backend

İSMAYILLI: Gözəllik artdıqca yollar uzanır...

İSMAYILLI: Gözəllik artdıqca yollar uzanır...

Nədənsə, əvvəllər bu məsələnin fərqinə varmamışdım. Elə bilirdim ki, tərəqqi, inkişaf artdıqca, yeni infrastruktur layihələri həyata keçirildikcə, yollar abadlaşdıqca hansısa rayona — bu məqamda İsmayıllıya getmək daha da asanlaşır. Çünki el dilində deyirlər ki, yolun rahatlığı kəndlər arasındakı məsafəni qısaldar. Amma indi başqa məsələlərin şahidi oluruq. İnkişaf artdıqca İsmayıllının gözəlliyinin üstünə gözəllik əlavə olunur, gözəllik artdıqca isə yollar da uzanır. Sual verə bilərsiniz: Bu dağlar diyarına son gəlişimdə yaranmış romantik fikirlər hardan qaynaqlanırdı?

Köhnə dostum, indi rayonda sahibkarlıqla məşğul olan Əli müəllimə hələ payızdakı görüşlərimizdən birində bu yerlərin xəzan fəslinin çox füsunkar olduğunu söyləmişdim. Dostum isə xəzanı qətiyyən sevmirmiş: “Payızın arxasınca qış gəlir. Mən sənə İsmayıllının gözəlliyini tumurcuqlarda göstərəcəyəm. Martın əvvəlində ağacların üzündə yaranmış sevinci görmək üçün rəssam və ya bağban olmaq lazım deyil.O sevinci hamı görür, hiss edir. İnşaallah, birgə seyr edərik”.
...Əli ilə İsmayıllının gözəlliyinin ilk mənbələrindən olan — təbii ki, birinci mənbə dağlardır — ağacların xəzan nisgilinə tamaşa etdik. Özü də bir yerdə, beş yerdə yox, demək olar ki, rayonun hər yerində. Dostumun diqqəti ağacların budaqlarında idi, mənim diqqətim isə yeni çəkilmiş yollarda. Diqqət yetirəndə gördüm ki, magistral yolun qəsəbə ərazisindən keçən hissəsinin hər iki kənarı yüksək səviyyədə abadlaşdırılıb. Avtomobil yoluna asfalt örtüyü döşənilib. Kəndarası yola asfalt-beton örtüyü çəkilib.

… Nə qədər yol müasir standartlara cavab verən şəklə gətirilib.

Mən elə bilirdim ki, təbiət vurğunu olan dostumun ağaclara baxmaq üçün təşkil etdiyi gəzintidən heç nə yazmayacağam. Amma, həmin gəzintidən yazının əvvəlində bu qədər söz açmalı oldum.Gözəllik artdıqca yolların uzanmasına gəlincə isə, sən demə bu ifadə başqa bir məqamdan söhbət açanda da yerinə düşürmüş. İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov dedi ki, dövlət başçımızın respublikanın bütün rayonları kimi İsmayıllıya da böyük diqqət və qayğı ilə yanaşması buradakı problemlərin həlli üçün etibarlı zəmin yaradıbdır. İsmayıllı şəhərində, rayonun qəsəbə və kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət alıb, Azərbaycan Prezidenti İlham Əliyevin buraya səfərlərindən sonra aparılan böyük abadlıq-quruculuq işləri nəticəsində rayonumuzun siması başdan-başa dəyişibdir. Son illərdə rayonda yeni məktəb binaları və əlavə tədris korpusları, tibb müəssisələri, mədəniyyət obyektləri, olimpiya idman kompleksi, şəhər stadionu, əhalinin sosial-müdafiə mərkəzinin, Sosial Müdafiə Fondu rayon şöbələrinin, Dövlət Reyestr Xidməti İsmayıllı ərazi idarəsinin inzibati binaları, şəhid ailələri və Qarabağ əlilləri üçün mənzillər, yaşayış binaları, mehmanxana, bank binası, Dairə Seçki Komissiyaları üçün inzibati binalar, Velosiped zavodu, ATS, poçt binası... Hələ mən kəndlərdə tikilən neçə-neçə mədəniyyət evlərini demirəm. İsmayıllıların az qala hər gün açılışına toplaşdışları digər obyektləri inanın ki, sadalamaqla qurtaran deyil. Odur ki, Mirdamət müəllimlə bu yaxınlarda olan söhbətimizdə onun bir çox yeni obyektin adını nə üçün çəkdiyini dərhal başa düşdüm (həmsöhbətim rayonda görülmüş işlər barədə danışmağı o qədər də sevmir) və ona görə də əlavə elədim:

— Deməli, bu qədər yeni obyektin istifadəyə verilməsi eyni zamanda 10 kilometrlərlə yeni yolun çəkilməsi deməkdir.

— Bəli, siz deyirsiniz ki, gözəlliklər artdıqca yollar uzanır. Sizin fikrinizin həqiqiliyini bizim istifadəyə verdiyimiz yeni obyektlər üçün çəkilmiş müasir yollar da təsdiqləyir.


