backend

Füzulinin icra başçısından İlham Əliyevə şikayət

Füzulinin icra başçısından İlham Əliyevə şikayət














Füzuli rayonu, Horadiz şəhər sakini Rzayev Qalib Telman oğlu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb

Bir surəti də Politika.Az-a ünvanlanan müraciətdə rayon rəhbərliyindən şikayət edilir. Vətəndaş öncə İ.Əliyevə 14 noyabr 2016 – cı il tarixdə Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 3 milyon manat pul ayrılması haqda sərəncamına görə minnətdarlığını ifadə edir.

Daha sonra yazır: “Cənab Prezident, ayrılan pul həyat şəraitimizin daha da yaxşı olması üçün, bizim həyatımıza abadlıq, rahatlıq gətirmək əvəzinə, bəzi iş yarıtmaz kiçik məmurlar tərəfindən bunun əksi başımıza gəldi. Belə ki, həyətimizdəki yaşıllıqlar məhv edildi, bu il sizin tapşırdığınız baramaçılığın və ipəkçiliyin inkişafı üçün mövcud tut ağaclarının qorunması və yenilərinin əkilməsi əvəzinə tut ağacları kökündən kəsildi, dünyada və Azərbaycanda maliyyə sıxıntısı olan bir dövrdə cəpərlərimiz dağıdıldı, bəzilərimizin bu çətin zamanda yenidən tikə bilməyəcəyimiz həyətyani tikililərimiz dağıdıldı. Hansı ki, orada sakinlər ailə büdcəsinə kömək ola biləcək toyuq-cücə, müxtəlif ev quşları saxlayırdı. Cənab Prezident, bunlarla bağlı 08 dekabr 2016-cı il tarixdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının yanında olmuşam.

İcra başçısı iş icraçılarına dağıdılmış çəpərimizin düzəldilməsini tapşırıb (təəssüflər olsun ki, kəsilmiş ağacları bərpa etmək mümkün deyil). Ancaq bu günə qədər bizə vurulmuş ziyan bərpa olunmayıb. Ola bilsin ki, Sizə müraciət etdiyimə görə, bu şəkilləri (şəkillər əlavə edilir-red.) göndərdiyimə görə daha da cox hücümlara, ziyanlara məruz qala bilərəm. Ancaq mən inanıram ki, Siz hər bir Azərbaycanlının Prezidentisiniz və sizə haqlı müraciət edən vətəndaşların tərəfindəsiniz”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.