backend

Hacıbala Abutalıbovla Kərimlinin savaşı davam edir - Əziyyətini sərnişinlər çəkir

Hacıbala Abutalıbovla Kərimlinin savaşı davam edir - Əziyyətini sərnişinlər çəkir















Bakı Nəqliyyat Agentliyinin yaranmasının 1 ili tamam olur. Bəs bu bir ildə nələr dəyişib?

İlkin baxışda dəyişən sərnişinlərin daha rahat və komfortlu getməsi üçün nəzərdə tutulan "BakuBus” şirkətinə məxsus avtobuslardır.

İlk əvvəl Nəqliyyat Nazirliyinin müvafiq qurmunun paytaxt marşrut xətlərinə nəzarəti dövründə eynən "BakuBus” şirkətini xatırladan "Transqeyt” şirkətini xatırlayaq. Təxminən 10 il əvvəl də "Transqeyt” şirkəti paytaxta "DAEWOO” markalı iri həcmli avtobuslar gətirdi. İndi isə "BakuBus” bir müddət gözümüzü oxşadı, amma…

Vaxt keçdikcə bu "ammalar” çoxalır. Bu sahə monopoliyaya alınır, kiçik sahibkarlar bazardan sıxışdırılıb çıxarılır. Ekspertlərin fikrincə isə o dövrdən bəri heç nə dəyişməyib. Dəyişən ad və şirkətdir.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov deyir ki, Bakı Nəqliyyat Agentliyi yaradıldığı gündən heç bir dəyişiklik etməyib. Onun fikrincə, yalnız mərkəzi xətlərdə olan avtobuslarda müəyyən dəyişiklər olub:

"Paytaxtda marşrut xətlərinin çoxu "BakuBus” şirkətinə verilib. Bir az onlar konfortludur. Bu səbəbdən də insanları ilk öncə hər şeyin qaydasında olduğuna inandırmağa çalışdılar. Lakin sonradan yenə də pul üstündə mübarizə başlandı. Mübarizə keyfiyyətli xidmət uğrunda aparılsaydı, bir il ərzində şəhər nəqliyyatı xeyli inkişaf etmişdi.

Əslində, bu sahədə xırdaçılıqlar çoxdur. Ümumilikdə, nəqliyyat sahəsi kölgədə qalıb. Sərnişinnəqliyyat həmişə şəffaf, cəmiyyətə açıq olmalıdır. Bu gün orada nələr baş verirsə, bunlar gizlədilir. Sərnişinlərin problemləri həll olunmadan qalıb. Dəyişiklik olan zaman avtobuslar vaxtlı-vaxtında işləməlidir. Orada çalışan insanların maraqları, sosial vəziyyətləri nəzərə alınmalıdır. Sürücülərin əmək haqqları düzgün verilməlidir. Sürücülərə biganə münasibət avtomatik olaraq onların da sərnişinlərə münasibətində özünü biruzə verir. Deyirlər ki, hazırda sərnişinnəqliyyat sistemi düzəldilib. Lakin yalan söhbətdir. Bu sahədə fırıldaqlar çoxdur”.

M.Rüstəmovun fikrincə, islahatların keçirilməsi yalnız yeni avtobusların alınması demək deyil: "Əvvəllər bu səlahiyyətlər Nəqliyyat Nazirliyinin müvafiq qurumunda idisə, sonradan yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə verildi. Amma sistem yaxşılaşmadı. Xidmət səviyyəsi əvvəlki səviyyədən heç də üstün deyil. Avtobusların qrafiklərində ciddi gecikmələr olur, avtobuslar yenə də bir-birini qovur, dayanacaqlar isə çox bərbad vəziyyətdədir”.

M.Rüstəmov qeyd edir ki, bütün bu problemlərin əvvəli işə götürən tərəfin məsuliyyətsizliyi səbəbindən başlanır:

"Bu xətlərin kimin əlində olması, işəgötürənlə sürücülər arasında müqavilələrin düzgün olmaması, yeyinti amilinin olması, marşrut xətləri arasında rəqabətin olmaması, bu sahənin inhisarçılığa keçirilməsi mövcub problemləri daha da qabarıq şəkildə göstərir. Nəqliyyatın bir şirkət tərəfindən idarə edilməsi xidmət keyfiyyətinin aşağı səviyyədə olmağına səbəb olur. Burada rəqabət yoxdur”.

