backend

İşıq limitini cəmi bir həftəyə bitirirlər

İşıq limitini cəmi bir həftəyə bitirirlər
















“Azərişıq” və “Azəriqaz” sərfiyyatın artma səbəbini izah edə bilmir, əhali çaşqınlıq içindədir

Diferensial tarif sisteminin tətbiqi ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti “Bizim Yol”a məlumat göndərib. Məlumatda diferensial tarif sisteminin tətbiqi ilə bağlı izahat verilib.
Əvvəlcə Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsinin aparıldığı və diferensial tariflərin tətbiqinin qərarlaşdırıldığı xatırladılır. Bildirilir ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kVts-dək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Çox sadə: 250 kVts-ni 7, bundan artığını 11 qəpiklə hesablayın

Sonra istehlakçıların çoxsaylı müraciətlərini nəzərə alaraq ölkədə yeni diferensial tarifə keçidlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidməti məsələyə aydınlıq gətirmək üçün nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırıb.

Diferensial tarifin hesablanma qaydasının izahı üçün nümünə mərhələlərlə verilib.
1) Ilk olqaraq sayğacın sərfiyyatının oxunma gün sayı hesablanır.
13.12.2016 (Son göstərici oxunma tarixi)
- 10.11.2016 (Əvvəlki göstərici oxunma tarixi)
= 33 gün
13 gün dekabr
20 gün noyabr
2) Iki period arasındakı elektrik enerjisinin sərfiyyatı hesablanır.
1000 kvts (Son göstərici)
- 564 kvts (Əvvəlki göstərici)
= 436 kvts
3) Iki period arasındakı enerji sərfiyyatı gün sayına bölünərək 1 günlük sərfiyyat tapılır.
436 kvts/33 gün = 13,21 kvts
1 günlük sərfiyyat = 13,21 kvts
4) Diferensial tarif 01/12/2016 tarixindən tətbiq olunduğu üçün 30/11/2016 noyabr tarixinədək olan sərfiyyat aylıq təyin edilən 250 kvts limitdən artıq olsada həmin ay ərzində sərfiyyat 0,07 azn-dən hesablanır. Əgər dekabr ayında sərf edilən enerji miqdarı 250 kvts-dən çox olarsa, 250 kvts-dən çox olan hissə 0.11 azn-dən hesablanacaq.
Göstərilmiş nümunəyə uyğun olaraq hesablama aşağıdakı kimi aparılır.
Dekabr ayında gün sayı=13 gün
13 gün*13.21 kvts = 171,75 kvts
171.75 kvts < 250 kvts (aylıq limit)

Abonentlərin iradı yeni qiymətdən çox, sərfiyyatın artmasınadır

Zatən oxucuların şikayətləri, bizim araşdırmalarımız diferensial tarif sisteminin tətbiqində hesablamaların düzgün aparılmadığı üzərində fokuslanmayıb. Sərfiyyatla tarif arasında uyğunsuzluğu oxucular irad bildirsələr də, daha çox narazılıq heç bir səbəb olmadan sərfiyyatın artmasına görədir. Araşdırmalarımızın birində vətəndaşın yanvar-fevral və noyabr-dekabr ayları üçün elektrik enerjisi sərfiyyatını müqayisə etmişdik. “Azərişıq”-dan təqdim olunan bildirşlərə əsasən iyun ayında sərfiyyat 334 kVts təşkil edib, iyul ayında 368 kVts, avqust ayında 420 kVts olub. Sentyabrda sərfiyyat 491 kVts-yə qalxıb. Halbuki, yaz-payız aylarında elektrik enerjisindən istifadə bəlli səbəblərdən dolayı azalır. Oktyabr ayında sərfiyyat 382 olub. Amma noyabr ayında birdən-birə 538 kVts-yə qalxıb. Noyabr ayının 8-dən, dekabr ayının 8-dək olan sərfiyyat fantastik həddə çatıb - 693 kVts və ya 48,51 manat. Bildiriş məcburi köçkün abonentə məxsus olduğundan və məcburi köçkünlərə adambaşına 150 kVts normativ müəyyənləşdiyindən, abunəçiyə enerji sərfiyyatı hesablanmalıydı, dəyərin artmasının onlara aidiyyatı yoxdur. Bununla belə, 4 nəfərlik ailə aylıq normanı aşmış görünür. Halbuki heç ilin ən soyuq ayı olan yanvar-fevralda da təyin olunan norma keçilməyib. Fevral ayının bildirişində sərfiyyat 563 kVts-dir.

