backend

Övladları düşmən qabağında olanlar “milli çıxdaş” ola bilməz — Zahid Orucdan "otxod" məsələsinə cavab

Övladları düşmən qabağında olanlar “milli çıxdaş” ola bilməz — Zahid Orucdan "otxod" məsələsinə cavab












Astan Şahverdiyevin qaçqınları narkoman, nəşələnmiş adamlar deməsi və Rusiyada yaşayan və işləyən həmvətənlilərimizi "otxod" adlandırması ölkədə müzakirə mövzusuna çevrilib.

Millət vəkilinin səsləndirdiyi fikrə müxtəlif səviyyədə sərt reaksiyalar gəlib. Rusiyada yaşayanlar azmış kimi, ruslar özləri də bunu öz dövlətlərinə qarşı təhqir hesab ediblər və sosial şəbəkələrdə məsələni müzakirə ediblər. Baş verənlərlə bağlı millət vəkili Zahid Oruc fikirlərini Ölkə.Az üçün almağa çalışdıq:

"Baş verən hadisənin siyasi gündəmdə önəmli mövzuya çevrilməsi bizi mühüm beynəlxalq hadisələrin dəyərləndirilməsi imkanından xeyli uzaqlaşdırır və sanki məhəlli problemin hesabına informasiya məkanımız aşağı dərəcəli diskussiyaların meydanına çevrilir.Görün, indi biz hansı sualı dəyərləndirmək məcburiyyətində qalmışıq-xalqın içərisində çıxdaş edilməli qruplar var, yoxsa yox? Halbuki, Yaxın Şərqin taleyinə baxanda, qardaş Türkiyənin son illər terrora qarşı verdiyi savaşa diqqət yetirəndə, yaxud Birləşmiş Ştatların yeni seçiminin nəticələrindən bəhs edəndə qeyd etdiyiniz açıqlama nəinki parlament üzvünün, eləcə də ictimai firkə çıxan adamların heç vaxt leksikonuna gəlməz. Çünki dünyadakı mövcud konfliktlər hamını-əhalinin bütün təbəqələrini təhlükə qarşısında qoyub. Ona görə də belə cari müzakirələr bizi strateji işimzdən, dünyaya adekvat siyasi mühit quruculuğundan kənar qoymalı deyil. İnformasiya fəzası özünə uyğun də auditoriya yarada bilər və bu yaxşı tendensiya deyil.

Ona görə də sualınıza cavabım kimsə “həmkar” statusunda fikirlərinə qiymətdən çox uzaqdır. Tutalım oxşar davranışa partiya başçısı, yaxud sənət, hətta yazıçı-qələm adamı malik olur, onda biz ona reaksiya verməyəcəyik. Yəni, burada kollektiv məsuliyyət qoyub bütün parlamentin ayaqlanması çox yanlışdır.

Biz Rusiyada olan hər kəsi təşkilatlanaraq mühüm hədəflər uğrunda-Dumadan mühüm maliyyə-bank sektoruna qədər, təmsilçiliyə çağırarkən onların hər birinə dəyərli soydaşlarımız kimi yanaşırıq. Məgər adi təsərrüfat işçisi siyasi təhlilçilərdən daha aşağı ictimai statusa malikdir? Xeyr, əsla. Traktorçu da, zavod fəhləsi də, ticarət köşkü arxasında fəaliyyət aparan da milləti təşkil edən və onun gücünü, qüdrətini yaradan qüvvələrdir. Siz çaylardakı daşlara kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, çaylaq daşı kimi baxaraq onlardan istifadə etdiyiniz kimi, dövlət də o insanlar üzərində qurulur. Hər bir əliqabarlı adamın dəyəri və mislisiz xidməti sayəsində Vətən qurulur. Qalstuk dövlətin mühərriki deyil və hamıya da onun gözündən baxmaq olmaz. Vaxtilə böyük Mustafa Atatürk ehtiyac içində olan insanlarla, əliabarlı şəxslərlə, geyimləri, libasları yuxarı elitadan olmayan böyük ordu ilə Türkiyə cumhuriyyətini qurmuşdu. Ulu öndər Heydər Əliyev də, qaçqını, köçkünü, çiy kərpicli evdə ziyarət edəndə, həmin qüvvələrə tərəfdarlar ordusu kimi baxırdı. Ötən on illərdə hazırki hakimiyyətin ən mühüm dayağı o insanlar olub. Bizim dövlətimizi quran kişi çadır evlərində köçkünü bağrına basanda, onların məhrumiyyətlərini bölüşməliyilə hər birinə insan-ali varlıq gözü ilə baxdığını hamıya nümayiş etdirirdi. Ona görə kimlərsə etiraz aksiyasına çıxıbsa, onları qanuna dəvət etmək olar, hətta polis oranlarına qarşı güc tətbi edilibsə onu pisləmək də yerinə düşər, ancaq vətəndaş meydana, küçəyə çıxıbsa onun fikirləri mütləq dinlənilməlidir. Ona adekvat reaksiyalar olmalıdır, təhlil edilməlidir".