Ekspert deyir ki, nə qədər ki, nəqliyyatda gəlir güdüləcək, bir o qədər də bu sahə başdan-başa problemlərlə dolu olacaq:

"Əgər bu sahə düz işləmirsə, əksər sahədə çalışanlar böyük problemlərlə üzləşir. Tələbələr, müəllimlər, işçilər birbaşa bu sahəyə bağlı olduğu üçün yaranmış problemlər ondan istifadə edənlərin gündəlik iş prinsipinə birbaşa təsir edir. Bakı şəhərinin nəqliyyat sistemi donursa, o zaman şəhər donmalıdır. Birinci növbədə, bu sahədə gəlir güdülməməli, iş görülməli idi.

Heç bir ölkədə marşrut xətti almaq üçün külli miqdarda rüşvət verilmir. Hər bir ölkənin təcrübəsində sərnişinnəqliyyat çox gəlirli sahə kimi nəzərdə tutulmayıb. Sadəcə burada çalışanlar gündəlik xərclərini çıxarırlar. Bakıda kimin çox pulu və adamı varsa, marşrut xətti alır. Dərhal da qarşısına plan qoyur ki, bu pulu bir ilə çıxartmalıdır. Bu mümkün olan şey deyil. Bu gün daşıma ilə məşğul olan şirkətlər düşünürlər ki, aldıqları 5 maşının hesabına bir ildən sonra daha 5 maşın almalıdırlar”.

Ekspertin fikrincə, həm təhlükəsizlik baxımından, həm də xidmət sahəsində sərnişinnəqliyyatda köklü ilahatlar aparılmalıdır:

"Bu sahə rəqabətli olsa, daima bu sahədə monitorinq olsa, cəzalandırma olsa, inkişaf da olar. Bu sahə təkcə bir şirkətə verilməməlidir”.

Əslində, indi nəqliyyatda mövcud problemlərin həlli üçün çalışanlar ya təcrübəsiz və yarıtmazdırlar, ya da onların bir məqsədi var – dövlət büdcəsindən pul oğurlamaq. Buna misal olaraq, bir vaxtlar yeni qurulmasına baxmayaraq işləyən, indi isə lazımsız quruma çevrilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzini göstərmək olar:

"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradıldı, avadanlıqlar gətirildi və quraşdırıldı. Bu sahə sonradan Bakı Nəqliyyat Agentliyinin nəzdinə verildi, onlar isə prosesi başa çatdıra bilmədilər. Bu sistemin quraşdırılması nəqliyyatda hər şeyin qüsursuz olması demək idi. Məsələn, hansısa yolda tıxac olarsa, dərhal avtomatik olaraq sürücülərə alternativ yol göstərilirdi. Bir növ hər şey saat mexanizmi ilə işləyəcəkdi.

Əgər Bakı yolları tıxacdırsa, təmirdədirsə, avtobus "20 yanvar” metro stansiyası yaxınlığındadır. İndi NİİM-in sistemində göstərilir ki, oradakı avtobus Biləcəri dairəsinə 5 dəqiqəyə çatacaq. Yaxşı indi haradadır o imkan ki, həmin avtobusu göyə qaldırıb tez gətirsin? Ona görə də, kor-koranə olaraq büdcədən pullar xərclənməməlidir”.

Qeyd edək ki, sadə vətəndaşlar da, elə bu işə rəhbərlik edənlərin özləri də diqqətli və səmimi olsalar ekspertin fikirlərilə razılaşmalı olacaqlar. Çünki informasiya texnologiyalarının inkişafı dövründə bütün strukturlar ümumdünya şəbəkəsində görünməyə can atır. Bakı Nəqliyyat Agentliyi isə deyəsən yenilikləri sevmir. Bu səbəbdən sərnişinlər sadə olmayan nəqliyyat vəziyyəti ilə tanış olmaq məsələsində məmurlarla ancaq 141 qaynar xətti ilə əlaqə yarada bilirlər.

BNA avtobus dayanacaqları məsələsində isə günahı Bakı şəhər İcra Hakimiyyətinin üstünə atır. İndi Vüsal Kərimli Hacıbala Abutalıbova sözünü keçirə bilmirsə, bunun cəzasını insanlar çəkməlidir? Aralarında küslük varsa, bəlkə insanlar yığışıb onları barışdırmalıdırlar? Xeyr, sadəcə məsələnin aydın görünən tərəfi budur ki, məmurlar çörəkli yer uğrunda didişir, sadə vətəndaşlar isə əziyyət çəkir.

