backend

Yavər Camalov dənizə darvaza qoyub-VİDEO

Yavər Camalov dənizə darvaza qoyub-VİDEO

"Bu da xuliqanlığın bir növüdür. Ya da bunu planlı şəkildə edirlər ki, camaatı ayağa qaldırsınlar"

Bir vaxtlar dənizə hasar çəkmək, darvaza qoymaq qeyri-adilik idi. Hətta ağılsızlıq kimi görünərdi. İndi isə bu ağılsızlıq dəb halını alıb. Xəzər sahilində hektarlarla torpaq sahələrini alan, zəbt edən məmurlar dənizə darvaza qoymaqda, hasar çəkməkdə bəhsə giriblər.

Bakının Türkan qəsəbəsində, dəniz sahilində belə darvazaların, hasarların sayı hər il artır. Artıq dənizə yol sadəcə yoxdur! Bu sarıdan şikayətləri eşidən dövlət qurumu, idarəsi də yox kimidir.

“...zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur”

Bir neçə gün əvvəl “Yeni Müsavat”a danışan Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl dəniz üzünə həsrət qaldığını demişdi: “Türkan qəsəbəsində dənizdən 220 metr məsafədə bağım var. Mən həmişə ailə üzlərimlə ora gedirdim. İndi oranı zəbt ediblər. Deyilənə görə, oranı zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur. Dənizə keçmək üçün yarım metr də olsa, yer qoymayıb, hər yeri hasarlayıblar. Bir metrə yer qoymayıblar ki, insanlar keçib dənizdən istifadə etsinlər. Bu çox biabırçı bir situasiyadır. Heydər Əliyevin vaxtında dənizin sahilinə 130 metr yaxınlaşmaq olmazdı. İlham Əliyevin zamanında isə bu məsafə 50 metrə çatdırıldı. Bunlar nə prezidentin fərmanını sayırlar, nə də ki, başqa bir şey. Bu da xuliqanlığın bir növüdür. Ya da bunu planlı şəkildə edirlər ki, camaatı ayağa qaldırsınlar. Təsəvvür edin ki, sizdən 200 metr aralıda dəniz yerləşir və siz ondan istifadə edə bilmirsiz. 20 ildir ki, mənim orada bağ evim var və dənizdən istifadə etmişəm. İndi isə həsrətlə baxa-baxa qalmışam. Onlar öz maraqları üçün hektarlarla yer alıb, dənizi də zəbt ediblər. Bunlar heç kimi saymırlar”.

“1 milyon verib, 2 milyon verib özü bilər”

Türkana yollanıb Rafiq İsmayılın üzləşdiyi problemlə baş-başa qalan qəsəbə sakinləri ilə görüşdük.

Kənd sakini Məhəmməd deyir ki, nazirlərin, komitə sədrlərinin Türkanda çoxsaylı bağları var: “Yavər Camalovun buradan bir başqa yerdə də bağı var. Bax bu 2 hektar torpağı elə qonşuluğunda vətəgəsi olan Balaqardaşdan alıb. 1 milyon verib, 2 milyon verib özü bilər. Biz kasıb camaatı onun kimə nə verməsi maraqlandırmır. Yavər Camalov buranı alanda qonşular sevindi ki, yola asfalt çəkirlər. Bağa rahat gedib gələrik. Bir də baxdıq ki, fəhlə-ustaları töküb bura. Dərin bir özül qazdılar. Bax burdan düz dənizin içinə qədər. Beton töküb üstündə də 5 metr hündürlükdə hasar çəkdilər. Dənizə gedən yola da iri darvaza qoyub bağladılar. Bu acgözlük, görməmişlikdir. Belə də yazın - ay nazir, ay adam bu camaat dənizə haradan getsin? Adam kişi olar, yol bağlamaz. Belə harınsan, pulun var, get ermənidən 2 hektar al. Görək bacararsan?"

“Adam ol da, yolu kəsmə”

1942-ci il təvəllüdlü Vladimir Viktoroviç Kudelin Türkana ilk dəfə 1966-cı ildə gəlib. Elə o vaxtdan da burada bağ salıb: “Biz Aleksandra İvanovna ilə ”Kimyaneftmaş"da işləmişik. Mən 46, həyat yoldaşım orada 40 ilə yaxın çalışıb. 66-cı ilin fevralında bizə buranı bağ sahəsi kimi vermişdilər. O dövrdə buralar çöllük idi. Canavar, çaqqal, dovşan dolu idi. İndi ancaq çaqqallar qalıb...

Biz dövrün xoşbəxt adamları idik. Ər-arvad çimərlik paltarında dənizə gedirdik. İndi yaşlaşmışam, gözlərim tutulub, infarkt keçirmişəm. Bu səbəbdən də mənə dəniz vannası daha çox lazımdır. İndi də gəlib yolumuzu bağlayıblar. Pis bilirsiz nədir? Bu adamları hökumət görmək istəmir. O adamlar ki, bu işi görürlər heç yaxşı adamlar deyil. Axı bu dünyanın malını özünüzlə aparmayacaqsız. Onlar bu hasarı çəkməklə burada yaşayanları mənim kimi kor qoydular. Siz yüksək vəzifəli ola bilərsiz. Acgöz olmayın! Bir parça torpaq qoyun da bu camaat da getsin dənizə. Villa tik, imarət tik, malikanə tik biz prokurorluq deyilik ki, səndən hansı pula tikdiyinin hesabını soraq. Amma adam ol da, yolu kəsmə. Bu yolu mən şəxsən düzəltmişəm. Onu da götürüb hasar çəkirsən. Allahdan qorxun, övladlarınıza bu qədər insanın lənətini qazandırmayın".

