backend

Astara təhsilində şok korrupsiya faktları

Astara təhsilində şok korrupsiya faktları












Astara şəhər sakini Həsənov Rəşad Əlövsət oğlu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb

Müraciətinin bir surətini də Politika.Az-a göndərən vətəndaş Astara rayon Təhsil Şöbəsinin müdirinin qanunsuz əməllərindən şikayətlənir: “Bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmişəm. Müraciətlərimin hamisi baxılması üçün Təhsil Nazirliyinə göndərilib.Yazdığım məktublar korrupsiya araşdırma predmeti olmasına baxmayaraq, Təhsil Nazirliyinin aidiyyəti üzrə vəzifəli şəxsləri hələdə həmin məktubları araşdırılması üçün Baş Prokurorluğa göndərmirlər.

Astara Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovanın barəsində əvvəlllər göstərdiyim faktlara əlavə olaraq təkcə onu qeyd etmək bəs edir ki, Astara rayonunda kənd məktəblərini istiliklə təmin etmək üçün şagirdlər odunu evlərindən gətirirlər. Bundan əlavə, 2016-cı ilin yeni tədris ilində Qurban bayramı ilə əlaqədar verilmiş istirahət günlərinə görə müəllimlərin maaşları tutulub. 2016-cı ilin oktyabr ayında fənn kabinetlərinə görə ödənilcək pul məbləği ödənilməyib. Təhsilin bir növü olan fərdi təhsilə (saglamlığı məhdud olan uşaqlar üçün) görə oktyabr ayı üzrə müəllimlərə əmkhaqqı məvacibi ayrılmayıb. Sağlamlığı məhdud olan yuxarı sinif şagirdləri üçün dərslər planlaşdırılarkən dərslər qeyri-ixtisas müəllimlərinə həvalə edilir. Əgər Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılcaqsa, mən müvafiq sənədi təqdim etməyə hazıram”.

Şikayətçi həmçinin qeyd edir ki, informatika dərsləri əksər məktəblərdə qeyri ixtisas müəllimlər tərəfindən keçirilir: “Onların da bəzilərinin kompyuterdən praktiki vərdişləri yoxdur. Ümumiyyətlə kompyuter otaqlarında bu cihazlar müzey eksponatı kimi qorunub saxlanılır. Şagirdlər uzaqdan-uzağa kompyuterlərə baxmaqla kifayətlənirlər. Dövlət başçısının hərtərəfli qayğısı ilə əhatə edilmiş və milyonlarla pul ayrılmış Astara təhsili niyə Qızbəs Məmmədovanın sayəsində orta əsrlər dövrünün qanunları ilə yaşamalıdır? Heç kim unutmamalıdır ki, korrupsiya qarşı mübarizə Prezidentimizin siyasətidir. Hətta sonum ölüm olsa belə, mən bu siyasəti dəstəkləməyə hazıram.

Qızbəs Məmmədovanın qanunsuz əməlləri barədə etdiyim şikayətlərdən biri də onun məndən Astara şəhər məktəbinə hərbi müəllim kimi işə düzəlməyim müqabilində 3000 manat pul istəməsi olub. Qızbəs Məmmədova həmin pulun 2000 manatının Təhsil Nazirliyinə, 500 manatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Astara şöbəsinə, 500 manatının isə onun özünə çatacağını bildirib. Mən isə həmin pulu verməkdən imtina edərək şikayət etdim və Qızbəs Məmmədova da güya ki, onun şərəf və ləyaqətini alçaltmışam deyib məni məhkəməyə verib mənə qarşı 5000 manat iddia irəli sürdü. Məgər Qızbəs Məmmədovanın tələb etdiyi rüşvəti verməmək onun işgüzar nüfuzunu aşağı salır? Belə çıxır ki, Qızbəs Məmmədovanın rüşvət tələbini itaətlə yerinə yetirməli idim. Ancaq şikayətlərimə baxılmaması məndə elə təəsürat yaradır ki, bundan sonra kim rüşvət tələb etsə, mən sakitçiliklə yerinə yetirməliyəm”.

Vətəndaş prezident İlham Əliyevdən xahiş edir ki, onun səsinə səs verib Astara rayon Təhsil Şöbəsində baş verənlərin araşdırılmasına göstəriş versin.