backend

Arif Qasımovun karyerasını bitirəcək şok dosye hazırlandı

Arif Qasımovun karyerasını bitirəcək şok dosye hazırlandı












Nizami rayonu iqtisadi fəlakətin astanasında

İcra başçısı sahibkarlara divan tutur

Rəhbərlik etdikləri rayonları özlərinin şəxsi obyekti kimi idarə edən, həmin ərazidə yerləşən bütün gəlirli sahələri əlində cəmləşdirən məmurların fəaliyyəti nəticəsində ciddi problemlər yaşanmaqdadır. Büdcə vəsaitlərinin amansızcasına talanması hesabına böyük var-dövlət sahibinə çevrilən məmur oliqarxlar şəxsi biznes strukturlarının genişləndirilməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Nəticədə rəhbərlik etdikləri rayonların sosial-iqtisadi inkişafı ləngiyir, böhranlı vəziyyət yaranır.

Bu gün ciddi problemlərin yaşandığı paytaxtın Nizami rayonu da dediyimiz kateqoriyaya aid edilə bilər. Rayonun icra başçısı Arif Qasımov 1 illik rəhbərliyi dövründə şəxsi biznes imperiyasının çiçəkləndirilməsi istiqamətində “böyük işlər” görüb. Rayonun bütün iqtisadi potensialı başçının maraqlarına tabe edilib.

Nizami rayonu paytaxtın ən çox şadlıq evləri yerləşən ərazisidir. Rayon ərazisində 100-dən artıq şadlıq evi fəaliyyət göstərir. Rubrika.az-a daxil olan məmlumatlara görə Arif Qasımov rayona rəhbər təyinatını alan kimi bu gəlirli sahəni nəzarətə götürməyə başlayıb. Bütün şadlıq evlərinin siyahısını tutduran A. Qasımov daha iri ranqlı məmurların obyektlərini siyahıdan çıxartdıqdan sonra yerdə qalanları “yola gətirmək” üçün yoxlamalara start verib.Rayon bələdiyyəsi ilə birgə aparılan yoxlamalarda eskiz layihəsindən azca kənara çıxan və yaxud obyektin ərazisində yardımçı tikililəri olan sahibkarlar obyektin tamamən sökülməsi tələbi qarşılığında qalaraq Arif Qasımovun adamlarının tələb etdiyi pulu ödəməyə məcbur oldular. Sonradan Arif Qasımovun adamları ilə “anlaşan” bəzi sahibkarlar hətta digər əlaqədar qurumlardan gizli olaraq obyektlərinin ərazisini genişləndirə bildilər.

Rubrika.az-a daxil olan məlumatlara əsasən Arif Qasımovun “şadlıq evləri biznesinə” qaynı Mehdi Cəfərov nəzarət edir. Məlumata görə, uzun müddət Sabunçu Telefon Qovşağının marketinq xidmətləri satış şöbəsinin müdiri işləyən Mehdi Cəfərov ötən ilin sonlarında “MTN işi”nə görə nazirliyin strukturundan qovulub. Məsələnin ilginc tərəfi isə Arif Qasımovun qaynı olan Mehdi Cəfərovun MTN generalı Hilal Əsədovun bacanağı olmasıdır. Qeyd edək ki, hal-hazırda davam etdirilən qalmaqallı “MTN işi” məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirinin müavini vəzifəsində çalışmış, general Hilal Əsədovun da adı keçir. Rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilla Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı. O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var. Mənbəmiz bildirirki, bir çox turistik rayonlarda Mehdi Səfərova aid olan İstirahət Mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir. Həmin obyektlərin də bir çoxunun məhz Hilal Əsədova aid olduğu qeyd edilir. Həmçinin mənbəmiz bildirir ki, Bakıda da general Hilal Əsədovun bir çox gəlirli obyektləri bacanağı Mehdi Səfərovun adana rəsmləşdirilib.

Arif Qasımovun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı nüanslardan biri də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla olan sıcaq münasibətləridir. Keçmiş nazirlə olan yaxın münasibətləri zamanında A. Qasımovun köməyinə gəlsə də hazırda onun əsas baş ağrısına çevrilib. Lakin, verilən məlumatlara əsasən eks nazirin bütün keçmiş əlaqələri, o cümlədən Arif Qasımovla olan əlaqələri də araşdırılıb və ortaya ciddi faktlar çıxıb.

Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.

Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır.

Rubrika.az xəbər verir ki, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.

Hətta Həsən Əliyevin Arif Qasımovla Ramazan Səlimovu görüşdürərək Siyəzəndə həyata keçirilən bir çox tikinti, təmir işlərinin ona verilməsinin vasitəçisi olaraq çıxış edib. Ancaq sonradan məsələnin baş tutmaması və iş adamı Ramazan Səlimovun hüquq mühafizə orqanlarına şükayət etməsi nəticəsində Həsən Əliyev cinayət məsuliyyətinə cəlb edildi.

Rubrika.az-daxil olan məlumatlara görə işdə yol verdiyi ciddi nöqsanlar, Nizami rayonunda hökm sürən dözülməz vəziyyət, cidd-cəhdlə gözlətməyə çalışdığı keçmiş əlaqələri Arif Qasımovu yuxarıların hədəfinə gətirib. Məlumatlara görə başçı çox çalışsa da bu dəfə qəzəbdən yaxasını qurtara bilməyəcək.

Araşdırmalarımız davam etdiriləcək.