backend

Nəsimi TSEK-in rəhbəri ƏLİ bəyin "kefi kökdür"(YENİLƏNİB) - S. MÜSLÜMOVUN NƏZƏRİNƏ!

Nəsimi TSEK-in rəhbəri ƏLİ bəyin "kefi kökdür"(YENİLƏNİB) - S. MÜSLÜMOVUN NƏZƏRİNƏ!Son vaxtlar paytaxtda fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının nöqsanlı fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyəti olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən xoşagəlməz hallara dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan məlumatlarda da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyəti barədə bir sıra təəccüblü məqamlar öz əksini tapır. Bildirilir ki, 3 saylı Tibbi Sosial Ekspert Komissiyasında əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, müəmmalı əlillik dərəcələrinin sayı durmadan çoxalır. Qeyd edək ki, son vaxtlar bir çox mətbu orqanların səhifələrində 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Əli Həsənovun xoşagəlməz əməllərindən bəhs edən tənqidi materiallar dərc olunmaqdadır. Belə materialların əksəriyyətində bildirilir ki, Nəsimi rayonu 3 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar var. Ümumiyyətlə isə Nəsimi TSEK-in xoşagəlməz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını artırmaqdadır.

Dünən bir daha Nəsimi rayonu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasına baş çəkərək vətəndaşlarla söhbətləşdik. Sakinlərlə söhbət zamanı məlum oldu ki, bu TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Bəzən müxtəlif bəhanələrlə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 3 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda nələrinsə istənildiyi vurğulanır. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500, II qrup üçün 1000, III qrup üçün isə 500 dəfə "əllərini göyə qaldırmaq" tələb olunur. Həmçinin əlavə edilir ki, "əllərini göyə qaldırmaq" olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Təəssüf ki, bütün bunlara baxmayaraq, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyəti qurumlar tərəfindən Əli bəyin əməllərinə son qoyulması istiqamətində hər hansı tədbir görülüb.

Son zamanlar bu TSEK-də baş verən neqativ hallara görə nədənsə qanunun aliliyi təmin olunmur. Sakinlər bildirirlər ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Nəsimi rayon Tibbi Sosial Ekspert Komissiyasında xoşagəlməz əməllər, bəzi vətəndaşların hüquqlarının pozulması, özbaşınalıqlar adi hala çevrilib. Bizə verilən məlumata görə, fiziki qüsurlu şəxslər əlillik dərəcəsi almaqda çətinlik çəkirlər. Həmin şəxslər get-gələ salınır. Sakinlər bildirir ki, əlillik dərəcəsi almaq üçün gərək TSEK sədri Əli bəyi "görməlisən". Yoxsa süründürməçiliyə məruz qalacaqsan. Bütün bunlar onu göstərir ki, bəzi həqiqi əlillər qalıb kənarda, başqa yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. TSEK sədrinin narazılıq doğuran fəaliyyəti rayon camaatını cana yığıb. Əli Həsənov bəzi hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir.

Burada olarkən Nizami rayonu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının yerləşdiyi ərazidəki bahalı avtomobilləri də müşahidə etdik. Bahalı maşınlara baxdıqda məlum oldu ki, TSEK rəhbərliyinin "kefi kökdür". Sakinlər bildirdilər ki, ƏLİ HƏSƏNOVUN qəbul günləri bəzən formal xarakter daşıyır. TSEK sədri nədənsə qəbul günlərində burada olmur.

Mövzunu davam etdirədəyik.

Qaynarxett.az