backend

Qarabağda şiddətli döyüşlər, Sarkisyanın yalvarışı, Putinin gəlişi və...

Qarabağda şiddətli döyüşlər, Sarkisyanın yalvarışı, Putinin gəlişi və...
2016-cı ili başa vurduq. Bu il dünya üçün siyasi kataklizimlərin yaşandığı dövr olaraq tarixə keçdi. Azərbaycanda baş verən siyasi proseslər də öz çəkisi və əhəmiyyətliliyi baxımından bu tarixin bir hissəsinə çevrildi. Xüsusilə Qarabağda “aprel müharibəsi” və qazandığımız qələbə ilin bizim üçün uğurlu tərəfləri ilə yadda qaldığını deməyə əsas verir.

Publika.az 2016-cı ildə Azərbaycanda baş verən siyasi hadisələri təqdim edir.


“Dördgünlük müharibə” və Sarkisyanın yalvarışları

1 aprel 2016-cı il: Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda səfərdə idi. Azərbaycan lideri bir sıra yüksək səviyyəli görüşlərlə yanaşı, bu ölkənin dövlət katibi Con Kerri ilə də görüşdü. Və ilk dəfə idi ki, Qarabağ münaqişəsi Ermənistan prezident Serj Sarkisyan olmadan müzakirə edildi. Halbuki, Ermənistan prezidenti də Vaşinqtonda idi.
Aprelin 2-də səhər saatlarında erməni diversiya qrupları Azərbaycana qarşı təxribat hücumlarına başladı. Və tarixə “dördgünlük müharibə” adı ilə düşən döyüşlər yaşandı.

Düşmən təxribatının qarşısını alan Azərbaycan Ordusunun əks həmləsi nəticəsində“Lalətəpə” yüksəkliyi, Talış və ətrafdakı bütün yüksəkliklər düşməndən azad edildi. Rəsmi məlumatlara görə, işğaldan azad olunan ərazilərin ümumi həcmi 2 milyon kubmetrdir.

Həmçinin, Lələtəpənin azad olunması Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq, Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək imkanını da yaratdı.

Ermənistan tərəfinin xahişi ilə Rusiya atəşin dayandırılması üçün vasitəçilik etdi və aprelin 5-də atəş dayandı. Bundan sonra diplomatik danışıqlar dövrü başlandı:

Müharibədən sonrakı danışıqlar və qaytarılacaq ərazilər

16 may, Vyana görüşü: aprel müharibəsindən sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri, həmçinin, münaqişə tərəfləri Vyanada görüşdülər. Bağlı qapılar arxasında keçirilən görüşün detalları ictimaiyyətə açıqlanmadı. Ümumi bəyanatlar qəbul edildi.

20 iyun, Sankt-Peterburq:növbəti görüşRusiyanın təşəbüsü ilə Sankt-Peterburqda keçirildi. Bu dəfə danışıqların detalları mediaya sızdı. Məlumata görə, Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir.

Ermənistan tərəfi nə qədər təkzib etsə də, ərazilərin qaytarılması məsələsinin gündəmdə olduğu məlum idi. Lakin sonrada Suriyada müharibəsinin ön plana çıxması, həmçinin, İrəvanda keçmiş döyüşçülərin qiyam etməsi danışıqların dalana girməsinə səbəb oldu. İlin sonuna kimi müxtəlif cəhdlər olsa da, prezidentlərin görüşü baş tutmadı. Hətta rəsmi Bakı Hamburqda görüşün keçirilməsini istəsə də, qarşı tərəf qeyri-konstruktiv mövqe sərgilədi. Münaqişə tərəfləri arasında ciddi hərbi toqquşma ilin sonuna kimi müşahidə olunmadı. Bəzi atəşkəs pozuntularını, həmçinin, münaqişənin həlli üçün danışıqların davam etdirilməsinə cədlərin edilməsini nəzərə almasaq, proses dalandan çıxmadı.

Bakıya gələn ermənilər

Bu müddət ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Bakı prosesi”nə strat verdi. Bir sıra erməni hüquq müdafiəçisi və jurnalist Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirtdi və açıq şəkildə işğalçı Sarkisyan rejiminin siyasətinə qarşı çıxdılar. Daha sonra Ermənistandan da bu prosesə qoşulanlar oldu. İrəvan rejimi həmin şəxsləri nə qədər təqib etsə də, bu, Ermənistan cəmiyyətində Qarabağın Azərbaycanın olduğunu və Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbinin məhz bu münaqişə olduğunu düşünənlərin sayının çoxaldığını göstərir.

Putin və Ruhani Bakının qonağı oldu
Avqustda Azərbaycan üçün ən mühüm siyasi hadisə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakı səfəri oldu.

Bakıda üçtərəfli formatın yaradılması, həmçinin, “Şimal-Cənub” nəqliyyat dəhlizinin başa çatdırılması kimi mühüm məsələlər müzakirə olundu.

Üçtərəfli görüş həm də siyasi aspektdən diqqət çəkirdi. Kreml regionda Azərbaycan, Türkiyə və İranın da olduğu yeni birliyin mümkünlüyü tezisini irəli sürür,Tehran Suriya məsələsində müttəfiq olduğu Moskva ilə eyni cəbhədən çıxış edir, Bakı strateji müttəfiqi olan Türkiyə ilə Rusiyanın əl tutuşmasından sonra bölgədə baş verən geosiyasi dəyişikliklərin iştirakçısı olmağı hədəfləyirdi.