Tarif Şurası limiti nəyə əsasən müəyyən edib?

“Azərişıq” ASC-dən bildirilib ki, indiyə qədər əhali istehlakçı qruplarının, məişət abonentlərinin 72-75 faizinin aylıq sərfiyyatı 250 kVts-dən azdır. Ancaq yeni ildən sonra təzədən təhlillər aparılacaq ki, görsünlər abonentlər enerjidən qənaətlə istifadə etdikdən sonra sərfiyyat nə qədər olacaq. Bu, 250 kVts limit məsələsinin heç bir hesablaması, heç bir əsası yoxdur. Və abonentlərin sərfiyyatı statistikasının yenidən təhlil ediləcəyi barədə söylənən fikir onu deməyə əsas verir ki, təyin olunan limit “havadan” götürülüb. “Levıy” sərfiyyat - yəni qanunsuz xəttə qoşulma yoxdursa, şəhər yerində sərfiyyat 4 nəfərlik bir ailədə ortalama 400-500 kVts-dir. “Azərişıq”dan deyiblər ki, “250" rəqəmini ASC təklif etməyib, onu Tarif Şurası müəyyənləşdirib. Bəs Şura nəyə istinadən bu rəqəmin üzərində dayanıb? Axı ortada enerji təchizatı şirkətinin bir hesabatı, hesablamaları, statistic rəqəmləri olmalıydı ki, Şura da ona istinad eləsin.

Artıq abionentlərə bildirişlər gəlib və qəbzlər göstərir ki, nəinki qənaət var, əksinə “bədxərclik” artıb. Sanki camaatın bir əli gecə-gündüz elektrik cərəyanına qoşuludur. Bütün bunları uydurmuruq, rəqəmləri, qəbzləri də “havadan” almırıq. Oxucularımız bir qəbz paylaşsınlar ki, aylıq sərfiyyat xərci 17.50 manat tutsun. Feysbuk istifadəçilərimizin paylaşdıqları ən aşağı sərfiyyatın dəyəri bundan yüksəkdir.

Balaca ev aylıq 380 kVts sərf edirsə, 72% 250 kVts ilə necə dolanir?

Yenə səhifəmizdə bildirişlərini bizimlə bölüşən oxucuların bəzilərinə istinad edəcəyik. Seymur İbrahimova bildiriş axırıncı dəfə ayın 14-də gəlib. Iki həftəyə 307 kVts elektrik enerjisi işlədib. Bu da 27.63 manat pul tutub. Qəbzi paylaşıb. Yəqin növbəti iki həftədə sərfiyyat 600-ü keçər.
Fakiz Nəcəfova dekabrın 12-də 107.66 manatlıq hesab gəlib. 1460 kVts elektrik enerjisi sərfiyyatı olub. Bu, oktyabrın 5-dən dekabrın 12-nə olan dövrü əhatə edir. Əvvəldən də 101.50 manat borcu qalıb. 1323.5 kVts 7 qəpikdən (92.65 manat), 136.5 kVts isə 11 qəpikdən (15.01) hesablanıb. Yazır ki, evdə qaz yoxdur, noyabrın axırından iki qızdırıcı yandırırlar.