BNA-da hamının danışdığı söhbətə görə isə Bakıda marşrut xətlərinin sadəcə "Bakubus” şirkətinə verilməsi üçün Vüsal Kərimli bütün əlaqələrini işə salıb. Nəticədə isə daha çox pul qazanılsın deyə qısa və tranzit marşrut xəttlərindən istifadə edərək insanlar soyulur. Nəqliyyatın optimallaşdırılması adı altında vacib marşrut xətləri ləğv edilir, nəticədə sərnişinlər ikiqat xərcə düşürlər.

Məsələn, mətbuat yazır ki, bir müddət öncə "14” nömrəli marşrutun son dayanacağı "Xətai” metro stansiyasından "28 may” metro stansiyasına dəyişdirilib. Metropolitendən istifadə etmədən "Xətai” metrosuna getmək istəyən sərnişinlər üçün və eyni zamanda "Xətai”dən "28may”a getmək istəyənlər üçün bu optimal marşrut idi. İndi sərnişinlər aztutumlu "32” və "4” nömrəli avtobuslardan istifadə etmək məcburiyyətində qalacaqlar. Deməli, bu marşrutlar dolacaq. Ya da ki, sərnişinlər metropolitenin xidmətindən istifadə etmək məcburiyyətində qalacaqlar. Bu isə zaman itkisidir. Çünki "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatarlar 10 dəqiqəlik intervalla işləyirlər. Eyni zamanda stansiyadan stansiyaya keçmək, qatara minmək də, 5-10 dəqiqə əlavə vaxt deməkdir.

Müqayisə üçün başqa aspektdən baxaq. Nəqliyyat Nazirliyi dövründə də avtobus dayanacaqlarında sərnişin sıxlığı müşahidə olunurdu. Lakin o vaxt iri və orta tutumlu avtobuslar çox olduğu üçün dayanacaqda o qədər də gözləməli olmurduq. Lakin indi PİK saatlarda "BakuBus” avtobuslarını yarım saat, hətta 45 dəqiqə gözləməli oluruq. Nəticədə avtobus dayanacağa yaxınlaşır. Lakin basabas olduğu üçün qabaq qapı açılmır. Yenə də bir o qədər avtobus gözləməli oluruq. Demək yenə də problemlər nəinki həll olunur, hətta vəziyyət daha da gərginləşir.

Elə bunu nəqliyyat mütəxəssislərinin özləri də təsdiqləyir. Uzun müddət nəqliyyat sahəsində çalışan Elçin Nəsirov deyir ki, hazırda taksi və avtobuslara nəzarət əvvəlkindən də pisdir. O, bunu belə izah edir:

"Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Nazirliyinin müvafiqqqurumundan fərqi nə oldu?! Sadəcə idarəetmə mərkəzinin adı dəyişdirilib. Bakı şəhərində sərnişin daşıma ilə məşğul olanlara fərqlənmə nişanı verilməlidir. Baxırsan ki, fərqlənmə nişanını taksi fəaliyyətinə görə alıb, lakin maşınında 8-9 yer var. Bu da artıq avtobusların işinə maneçilik törədir. Bu da əsasən rayon ərazilərində problemlər yaradır. Ən azı sərnişinlər daha obyektiv bilirlər ki, bu sahədə heç nə dəyişdirilməyib. Əvvəl sahibkar idi, indi bir şirkət gətirir. Amma burada problemlər tam həll edilməyib.

Məsələ ilə bağlı BNA-ya müraciət etdikdə isə məsuliyyətdən yayınmaq üçün ya sahibkarları günahlandırırlar, ya da sürücüləri işdən qovurlar. Bir marşrut xəttində işləyən sürücü oradan qovulur, bir müddət sonra gedib başqa xəttə işləyir. Yenə də vəziyyət dəyişməz qalır”.

Adının çəkilməsini istəməyən sürücü deyir ki, əslində görülən tədbirlər xidməti yüksəltmək üçün deyil, onlardan daha çox gəlir götürmək məqsədi güdür:

"Əvvəllər "BakuBus” avtobusunu sürmək üçün müraciət edirdik. Rahat işə girmək olurdu. İndi ora işə girmək üçün pul tələb edirlər. Adını da təlim pulu qoyublar. Əvvəlcə maaşı bir məbləğ deyirlər, işə başlayandan sonra isə məvacibi az verirlər”.