Konstitusiyaya dəyişikliklər edildi

Sentyabr Azərbaycan üçün konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi ilə yadda qaldı. Lakin referenduma qədər bir sıra daxili siyasi proseslər də yaşandı.

Müxalifət referenduma etiraz adı altında siyasi səhnədə görünməyə başladı. Sentyabrın 11-də AXCP-nin liderliyi altında Milli Şura “Məhsul” stadionunda aksiya keçirtdi. 17 sentyabrda eyniadlı aksiya davam etdi. Heç bir aksiya baş tutmasa da, burada diqqət çəkən nüans radikal dindarların siyasi meydana atılması oldu. Hər iki mitinqdə “Allahu Əkbər” nidaları səsləndi. Lakin müxalifət iflasa uğradı. Sentyabrın 26-da keçirilən referendumda Azərbaycan xalqı konstitusiya dəyişikliyinə səs verdi: prezidentlin səlahiyyət müddəti artırıldı, həmçinin, prezidentliyə (35-dən 25-ə) və deputatlığa (25-dən 18-ə) yaş senzi aşağı salındı. Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı. Bununla yanaşı, insan hüquq və azadlıqlarının qorunmasında mühüm dəyişikliklər edildi.

Dailoq məkanı olan Azərbaycan

Sentyabr 29-da ayında Bakıda V Beynəlxalq Humanitar Forumu öz işinə başladı. Forumda “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” kimi mövzular dünyanın müxtəlif yerlərindən dəvət olunmuş ekspertlər tərəfindən müzakirə edildi.

“Hamımız qardaşıq” – Papanın səfəri

Oktyabrın 2-də isə Roma Papası Fransiskin Bakıya səfəri siyasi gündəmdə əlamətdar hadisəyə çevrildi. “Hamımız qardaşıq” şüarı altında baş tutan səgərdə Roma Papası Azərbaycandakı xristian icması ilə görüşlər keçirtdi. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitindən razılığını dilə gətirdi.

Bakıda münaqişələrdən danışan Papanın çıxışı xüsusilə diqqət çəkdi: “Bu cür təhlükəli meyllərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməliyik. Bu dialoqun aparılması üçün bütün işlərə səbirlə yanaşmalıyıq. Bu gün ahəngdarlıqdan söhbət gedirsə, dövlətlərarası əlaqələrdə də müdrik addımlar atmalıyıq. Çalışmalıyıq ki, insanların azadlığı bərqərar edilsin. Bu halda sülh təmin olunur. Azərbaycana gəlincə, səfərin ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Şərqin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.

Papa Prezident İlham Əliyevlə görüşdən sonra Şəhidlər Xiyabanına da baş çəkdi.

“Yol xəritələri”

Bu il Azərbaycan iqtisadiyyatının inkişafı üçün dövlət başçısı tərəfindən addımlar da diqqət mərkəzində oldu. Dünyadakı iqtisadi problemlər obyektiv səbəblərdən Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında yaranmış vəziyyətdən çıxış istiqamətində mühüm addımlar atıldı. Milli İqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin işlənib hazırlanması və tətbiqinə strat verilməsi buna ən bariz nümunə hesab oluna bilər. Ekspertlər də bu addımların bəhrəsini 2017-ci ildə hiss edəcəyimizi deyirlər.

19 il sonra bir ilk

Dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər gəldi. 19 il sonra baş tutan bir sıra aspektdən diqqət çəkirdi. Xüsusilə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əlaqələrin artırılması, həmçinin, hərbvi sənaye sahəsində əməkdaşlığın yüksəldilməsi kontekstində bu səfər olduqca əhəmiyyətli idi. Səfər zamanı bir sıra ikitərəfli mühüm sənədlərə imza atıldı, həmçinin, Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişəsi müzakirə edildi. Netanyahunun səfəri Ermənistanı və İranı ciddi şəkildə təşvişə saldı. İran Azərbaycanın israilə münasibətlərə lap əvvəldən qarşı çıxır. Ermənistan isə aprel döyüşlərində İsrail istehsalı olan silahların zərbəsindən hələ də ayıla bilməyib. Azərbaycan və İsrail arasında hərbi müqavilələrin 5 milyard dollar dəyərində olması isə düşmən ölkədə şok effekti yaratdı. Təsadüfi deyil ki, Ermənistan mediası “Azərbaycan və İsrail Qarabağı qaytarmağa hazırlaşır” manşetləri ilə çıxış etdilər.

Netanyahunun səfərindən bir gün sonra Rusiya Baş nazirini müavini, hərbi-sənaye kompelksinin kuratoru Dmitri Roqozinin də səfəri diqqət çəkdi. Bu səfər Bakının Rusiyanın Ermənistyana verdiyi “İsgəndər”lərlə bağlı izahat vermək istəyindən, eləcə də Rusiya ilə hərbi ticarət sahəsində əməkdaşlığı müzakirə etməsindən irəli gəlirdi.

Ermənistanın son təxribatı

İlin sonuna iki gün qalmış Ermənistan hərbi birləşmələri Azərbaycanla sərhəddə təxribata əl atdılar. Diversiya hücumu edən düşmənin qarşısı Azərbaycan Ordusui tərəfindən qətiyyətlə alındı. Ermənistan bir zabit və iki əsgərini itirdi. Azərbaycan Ordusunun bir əsgəri itkin düşdü. Hazırda şəhid olmuş əsgərimizin cəsədinin alınması istiqamətində iş aparılır. Bu Ermənistanın münaqişəsin həllində maraqlı olmadığını bir daha nümayiş etdirdi.

İli yenə silahlı toqquşma ilə başa vurduq...