Sabina Anri yazıb ki, yaşadığı balaca evdə sərfiyyat 380 kVts-ni kecir, bəs nece olur ki 72 faiz əhali 250 kVts ilə dolanir?

Bəhruz Paşayevin sayğacı ən son 2020 kVts sərfiyyat göstərib. Amma dediyinə görə sayğac 7 qəpikdən hesablayıb, son nəticədə 141 manat pul tutub. 11 qəpikdən hesablanmadığına sevinir.
Səbinə Quliyevaya da 65 manatlıq qəbz gəlib, işıq pulunu necə ödəyəcəyini bilmir.
Magirus Rand ləqəbli internet istifadəçisi də 78 manatlıq bildiriş aldıqlarını yazıb.
44.74 manatlıq hesab gələn Vüqar Hacıyev də öz qəbzini paylaşıb. Deyir, nə qədər zəng eləsə də qaynar xəttə cavab verən yoxdur.

Orxan Bayramovun yazdığına görə “8 günə kartda 30 manat qurtardı. Həqiqətən şokdayam, hansı hesabla qurtarıb, hələ də mənə aydın deyil”.

Toma Nur bir həftəyə 25 manat pul odədiyini söyləyib.

Sərxan Məmmədovun iddiasına görə də adətən ona 25 manatlıq qəbz gəlirmiş, bu ay bitməmiş 48 manat olub.

Yal Quzag nikli oxucu da deyir ki, onların evində limit cəmi bir həftəyə bitib.
Taciman Xeyrullayev tək yaşadığını, sayğacın bir həftəyə 20 manat yazdığını söyləyib.
Kelviş Kelvih ləqəbli istifadəçi yazıb ki, onlara ayın 13-də 30 manatlıq hesab gəlib, artıq 250 kVts-ni keçib.

Azin Abutalıb deyib ki, aylıq stabil 50 manat hesab gəlirmiş, bu ay 147 manat olub.

Smart kartdan da pul sel kimi gedir...

Şəhriyar Məmmədovun bildirdiyinə görə, elektrik enerjisinin tariflərinin bahalaşması rayon yerində 100 evdən 5-6-na təsir edirsə, qaz 100 evdən yalnız 3-4-nə təsir etmir. O, qaz limitinin azlığından şikayətlənir. Burdan anlaşılır ki, rayonlarda daha çox qaz istifadə edirlər.

Şahin Vəliyev də haqlı sual verib ki, “qazın kub metri 10 qəpikdir, bəs niyə 1500 kub metr 150 manat deyil, 100 manat tutur”?

Gülü Miriyeva da deyir ki, “əvvəl necə işlədirdiksə, indi də heç nə dəyişməyib, yenə eyni həcmdə sərf edirik, amma məbləğ dəyişib. Buna qədər 15 günə 10 manat gedirdisə, indi bir həftəyə bitir”. Yəqin ki, bu, qaza aiddir, çünki buna qədə də belə şikayətlər almışıq.

Ulya Aliyeva da şübhələrini bölüşüb: “Vallah elə bil əvvəllər 10 manatlıq kart çox gedirdi. İndi isə davam gətirmir.Yəni ki, indiyədək heç qənaət eləmirdik, amma indi nə qədər qənaət edirəmsə də, işıq elə bil axır. Çaşıb qalmışam”.

Oxuculardan biri məsləhət görür ki, “sayğacınızın hər ay axır göstəricisini mütləq qeyd edin, hətta ehtiyat üçün şəklini çəkib saxlayın. Bir də sayğacın istismar müddətinə baxın. İstismar müddəti keçmiş sayğac sərfiyyatı artıq göstərir”.

“Azərişıq” və “Azəriqaz” əsl bu söylənənlərə bir izahat verməlidir. Sərfiyyatın dəyərini elementar riyazi hesablamalarla da bilmək çətin bir iş deyil. Abunəçilər əsas sərfiyyatın artma səbəblərini öyrənməyə çalışırlar.