Başçı tamamilə haqlıdır. Çünki İsmayıllıda inşa edilib istifadəyə verilmiş yeni bina və qurğuların hamısı ayrılıqda bir gözəllik nümunəsidir. Əlbəttə, bu gün Azərbaycanda elə bir sosial-iqtisadi inkişafın şahidiyik ki, heç bir rayon bu tərəqqi prosesindən kənarda qalmır. Amma digər rayonlardakı dostlarımız inciməsin, İsmayıllıda, sözün həqiqi mənasında, bütün işləri elə bu rayonun adına layiq görürlər. Bütün yeni binalarda xüsusi memarlıq nümunələrindən, milli-mənəvi dəyərlərimizi əks etdirən elementlərdən istifadə edilir. Məsələn, rayon mərkəzindəki Heydər Parkında tikilmiş Heydər Əliyev Muzeyi, Müalicə Diaqnostika Mərkəzi və digər bina və qurğular tikilərkən yuxarıda qeyd etdiyimiz məqamlar xüsusilə nəzərə alınıbdır.

Bu gün İsmayıllı haqqında danışarkən elə bir sahə tapmaq mümkün deyil ki, orada inkişaf, tərəqqi, irəliləyiş olmasın. Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilmiş konfrans keçirildi. Həm dövlət başçısının giriş və yekun nitqlərində, həm də çıxışlarda ölkəmizin son beş ildəki uğur və nailiyyətlərini əks etdirən çoxsaylı faktlar səsləndirildi.

Rayon büdcəsində yerli gəlirlərin artım dinamikasının yüksəlməsi, beş ildə minlərlə yeni iş yerinin yaradılması, torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması, kənd təsərrüfatının xüsusi əhəmiyyət kəsb edən sahələrinin heç zaman olmayan bir səviyyədə inkişaf etdirilməsi, icra numayəndəliklərinin və yerli bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi bugünki İsmayıllı həqiqətləridir. Ancaq bu dağ rayonunun humanitar sahədə əldə etdiyi uğur və nailiyyətlər heç də yuxarıda qeyd etdiyimiz sahələrdəki nailiyyətlərdən az deyildir. Belə ki, rayon rəhbərliyi humanitar siyasət sahəsində Respublika Prezidentinin bütün tapşırıqlarını əməli surətdə həyata keçirərək təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətini, eləcə də idman və turizm sahəsindəki tədbirləri istiqamətləndirib, rayonda dövlət bayramlarının və tarixi günlərin qeyd olunmasını, kütləvi tədbirlərin mütəşəkkil qaydada keçirilməsini təmin edibdir.

İsmayıllı təhsilin bütün sferalarının inkişafına, məzmununun yeniləşməsinə, yeni məktəblərin tikintisinə, informasiya texnologiyalarının istifadəsinə xüsusi önəm verilib, diqqət yetirilibdir. Təhsilə ayrılan vəsait hər il davamlı surətdə artıbdır.

Son illər İsmayıllıda yeni məktəblərin tikilməsi, təhsil müəssisələrinin əsaslı təmiri və maddi-texniki bazasının yeniləşdirilməsi bu sahənin keyfiyyətinin yüksəlməsinə şərait yaradıbdır. Təhsilin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əməyi danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın hər yerində turizmin inkişaf etdirilməsi üçün verdiyi tövsiyə və tapşırıqlar İsmayıllıda da yüksək səviyyədə icra edilir. Yerli yolların yenidən qurulması, çoxlu sayda turizm və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi İsmayıllını bölgənin və respublikamızın turizm mərkəzlərindən birinə çevirir. Yerli muzeylərin, tarixi abidələrin və mədəniyyət evlərinin zamanın tələbinə uyğun şəkildə yenidən təmir və bərpa edilməsi bu sahəni daha da cəlbedici edir. İsmayılının qonaqları gündən-günə artır.

HAŞİYƏ: Yazının əvvəlini bir qədər bədii əhval-ruhiyyə üstündə başlamışdıq. Sonluqda isə həmin əhval-ruhiyyəyə az da olsa xələl gətirən bəzi mətbu orqanlarının İsmayıllı haqqında birtərəfli,qərəzli mövqe nümayiş etdirməsidir. Hətta,bəzi saytlar icra başçısı Mirdamət Sadıqovun infark keçirməsindən, xəstə olmasından belə "palaz- palaz" yazılar dərc etməklə onun bölgədə ictimai nüfuzuna ləkə vurmağa çalışırlar. Görəsən, İsmayıllıya gəlməmiş, başçı ilə təmasda belə olmamış bu adamlar kimlərin dəyirmanına "su tökməyə" çalışırlar? Bu qədər qərəzli olmaq, yaxşını pisdən seçə bilməmək, bir sözlə qələminə hörmət etməyi bacarmamaq əlinə qələm alan şəxsə yaraşmaz. Bir daha nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, nə infarkt? Cənab başçı sağ və salamatdır. Səhhətindən də heç bir şikayəti yoxdur.

Davamı olacaq...

Qaynarxett.az