backend

İcra başçısı idman meydançasını satıb

İcra başçısı idman meydançasını satıb

Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 21 ünvanındakı binanın idman meydançası satılıb.

Bu barədə məlumat verən sakinlərin sözlərinə görə, meydançanın yanındakı çardaq artıq sökülüb.

Aksiya keçirmək istədiklərini bildirən sakinlər əlavə ediblər ki, bütün baş verənlərin səbəbkarı rayonun icra başçısı Razim Məmmədov: “İcra başçısının göstərişi ilə idman meydançasında quraşdırılmış dəmir oturacaqlar, yelləncəklər və köşk (çardaq) qaynaqla kəsilərək yerə atılıb. Qeyri-iş günü olmasına baxmayaraq, əraziyə baxan 88 saylı MİS-in işçiləri ərazidə təmizlik aparırdılar. Bu, bizdə şübhə yaradıb”.

Sakinlər deyir ki, onların araşdırması zamanı yerin maşın dayanacağı tikmək istəyən naməlum iş adamı tərəfindən alındığı məlum olub. Şikayətçilərin sözlərinə görə, dəmir çardağı da məhz həmin şəxs sökdürüb: “Bu barədə lazımi orqanlara müraciət edəcəyik. Əgər bu işdə 88 saylı MİS-in əli varsa, yuxarı instansiyalara müraciət edəcəyik. Belə özbaşınalıq olmaz! Bu balaca məkan sakinlərin yeganə istirahət yeridir. Bunu da əlimizdən alıb iş adamlarına satmaq istəyirlər”.

Məsələ ilə bağlı 88 saylı MİS-in rəisi ilə əlaqə saxlamaq istəsək də, bu, mümkün olmadı. (aznews.az)