backend

SOS: hökumət böhranı və yoxsulluğu etiraf etdi - bədbin 2017 gəlir

SOS: hökumət böhranı və yoxsulluğu etiraf etdi - bədbin 2017 gəlir














“Ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik”

Politika.Az-ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov deyib ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: “Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb.

Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir”.

E.Rüstəmov deyib ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankı manatın məznnəsinin saxlanması üçün 6 milyard dollar həcmində pul kütləsi sərf edib. Mərkəzi Bankın sədri deyib ki, sərt pul siyasəti gələn il də davam etdiriləcək.

E.Rüstəmov bildirib ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: “Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq.

Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır”.

Politika.Az xəbər verir ki, deputat Ziyad Səmədzadə iqtisadi fəallığın artırılmasının vacibliyini söyləyib: “Təbii ki, yoxsulluq, işsizlik var. Bunun azaldırlması istiqamətində işlər görülür. Pensiyalar , əmək haqqı artmalıdır.

Bunun üçün iqtisadi fəalllıq artırılmalıdır. İqtisadi fəallığın azaldılması nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir”.

Beləliklə, baş bankir və deputat ölkədə iqtisadi vəziyyətin çılpaq mənzərəsini etiraf ediblər. Onlar təsdiqləyiblər ki yoxsulluq da var, böhran da, işsizlik də.

Hökumət ilk dəfə Azərbaycandakı iqtisadi inkişafın dayandığını dolayısı iləbəyan edir. Ancaq indi vəziyyətdən çıxış imkanları tapılmalıdır.

Lakin baş bankirin sözlərindən belə aydın olur ki, 2017-ci il də ağır keçəcək. Üstəlik, sərt pul siyasəti kursu saxlamaq üçün əlavə pul itkisi deməkdir. İstənilən halda manatın ucuzlaşması və dolların bahalaşması davam edəcək.

Politika.Az xəbər verir ki, “qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir. Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır.

Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir.

Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir. Nəticədə isə banklar dollar sata bilmir. Bu da bir daha təsdiq edir ki, dollarlar başqa istiqamətə daşınır.

Bəlli olur ki, Mərkəzi Bank banklara dollar paylamır və süni ajiotaj yaradır. Hərraca çıxarılan vəsaitlərin hara yönəldiyi müəmmalı olaraq qalır. Bu baxımdan dollar ajiotajı yaşanır. Ümid ancaq prezident İlham Əliyevə qalıb.