backend

TƏCİLİ: Qarabağda SAVAŞ SSENARİLƏRİ hazırdır, Azərbaycan...

TƏCİLİ: Qarabağda SAVAŞ SSENARİLƏRİ hazırdır, Azərbaycan...

Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etdi.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Brüsselə xəbərdarlıq etdi: Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üz tuta bilər. Rusiya və NATO arasındakı gərginlik təhlükəli hal almağa başladı. Kubanın əfsanəvi lideri Fidel Kastro vəfat etdi. Qarabağda müharibə ssenariləri isə son vaxtlar daha tez-tez səsləndirilir.
2017-ci ildə ATƏT-ə sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastian Kurs Dağlıq Qarabağ münaqişəsindən danışıb. Ermənistan mediasına müsahibə verən Kurs münaqişənin sülh yolu ilə həllini dəstəklədikərini bildirib.
“Zorakılığın daha bir partlayışı qaçılmaz ola bilər. Moskvadan Vaşinqtona qədər bütün beynəlxalq ictimaiyyət zorakılığa qarşı olduğunu bəyan edib. Danışıqlar masasında bir sıra təkliflər var idi və bunların müzakirəsi gözlənilir” - deyə o bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu il dekabrın 31-də Dövlət Departamentindəki fəaliyyətini dayandırır. 30 illik iş yeri olan Dövlət Departamenti ilə yanaşı, Minsk qrupundakı fəaliyyətini də dayandıracaq C.Uorlik Rusiyaya məxsus “Egorov Puginsky Afanasiev&Partners” şirkətinin Vaşinqton nümayəndəliyində işləyəcək.
Cənubi Qafqaz Federasiyası yaradılır, Qarabağ və yeddi rayon...
ABŞ-da Donald Tramp-ın prezident səlahiyyətlərinə başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində üç ssenari tətbiq oluna bilər. Almaniyalı politoloq Vilfrid Furmanun təqdim etdiyi ssenarilər aşağıdakılardır

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 8-9 dekabr tarixində Hamburqda görüşü gözlənilir. Bu görüşdə Qarabağ münaqişəsinin nizama salınma prosesinin sürətlənəcəyinə ümidlər var. Əks təqdirdə, münaqişə ətrafında vəziyyət yenidən gərginləşə bilər.
Ermənilərə yaxınlığı ilə seçilən rusiyalı politoloq Stanislav Tasarov isə bildirib ki, dekabr görüşündə nəsə irəliləyiş olmasa, bu, bölgədə yeni müharibəyə səbəb ola bilər


NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxışında deyib ki, alyans Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir. NATO-nun baş katibi Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.
Ermənistan müxalifəti isə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneyə çevrilən prezident Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması üçün hazırlıq görür.
Müxalifət 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində müxalifət qərbyönümlü seçki blokunun yaradılması üzrə danışıqlar aparır. Öz mənbələrinə istinadən yerli “Jamanak” qəzetinin yazdığına görə, müxalifət seçki blokunun yaradılmasının bir neçə variantını müzakirə edir..

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 23-də verdiyi açıqlamasında Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib. Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: “Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır”.
Dağlıq Qarabağ üçün şok “Kerri planı” – DETALLAR
Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağla bağlı “Kerri planı”nın olduğunu açıqlayıb.

“Lavrov planı”nın mövcud olmadığını deyən Koçaryan Ermənistanın “Kerri planı”nı təklif etdiyini bildirib. “Bu Qarabağın müstəqilliyinin tanınmasıdır”, - deyə o qeyd edib. Ermənistan XİN rəsmisi bu açıqlaması ilə ABŞ-ın, daha dəqiq desək Obama Administrasiyasının xain planını etiraf etdi.

