backend

Danışığını bilməyən deputatlar Milli Məclisə “ƏLVİDA” deyəcək - QANUNİ TƏLƏB

Danışığını bilməyən deputatlar Milli Məclisə “ƏLVİDA” deyəcək - QANUNİ TƏLƏB















Bu il bir çox deputatlar çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəldilər.

Son olaraq YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi "otxod” adlandırması bu məsələni bir daha gündəmə gətirdi.

ArdıncaHadı Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi ciddi ictimai qınağa tuş gəldi.

Hüseynbala Mirələmovun əhaliyə "az yeyin” deməsi isə bardağı daşıran son damla oldu.

Bu günlərdə YAP-dan olan deputatİqbal Məmmədovun da gənc qarovulçunu döyməsi barədə mətbuatda məlumat yayıldı. Lakin bu məqamda Astan Şahverdiyev daha böyük bir səhv buraxaraq həmkarını "xilas etdi” və İqbal Məmmədovun hərəkəti gündəmdə çox qalmadı. Maraqlı məqam odur ki, adları çəkilən bu deputatların hamısı Yeni Azərbaycan Partiyasındandır.

Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə.

Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.

Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.

Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma "əlvida” deməli olacaqlar.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Həmçinin bildirilib:

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Prezidentinə məlumat versin.

Bununla yanaşı Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli sənədlərin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək. (modern.az)