Bu yerdə kiçik haşiyə çıxmağın zəruriliyi var. Çünki baş verənlərə diqqətlə yanaşsaq, görərik ki, BNA-nın hər hansısa marşrut xəttini bağlamaqda marağı başqadır. Bağladığı xətti hansısa səbəbdən bir gün keçməmiş açır. Təbii ki, buna misal olaraq 2016-cı ilin iyun ayında bağlanan "18” və "96” saylı marşrut xəttlərini göstərmək olar.

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə ləğv olunmuş "18” və "96” saylı marşrut xətləri fəaliyyətini bərpa edib. Maraqlıdır ki, bu marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar veriləndən sonra tərəflər arasında ciddi qarşıdurma yaranmışdı. Belə ki, "Xaliq Faiqoğlu” MMC-nin direktorunun müavini Fizuli Sadıqov mətbuata açıqlamasında bildirmişdi ki, BNA bu addımı "BakuBus” MMC-nin işini asanlaşdırmaq üçün atıb:

"İllərdir "18” saylı marşrut xətti ilə bizim avtobuslar hərəkət edirdi. Bakı Nəqliyyat Agentliyi həmin marşruta "BakuBus”ın "7” saylı avtobuslarını buraxdı. Bundan başqa, "96” saylı marşrut xətti də bizə məxsusdur və illərdir fəaliyyət göstərir. Yenə də həmin marşruta "BakuBus”ın 14 saylı avtobusları buraxıldı. "BakuBus”a məxsus 2 saylı marşrut xətti üçün bizim 65 saylı marşrut xəttini sıradan çıxardılar. Səbəb bəllidir: biz "BakuBus” MMC-nin pul yığmağına mane oluruq. Düşünmürlər ki, avtobusların alınmasına milyonlarla pul xərcləmişik. Düşünmürlər ki, şirkətimizdən yüzlərlə insan ailəsinə çörək pulu aparır. İndi də "BakuBus” pul yığa bilmir deyə düşüblər şirkətlərin canına. Məqsəd odur ki, bazarda sırf "BakuBus” qalsın. Halbuki, biz bütün tələbləri çoxdan yerinə yetirmişik, hətta "BakuBus” fəaliyyətə başlamamışdan. Təkcə kart sisteminə keçid üçün 421 min dollar xərc çəkmişik”.

F. Sadıqov qeyd etmişdi ki, sözügedən qərar qəbul olunduqdan sonra 200 sürücü işsiz qalıb. Həmin sürücülər hətta etiraz aksiyası da keçirib və işə bərpa olunmasını tələb ediblər.

Həmin gün BNA-nın cavabı özünü gecikdirməmişdi və "Xaliq Faiqoğlu” MMC ilə bağlı əllərində digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri olduqlarını iddia etmişdilər. Lakin daha sonra hansısa sehrli çubuq o şikayətləri "aradan qaldırdı”, BNA və "Xaliq Faiqoğlu” MMC arasında soyuq "müharibə” bitdi və münasibətlər "dostluq”la əvəzləndi.

Çox qəribədir ki, baş verənlərdən sonra BNA-yi yenə də hansısa qüsur olduqda qürurla deyir ki, bu daşıyıcını və şirkəti cəzalandıracağıq. Məsuliyyəti isə atmağa yaxşı yer tapıblar – sahibkarlar.

Sahibkarlar isə öz növbəsində tətbiq edilən vergidən, onlardan tələb olunan təmir, hər bir avadanlıqla təchiz edilən avtobusların baha olmasından şikayətlənir. Bundan başqa, sərnişin daşıma ilə məşğul olan sahibkarlara yaradılan əlavə problemlər də göz açmağa imkan vermir. Keçilməz Bakı yollarında xarab olan avtobus və dəyən ziyan. Bundan əlavə, hələ bir çox sahibkar yeni gətirilən avtobusların şişirdilmiş kreditlərini ödəməkdən də çətinlik çəkir.

Əslində mövcud problemlərdən daha çox danışmaq olar. Çünki Bakı nəqliyyatında problemlər çoxdur, getdikcə də azalmaq yerinə artır. Həll etməli olan məsul idarə və şəxs, yəni Bakı Nəqliyyat Agentliyi və Vüsal Kərimli isə ictimaiyyətdə biz işləyirik imici formalaşdırmaq üçün mətbuatı "press-reliz” atəşinə tutub. Əslində, düz deyir: İşləyirlər, ancaq kağız üzərində!