backend

"İlhamə Quliyeva məni bıçaqla yaralayıb"

"İlhamə Quliyeva məni bıçaqla yaralayıb"














Fasilədən sonra Mehriban Hüseynova əlavə edib ki, Vüqar Bəkirov saxta vəsiyyətnamə düzəltmək üçün 3500 manat pul verib: "Mənə dedilər ki, İlhamə xanımın saxta imzası lazımdır. Bir qədər sonra Vüqar məndən 6 min manat pul istədi".

M.Hüseynova bildirib ki, İlhamə Quliyeva onu taxta bıçaqla ayağından vurub: "Ayağımdan qan axırdı. Həmin vaxt İlhamə xanım qorxdu. Onlar Vüqarla aramızda olan səsyazmanı İlhamə xanıma təqdim etmişdi. Sonra mətbəxin qapısını bağladılar, bir müddət orada qaldım. Ayağımın qanını yodla sildim. Orxangil əl çəkmədilər, dedilər bunu öldürək. Mən isə oradan ayrılmaq istədiyimi bildirdim".

Hüseynova hadisədən sonra İ.Quliyevanın onu yanına çağırdığını söyləyib: "Evdə Aidə xanım, Faiq, Orxan və Vüqar var idi. Evə daxil olan kimi Vüqar çantamdan 300 manat pulumu götürdü. Telefonumu isə Faiq Ələkbərli əlimdən aldı. Kəmalə isə məni sillə ilə vurdu. Məni həbs etdirəcəkləri ilə hədələdilər. Vüqar mənim diz çökməyimi tələb etdi. O, mənim hər şeyi boyunuma almağımı istədi. Mən də İlhamə xanımı söydüyümə görə ondan üzr istədim. Bu zaman Faiq telefonla həmin anı çəkdi. Sonra İlhamə xanım pulumu və anasının üzüyünü verdi. Evdən çıxıb getdim. Gedib bu barədə polis bölməsində ərizə yazdım. İlhamə xanımın da məni bıçaqla yaralamasını da qeyd etdim. İlhamə Quyevanın şikayətindən sonra məni 1 sutka polis bölməsində saxladılar".

Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.

----------

16:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az apa-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Hüseynova ifadə verib. O bildirib ki, İ.Quliyeva ilə 9 il əvvəl tanış olub: "Bundan sonra İlhamə Quliyeva mənim evimdə 2-3 dəfə qonaq olub. Mən özüm jurnalist kimi fəaliyyət göstərmişəm. İlhamə Quliyeva bir dəfə mənə təklif etdi ki, köməkçi kimi yanında işləyim. Mən də buna razılıq verdim. Demişdi ki, yanında olan hər kəsi uzaqlaşdırıb. Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı. O, yalnız mənim ona kömək göstərməyimi istəyirdi. Hər dəfə zəng edib deyirdi ki, sən evimdə olmusan, üzüyüm itib. Sonra həmin üzüyü onun barmağında görəndə soruşurdum ki, bəs nə oldu itmişdi? O da deyirdi ki, yadımdan çıxıb. Həmişə onun yanında olmağımı istəyirdi, deyirdi ki, hamı mənə düşməndi və sirlərini yalnız mənimlə bölüşür. Mənə həmişə bacı deyirdi. Onun ən ağır vəziyyətində yanında olmuşam".

M.Hüseynova bildirib ki, İ.Quliyeva ona 2-3 aylıq etibarnamə verib: "Mənə dedi ki, evimi satmaq istəyirəm, amma oğlum Orxan bilməsin. Yoxsa, məndən pul istəyəcək. O, etibarnamə verərək, bütün işlərini mənim vasitəmlə həll edirdi. Çünki səhhəti ağır idi. Heç kəslə danışmaq istəmirdi. Müalicə olunurdu, mənə tapşırmışdı ki, onun müalicə aldığını heç kimə deməyim. İlhamə Quliyeva evini 330 minə satmışdı. Bundan sonra o, gözəllik salonunda hər şeyi mənə etibar etdiyini dedi. Bu isə Orxanın qulağına çatdı. Bir gün mənə zəng etdi ki, anam hər şeyini sənə etibar edib? Mən də bunu təsdiqlədim. İlhamə Quliyeva yenə də Orxanı evinə buraxmırdı. Bir gün İlhamə Quliyevanın telefonuna zəng gəldi, telefonu mən açdım. Danışan Orxanın dostu Vüqar idi. Mənə dedi ki, İlhamə Quliyeva onunla danışmasa, vəziyyəti pis olacaq, çünki oğlu Orxan bəzi şəxslərə qarşı 95 min manat məbləğində dələduzluq edib. Vüqar bizi şantaj edib dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək.

Mən məsələni İlhamə Quliyevaya danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Parkda Vüqarla görüşdüm və o, yenidən İlhamə Quliyeva barəsində şantaj xarakterli sözlər dedi. Bundan sonra İlhamə Quliyevanın yanına gedib hər şeyi danışdım. İlhamə Quliyevanın səhhəti buna görə pisləşdi. Növbəti dəfə mən Vüqarla görüşərək, onu İlhamə Quliyevanın evinə gətirdim. Vüqar hər şeyi İlhamə Quliyevaya dedi. Vüqar İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir. Çünki İlhamə Quliyeva mənə etibarnamə verib. Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Səhəri gün 10 min manat pulu Vüqara verdik. Ancaq Vüqar ondan əl çəkmədi, yenə şantaj və 3500 manat aldı. Mən İlhamə Quliyevanın razılığı ilə bu məsələyə son qoymaq üçün yenidən Vüqarla görüşdüm. Vüqara dedim ki, Orxanın anasını zəhərlədiyini demisən. Bu zəhərli dərmanları kim satır? Sən ona şər atırsan? Bunu hansı həkimdən almısan, o dərmanları mənə göstərə bilərsən? Vüqar da razılıq verdi. Yəni, mən bunu, sadəcə, yoxlamaq istəyirdim. Burada mənim məqsədim Vüqarı ifşa etmək idi. Çünki o, Orxana şər atırdı. Mənim ən böyük səhvim odur ki, bu barədə İlhamə Quliyevaya məlumat vermədim. Vüqar mənə kristal duz məmulatına oxşar maddə verdi. Mənim məqsədim o idi ki, bunları alıb maddi sübut kimi prokurorluğa verim. İlhamə Quliyeva mənə dedi ki, sənin haqqında mənə yaxşı məlumatlar gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.