Qarabağda “dünya müharibəsi”, yoxsa... - Böyük hücuma hazırlıq
Bir neçə gün öncə “Bloomberg” agentliyi dünyadakı münaqişələrin tədqiqatını aparan Stokholm İnstitutunun məlumatlarını dərc etdi. Məlumatda deyilir ki, Azərbaycan son 10 ildə silah alınmasına 22,7 milyard dollar pul xərcləyib. Bu, Avropada hərbi texnikanın ən böyük idxalçısı olmaq deməkdir.

“Bloomberg” qeyd edir ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çoxdur. Rusiyalı hərbi ekspert Dmitri Litovkin hesab edir ki, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bütün dünyanı yandıracaq və qana bulayacaqlar”
NATO Parlament Assambleyasının Türkiyədə keçirilən payız sessiyasının toplantısında çıxış edən bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə xəbərdarlıq edib.
“Türkiyə terror təşkilatlarına qarşı sanki bir divardır. Biz əgər bu mübarizədə müvəffəqiyyətsiz olsaq, yəni bu divar yıxılsa, terrorçular bir sel kimi bütün dünyanı yandıracaq və qana bulayacaq. Terrorla mübarizədə Türkiyəyə verilən hər dəstək həmin ölkələrin öz gələcəyinə qoyduğu sərmayədir”, - Ərdoğan deyib.

Türkiyəyə qarşı “şeytan üçbucağı” – SON DÖYÜŞ BAŞLAYIR
Suriyada isə Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır.“Yeni Şafak” qəzetinin məlumatına görə, Əl Babın ətrafında İŞİD-lə yanaşı, PYD/YPG (PKK-nın Suriya qolu), Əsəd gücləri, Hizbullah, şiə milislər, İran və Amerika da var: “Bütün güclərin ortaq hədəfi “Fərat qalxanı” əməliyyatını Əl Babda darmadağın etmək və terror dəhlizini (kürd dəhlizi) Əl Babın cənubunda həyata keçirməkdir”.

“Bütün bu proseslərə İran və Amerika da dəstək verir”, - deyə qəzet qeyd edir

İsrailin DEBKA xəbər saytı Türkiyə ilə Rusiyanın Suriyadakı YPG terror təşkilatını havadan bombardman edəcəkləri ilə bağlı məlumat yayıb. Sayt Rusiya ilə Türkiyənin məsələ ilə bağlı razılığa gəldiklərini və planın yanvar ayının ortasında həyata keçiriləcəyini iddia edib.
Türkiyə Suriyada hərbi əməliyyatlara birbaşa daxil ola bilər. Noyabrın 24-də səhər saatlarında Türkiyə topçu birlikləri Lazikiye yaxınlığında yerləşən Suriya ordusunun qüvvələrini vurub. Dəməşq rejiminə yaxın “Əl Masdar əl Arabi” saytının hərbi mənbəyə istinad edərək verdiyi xəbərə görə, Türkiyə ordusu, Navara qəsəbəsində Suriya ordusuna atəş açıb.
Həmin gün gecə saatlarında isə Suriya ordusunun Hərbi Hava Qüvvələri türk əsgərlərinə qarşı hücum təşkil edib.Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən son məlumata görə, hücumda 4 əsgər şəhid olub, 10-u yaralanıb.
Qeyd edək ki, Türkiyə-Suriya arasında müharibə Yaxın Şərqdə baş verə biləcək 10 müharibədən biri hesab edilir.


Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR
“Yeni söz” nəşri ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridmanın Türkiyə ilə bağlı bəyanatlarını şərh edib.
Fridmanın 2009-cu ilin yanvar ayında çıxan “Gələcək 100 il: XXI əsr üçün proqnozlar” kitabında yaxın zamanda üçüncü dünya müharibəsinin başlaya biləcəyi, Rusiya və Çinin çökəcəyi, Türkiyənin isə dünyanın ikinci super gücü olacağı göstərilib. O, son olaraq Türkiyənin Yaxın Şərq, Balkanlar, Ərəbistan yarımadası və Şimali Afrikaya hakim bir imperatorluğa çevriləcəyini, bunun da ABŞ-ın əsəblərini pozacağını söyləyib.

Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR
“Stratfor” analitik şirkətinin qurucusu yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyini bildirərək Avropaya mesaj göndərməsi həftənin gündəmində xüsusi yer tutub. Türkiyə prezidentinin bu bəyanatı ŞƏT-in aparıcı dövlətləri olan Rusiya və Çin tərəfindən müsbət qarşılanıb.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucularından olan general Leonid İvaşov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin ŞƏT-ə üzvlüyü ilə bağlı bəyanatını şərh edib.“Sputnik” agentliyinə danışan general Türkiyənin bunun üçün NATO-dan çıxmalı olduğunu deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən gündəmə gətirdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Ankaranın Rusiya ilə S-400 zenit-raket kompleksi ilə bağlı bəyanatlarına NATO-dan cavab gəlib. Hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin NATO-nun kollektiv müdafiəsini ehtiva edən 5-ci maddəsini heç bir zaman zəiflətməyəcəyindən əmindir.


Türk əsgərlərinə hücumun arxasındakı 4 ölkə - ŞOK SSENARİ
Dünən Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatında iştirak edən türk əsgərləri məruz qaldığı hava hücumunda 4 şəhid verdi, 10-u yaralandı. Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bölgədə Rusiya, ABŞ və Suriya təyyarələrinin olduğunu, amma dördüncü bir ölkənin də hücumda iştirak edə biləcəyini bildirib.


Türkiyə ordusu bu gün Suriya ərazisində həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatında növbəti itkisini verib. Dünən Suriyanın Əl Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgər həlak olub, 5 hərbçi isə yaralanıb. Bundan bir gün əvvəl isə 4 türk əsgəri şəhid olub, 10-u yaralanıb.
Tramp yüz günlük planlarını açıqladı
ABŞ-da prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp dövlət başçısı postunda ilk yüz gündə həyata keçirəcəyi islahatlar planı ilə bağlı videomüraciət edib.
Respublikaçının sözlərinə görə, islahatların həyata keçirilməsinin əsasında “İlk yerdə Amerika” prinsipi dayanır və Amerikanı yenidən böyük etməyə və orta sinfi dirçəltməyə kömək edəcək.


Obamanın İran planı açıqlandı – TRAMPA QARŞI
ABŞ-ın “Wall Street Journal” qəzetinin yazdığına görə, prezidenti Barak Obamanın administrasiyası hakimiyyətin sonuna kimi İranla nüvə razılaşmasının möhkəmləndirilməsinə yönəlik addımlar atmağı planlaşdırır.
Mümkün addımlar arasında İranda işləmək üçün Amerika şirkətlərinə lisenziyaların verilməsi, həmçinin bir sıra sanksiyaların ləğvi var. Məlumata görə, Obama administrasiyası hələ prezident seçkilərinə kimi (8 noyabr –red.) bu barədə qərarlar qəbul etmək fikrində idi.

Putin: “SSRİ-in dağılmasından sonra...”
Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibəsində bir sıra beynəlxalq mövzulara toxunub və NATO-ya xəbərdarlıq edib.
Rusiya lideri həmçinin NATO-nun genişlənilməsinə ölkəsinin niyə kəskin reaksiya verdiyini izah edib: “Qərarların qəbul olunması təcrübəsi bizi narahat edir. Mən bilirəm, NATO-da qərarlar necə qəbul edilir. Bir ölkə NATO-nun üzvü olursa, ölkə liderinin NATO-nun təzyiqinə müqavimət göstərməsi çətin olur. ABŞ kimi digər ölkələr də NATO-nun yeni üzvünün ərazisində raketdən müdafiə sistemi, yeni bazalar və yeni raket kompleksləri ilə asanlıqla ortaya çıxa bilər. Biz nə etməliyik? Biz əks-tədbirləri görməli, bizi təhdid edən bu sistemləri raketlərimizin təsir məsafəsində saxlamalıyıq. Biz anlayırıq ki, dünya dəyişdi, hər şeyi “soyuq müharibə” dövrünün dondurulmuş vəziyyətində saxlamaq mümkün deyil. Gələcəyə baxmaq lazımdır”.