Vətəndaşların narkoman, nəşəxor adlandırılması ilə bağlı Zahid Orucun fikirləri belə oldu: "Burada unutmalı deyilik ki, Avropa ölkələrinin çoxunda marixuananın müxtəlif növləri reseptlə apteklərdə satışdadır. Ancaq hər hansısa bir avropalı məmur buna görə insanları təhqir etmək, onları hansısa hüquqlarından məhrum etmək düşüncəsində deyil. Ona görə insanların sosial istəyinə, enerji ehtiyacına öz qaranlıq davranışlarını qatanlar müstəvini dəyişib adamların əməllərində antidövlət əməli düzəltməsinlər.

Ölkə sərhədlərini tərk edənlər haqqında səsləndirilən fikrə münasibət bildirən millət vəkili dedi ki, tarixi yaradan, quran, dövləti ərsəyə gətirən insanların hər birinin öz yeri var:

"Traktorçusundan, əliqabarlı adamlarından tutmuş, qələm fəhlələrinə qədər hər kəsin yerin eynidir. Adamları çıxdaşlara, artıqlara, ünsürlərə və digər kateqoriyalar böləndə reallıq ölçüsünü itirib mənəvi uçuruma gedirsən. Bir yazıçımız milləti təhir üzərində ermənilərlə sülh körpüsü qurmaq istəyərkən də oxşar mənzərə ilə qarşılaşdıq. Buna yol vermək olmaz. Çünki təmsil etdiyin insanları böləndə böyüklüyünü itirəcəksən, qətiyyən bölmək olmaz. Axı o adamların övladları səngərdə Azərbaycanın təhlükəsizliyini qoruyur. Bu millət ya Rusiyada çalışan, ya köçkünlük evində həyatını sürən balaları hesabına təhlükəsizliyə qovuşub. Xaricdə olanlar da maddi, mənəvi olaraq bizim böyük dayağımızdır. Azərbaycan təkcə yaşadığımız coğrafiyadan ibarət deyil. Azərbaycan özündən qat-qat böyükdür. Biz bunu deyəndə oradakı soydaşlarımıza lobbi qüvvələri, təsir qrupları və dilimizi, varlığımızı hifz edib qoruyan ocaq kimi baxırıq. Bizim fikirlərimiz, mədəniyyətimiz, fəaliyyətimiz o insanların hesabına irəliləyir. Biz sərhəddən çıxan, şimala gedən hər bir vətəndaşımızın üzərinə “ikinci sort” damğasını vuranda sabah Rusiya və digər ölkənin hüquq mühafizə orqanları həmin adamlara təbəə kimi baxmasın nə etsin? Biz əgər kimlərisə xor görürüksə, digər dövlətlərdən onlara hörməti necə tələb edə biləcəyik? Ona görə də, artıq məsələ bəllidir. Açığı, mənim üçün belə məsələləri şərh etmək üzücüdür. Siyasi elitada təmsil olunan adamlar hamısı fərqindədir ki, dövlət başçısı hər hansı bölgəyə səfər edəndə sadə vətəndaşla görüşür, onların əlini sıxır, səngərə gedir, Azərbaycan vətəndaşına yanaşır və bu millət uğrunda mübarizə apardığını göstərir. Düşünürəm ki, çox həssas dönəmlərdə, dövlətçilik əleyhinə deyil, sırf sosial xarakterli məsələləri önə gətirəndə buradan çıxarış edib adamları damğalamaq, mənsub olduğu millətin içərisində həqarətli cəhətlər axtarmaq yalnışdır. Bəzən öz millətini təhqir etmək hesabına üstün keyfiyyətlərindən danışanlar var. Onları natamamlıq kompleksinin daşıyıcısı hesab edirəm. Pafosa varmadan, bütövlükdə parlamenti yerdən-yerə vuraraq hər bir millət vəkilinin az qala bütün vətəndaşlarımıza, xalqın əleyhinə fəaliyyətə kökləndiyini düşününlər eyni səhvi təkrar etməyin, çünki millət üçün çalışan hər kəsin daxili mədəniyyəti, ədəbi, ərkanı, əqidəsi və bütün intellektual gücü xalqımızın uğurlu sabahına yönəlib. Nə qədər bəlagətli çıxsa da siyasi fəhləçilik edən adamlarımızı görməzdən gəlmək olmaz. Ona görə son hadisələri hamımız məsuliyyət siqnalı kimi qəbul etməliyik".