backend

Təcili - MİLLƏT VƏKİLLƏRİNDƏN MİLLƏTƏ XƏYANƏT: Kim nə dedi ?

Təcili - MİLLƏT VƏKİLLƏRİNDƏN MİLLƏTƏ XƏYANƏT: Kim nə dedi ?

Bazar iqtisadiyyatı şəraitində hər sahədə qiymətlər tez-tez dəyişdiyindən kommunal xidmətlərin qiymətində də dəyişiklərin olması gözləniləndir”

Bunu Politika.Az-a açıqlamasında Parlamentin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib: “Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi və digər bəzi yanacaq növlərinin satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. O cümlədən elektrik enerjisi və təbii qazın qiymətlərində diferensial dəyişikliklər baş verib. Belə ki, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq istehlakı 250 kilovat saat üçün dəyişilməyərək 1 kilovat saat üçün 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşib. Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istejlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün hazırkı 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Bu tədbirlər elektrik enerjisindən və təbii qazdan istifadədə qənaətə səbəb olacaq və hesab edirəm ki, bu, aztəminatlı ailələrə təsir göstərməyəcək. Xalqın rifahı həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir və sosial müdafiəyə ehtiyacı olanlara mümkün olan köməkliklər göstəriləcək”.

89 saylı Şəmkir şəhər seçki dairəsinin deputatı Sahibə Qafarova Politika.Az-ın məsələ ilə bağlı sualını dinlədikdən sonra təkrarən hansı qanundan(?) söhbət getdiyini soruşub. Tarif Şurasının qərarını bir daha xatırladıb, ətraflı izah edib, sualı təkrarladıqdan sonra isə “Milli Məclisin iclasındayam, indi danışa bilməyəcəm, sonra əlaqə saxlayın” deyə cavab verib. Əməkdaşımız xatırlatdıb ki, MM-in iclası başa çatıb, biz deputatın digər həmkarları ilə də danışmışıq, bildirib ki, onlarla danışmısız, mən indi danışa bilməyəcəm. “Bəs nə vaxt əlaqə saxlayaq” deyə sual etdikdə, “sonra” deyərək telefonu qapadıb. Görünür, seçicilərinin sosial rifahı Sahibə xanım üçün hər zaman “sonrakı məsələ”dir.

Millət vəkili Tahir Rzayev də hesab edir ki, qərar aztəminatlı ailələrə o qədər də ziyan vurmur. Deputatın sözlərinə görə, kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəməlidir: “Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir”. Deputat onu da bildirdi ki, bizdə istehlakçılar israfçılığa çox yol verirlər. T.Rzayev hesab edir ki, əhali qənaət etməlidir: “Kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır”.

Tarif (qiymət) Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Bunu isə trend-ə millət vəkili Aydın Hüseynov bildirib.
A.Hüseynov deyib ki, orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir: "Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".

Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".
A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".

Politika.Az-ın əməkdaşları digər deputatlardan da məsələyə münasibət öyrənmək istəyib. Lakin Aqil Abbas, Əli Məsimli, Vahid Əhmədov, Hadı Rəcəbli, Musa Quliyev telefonlarına cavab verməyiblər. Görünür, deputatlar bilirlər ki, istər jurnalistlər, istərsə də, seçiciləri tərəfindən bu gün daha çox bahalaşma qərarı ilə bağlı məsələlərə görə narahat ediləcəklər, ona görə də telefona cavab verməməklə məsələni bitmiş hesab edirlər.