Moskvadan ABŞ-a daha bir təhdid Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerovun dilindən səslənib. Onun sözlərinə görə, Avropada Amerikanın raket əleyhinə müdafiə sisteminin genişlənməsinə cavab olaraq Rusiya qərb istiqamətində hava-kosmik müdafiə sistemini gücləndirməyə məcbur olacaq.
“Buna Kalininqradda S-400 zenit-raket kompleksləri və “İskəndər” raketlərinin yerləşdirilməsi, həmçinin Qərb və Cənub hərbi dairələrində yeni birləşmələrin yaradılması daxildir”, - senator qeyd edib.



Kreml Avropaya nüvə silahı tuşladı – ŞOK XƏRİTƏLƏR
Rusiya və Qərb arasında münasibətlər də hər keçən gün daha da pisləşir. Alman generalı Hans-Lator Domreze yerli “Bild” nəşrinə müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putin NATO sərhədlərində - Kalininqradda nüvə potensialını gücləndirməklə tədricən beynəlxalq siyasətə qayıdır.
Qərbdə etiraf edirlər ki, bütün Avropa Rusiya raketlərinin hədəfi altındadır.


Kreml Polşa sərhədinə uzaqdan idarə olunan müharibə robotu və robot tank yerləşdirir. NATO-nun Rumıniya və Estoniya sərhədlərinə hərbi qüvvə yığmaq qərarına qarşı Rusiya Kalininqrada nüvə başlığı daşıyan raketlər yerləşdirdi. Bunun ardında da Polşa ilə sərhəddə robot tanklar və “ölüm robotu” adlanan Platforma-M robot texnikası yerləşdirmək qərarına gəlib.

Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu - QƏRAR
Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
“Daha da irəli getsəniz, sərhəd qapıları miqrantlar üçün açıla bilər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qərarını şərh edərkən deyib.
“Heç bir zaman insanlığa qarşı dürüst davranmadınız. Üç milyon qaçqını saxlayan bizik, verdiyiniz sözləri yerinə yetirmədiniz. Türkiyə sərhəd qapılarını açarsa, nə edəcəksiniz?” - deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Ərdoğan daha əvvəl də eyni təhdidlə çıxış edib. Prezident ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.
Türkiyə Avropa İttifaqına cavab olaraq miqrantlara aid razılaşmanı ləğv edir. Bu barədə Ankaradakı diplomatik mənbələr “Habertürk”ə bildirib.

Rəsmi Ankara Avropa Parlamentinin Türkiyə ilə Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin müvəqqəti dondurulmasının tövsiyə edilməsi haqqında qərarına qarşı atılacaq addımların xəritəsini hazırlayır.
İlk addım olaraq miqrantlarla bağlı razılaşmanı ləğv etməkdir. Razılaşma ləğv olunarsa, Türkiyə miqrantların Avropaya getməsi üçün sərhədlərini açacaq. Bunun Avropa üçün “ölüm təhlükəsi”nə bərabər olduğu hesab olunur.
Bu həftə həmçinin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayıldı. Lakin bu xəbər Kərimovanın oğlu tərəfindən təkzib edilib.

Amerikanın “BuzzFeed” portalı isə Gülnarə Kərimovanın ABŞ-ın Daşkənddəki səfirliyində gizləndiyini iddia edib. “ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, - deyə portal yazıb.
Bu gün Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib. Mərhumun qardaşı Raul Kastro bildirib ki, inqilab liderinin öz qərarına uyğun olaraq, onun meyiti yandırılacaq.
Ömər Dağlı



.