizim həmin binaya köçməyimizə icazə verməzdi. Əgər həmin bina qəzalı idisə, siz-başçı olaraq, Prezidentin Oğuz rayonundakı səlahiyyətli nümayəndəsi kimi niyə bizi oda atırdınız? Birdən həmin bina uçub dağılaydı, başımıza uçaydı, onda Prezidentimiz cənab İlham Əliyevə nə cavab verəcəkdiniz? Onun bəhanəsi budur ki, guya bu təmir işlərini gərək əvvəlcə onun işçiləri edəydi, razılaşdırılaydı. Yaxşı, “Qaçqınkom”dan da mənə cavab verilib ki, bu təmiri Oğuz RİH etməlidir, bunu mövcud qanunlar və qaydalar, Nazirlər Kabinetinin müvafiq qərarı tələb edir. Elə isə, mən üç uşaq anası, oturub gözləyəydim ki, Eyvaz Qurbanovun kefi nə vaxtsa tutacaq və gəlib bizim başımıza yağan yağışla maraqlanacaq?! Başçı bizdən nə istəyir, bilmirik. Evimizi Xocalıda ermənilər dağıdıb viran qoyub, faciələr yaşamışıq. İndi pənah gətirdiyimiz Oğuzda niyə adi bir məsələ problemə çevrilib? Axı biz nə pis iş tutmuşuq, kimə neyləmişik? Nazirlər Kabinetinin 1999-cu il 200 №-li qərarının 6-cı bəndinin tələblərinə əsasən, yerli icra hakimiyyəti, yəni Oğuz RİH məskunlaşdığımız bu binanın təmirini və saxlanmasını həyata keçirir. Belə çıxır ki, Eyvaz Qurbanov Nazirlər Kabinetinin qərarını tanımır. Belə də özbaşınalıq olar? İcra Hakimiyyətinin edəcəyini mən borc aldığım pulla etmişəm/, başçının üzünü Prezidentimizin yanında ağ eləmişəm. Bəlkə əvvəllərdən yuxarı orqanlara yazıb şikayət edəydik, başçının hərəkətsizliyini dilə gətirəydik, onda yaxşı olacaqdı? Eyvaz Qurbanovun sağlığına qismət olsun, Bakıda 2-3 yerdə evi, bağı, Oğuzda villası və s. var. Mən demirəm ki, o, həmin evlərinin birini bizə versin. Amma xahiş edirəm ki, Eyvaz Qurbanov üzərinə düşən vəzifəni yerinə yetirsin, cənab Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı onun üzərinə qoyduğu etimadı və vəzifəni vicdanla həyata keçirsin!
- Əgər Oğuz RİH başçısı yardım əlini uzatmasa, sizinlə intriqasını davam etdirsə. Daha hansı tədbirləri görmək istəyirsiniz?
- Əgər o inadından dönməsə, bəhanələrindən əl çəkməsə, köçkün balalarımı götürüb Prezident Administrasiyasına, oradan da Eyvaz Qurbanovun Bakıdakı (ünvanını hələki yazmaq, ictimailəşdirmək istəmirəm) dəyərli milyonlarla ölçülən villasının qarşısında etirazımızı bildirəcəyik. Qoy nə olur-olsun! Başçı qanuni vəzifəsini icra etmirsə, biz niyə Konstitusion hüquqlarımızın bərpasını ondan tələb etməkdən qalaq?

Dinlədi: Samir

P.S. Qarşı tərəfin mövqeyini öyrənmək üçün RİH rəsmilərinə müraciət edilib... Onların cavabı belə olmuşdur ki, redaksiyaya rəsmi cavab yazılıb, göndəriləcək. Hələki həmin cavab məktubu yoxdur. Amma biz də rəsmi cavab məktubundan daha çox gözləyirik ki, RİH başçısı Eyvaz Qurbanov təmkinlik göstərərək Xocalıdan məcburi köçkün ailənin problemləri ilə oynamaqdansa, onların dərdini ovundursun, nəinki faciələr yaşamış bir ailə ilə münaqişəyə girib intriqa aparsın...
Mövzuya qayıdacağıq.