backend

Xalq şairi deputatları və Tarif şurasını yıxıb-sürüdü - "TARİF ZURNASI VƏ AVAMLAR..."

Xalq şairi deputatları və Tarif şurasını yıxıb-sürüdü - "TARİF ZURNASI VƏ AVAMLAR..."

Xalq şairi, sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qaz və işığın qiymətini artılmasıyla bağlı kəskin fikirlər səsləndirib

Qaynarxett.az xəbər verir ki, o, qiymət artımını dəstəkləyən keçmiş həmkarlarını tənqid edib və onları yalançı adlandırıb: "İnsan, vəzifə sahibi, millət vəkili, ailə başçısı, yaşlı-başlı adamlar kürsüdən və ya TV ekranından, milyonların gözünə baxa-baxa necə yalan söyləyə bilirlər, görəsən? Vicdan, məsuliyyət deyilən şey yoxdurmu bu adamlarda? Utanmırlarmı? Necə yeni qiymət artımı yalnız qazdan, işıqdan çox istifadə edənlərə şamil edilir, kasıb təbəqəyə təsir göstərməyəcək? Ağıl deyilən nəsnədən bir zərrəcik payı olan şəxs bu sözü necə deyə bilər? Avam sizsiniz, bala! Millət avam deyil! Məgər işıqdan, qazdan çox istifadə edənlər bu ölkədə yaşamırlar? İri şirkətlərin xərcinin artması onun işçilərinin yaşayışına, maaşına, qazancına necə təsir etməyə bilər? Bu bahalaşma kasıb xalqdan necə yan keçə bilər ki, TARİF ZURNASInın səsi çıxmamış, bir anda dükan-bazarda hərə öz qiymətini fırladır üzü yuxarı...”

S. Rüstəmxanlı bu yolla büdcənin dolmayacağını vurğulayıb: "Milləti narazı salan, ölkəni sosial partlayışa aparan, dövlətin nüfuzunu sarsıdan ağılsız qiymət siyasətinə haqq qazandırmaq istəyənlərin cürük bir söykənəcəkləri var: beynəlxalq standartlar, dünya bazarındakı qiymətlər... Anlamırlar və ya bilə-bilə özlərini anlamaz yerinə qoyurlar! Bəyəm mənim vətəndaşımım qazancı, maaşı Avropaya uyğundur ki, qiymətləri də ora doğru qovursunuz? Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib! Siz bu kütləvi soyğunçuluğun əzabını çəkən millətdən deyilsiniz? Bu yolla büdcə dolmaz! Büdcəni doldurmaq istəyirsinizsə bu qadağaları, məhdudiyyətləri, əsassız yoxlamaları, ələbaxanlar sürüsünün araverməyən basqılarını, monopoliyanı, yolkəsmələri, erməni dönmələrinin Bakını güclü işğal xəyanətlərini dayandırın, orta və kiçik sahibkarlığa imkan verin, vəzifələrə öz naşı qohumlarınızı yerləşdirməkdənsə işbilən gənclərə yol açın, islahat adına işsizlər ordusunu böyütməyin, iqtisadiyyatı şəxsi maraqlarınıza yox, iqtisadiyyat qanunlarına uyğun qurun... Xalqın səsini dinləyin!”

Qeyd edək ki, Tarif Şurası ölkədə qaz və işığın, həmçinin dərman vasitələrinin qiymətinin artırılmasıyla bağlı qərar qəbul edib. Şuranın qərarı əhali arasında ciddi narazılığa səbəb olub.

Bir neçə deputat isə çıxışında bu qiymət artımının kasıb təbəqəyə heç bir təsir göstərməyəcəyini deyib.

Politika.Az