“Türkanda hakimiyyət orqanları yoxdur?”

V.Kudelin etiraz səslərinin prezidentə çatmadığını deyir: “Mən Aleksandr Kudelini kartof əkməyimin üstündə az qala həbs edirdilər. Deyirdilər ki, kartof əkib varlanmaq istəyirsən. Bu sovet dövrü idi. Telefon, yol yox idi. İndi bunlar var. Dünyanın o başında olandan bu başında xəbər tuturuq. Axı necə ola bilər ki, bu qədər insanın yolunu bağlayasan, sənin bəd əməlini də heç kim görməsin? Türkanda hakimiyyət orqanları yoxdur? Gözlərim tutulub deyə günümü radioya qulaq asmaqla keçirirəm.

“Krımda baş verənlər burada təkrarlana bilər”

İndi Krımda baş verənlər burada təkrarlana bilər. Orada da belə idi. Camaatın etirazlarını eşitmirdilər, görmürdülər. Yeni hakimiyyət gəldi və bütün harınların Qara dəniz sahilindəki yolu bağlayan malikanələrini buldozer qabağına verib başlarına uçurdu. Bizim yolumuzu bağlayan həmin o şəxsə deyirəm - vicdanınız olsun. Deməli siz insansız, biz isə insan deyilik? Sizin Allahınız var?"

“Siz də ora getməyin, buraxmayacaqlar”

A.Kudelin deyir ki, yeni varlı qonşuları dənizə darvaza qoyub və heç kimi ərazidən keçməyə imkan vermir: “Siz də ora getməyin, buraxmayacaqlar. Mühafizəçiləri var, qoymurlar. Bizim üzümüzə də darvazaları bağlayıb qoymurlar”.

Türkandakı bağ evində yaşayan Taleh Hüseynli isə deyir ki, nazir dənizə hasar çəkib darvaza qoydurandan sonra çimərliyə getmək üçün 4-5 kilometr yol qət etməli olurlar: “Bağa gəldin, dənizə getmədinsə, bağda nə işin var? Elə otur şəhərdə də. Biz indi elə bir vəziyyətə düşmüşük ki, bilmirik şəhərin istisindən, his-pasından, toz-dumanından başımızı götürüb hara gedək? Əvvəllər 200-300 metr gedib dənizə çatırdıq. İndi gərək vertolyot alaq ki, bunların hasarlarını aşaq. Bu qədər acgözlük, harınlıq olmaz axı...”

“Bu acgözlərin əlindən dənizə də gedə bilmirik”

“Zeynəb Xanlarova çıxdı parlamentdə danışdı. Dedi ki, Nardaranda dənizə getmək olmur. Harınlamış, qudurğan, büdcədən xalqın milyonlarını oğurlayanlar dənizə hasar çəkiblər. Türkanda da belədir. Yay gəldi, dəniz mövsümü başladı, bu acgözlərin əlindən dənizə də gedə bilmirik. Allah bəlalarını versin...”. 3 uşaq anası olan Hüsniyyə Məmmədova belə deyir.

“Mehriban Əliyevaya yazılan məktublar itir!”

Onun sözlərinə görə məsələ ilə bağlı Xəzər rayonun deputatı Mehriban Əliyevaya bir neçə məktub yazıblar: “Məktublarımız ünvana çatmır. Yolda itir. Əlacımız ona qalıb ki, Heydər Əliyev fonduna gedək, şikayətimizi əlbəl verək. Həkim uşağa dəniz qumu yazıb. Biz də köçümüzü götürüb gəlmişik bağa ki, uşağı dənizə aparaq, xəstəliyi keçsin. Gəlib görürük ki, yolu kəsib böyük bir hasar çəkiblər, bir yekə darvazanı da qoyublar yolun ortasına. Bunu görən yoxdur?”

Dinlədiyimiz həmsöhbətlərimiz bizə 2 hektarlıq əraziyə getməməyi məsləhət görürlər. Deyirlər ki, jurnalist olduğumuzu bilib döyərlər: “Bura Türkandır, torpaq üstündə olan davalarda polis qaçır gizlənir. Kriminalların sözü keçir burda. Ora getməyin...”

“Təğyiri-libas olub nazirin bağına giririk...”

Onu da öyrənirik ki, əraziyə hər gün “İkarus” markalı avtobusla işçilər gətirilir. Nazirin malikanəsini inşa etmək üçün gecə-gündüz əraziyə ağır tonnajlı yük maşınları ilə daş-qum daşınır. Sakinlər fəhlə-ustaları daşıyan “İkarus”un nömrə nişanını da verdilər - Az 10 GT 146. Sakinlərin dediklərini seyr etmək üçün təğyiri-libas olub dənizə qoyulan darvazanın əks tərəfinə keçdik. Ərazidə bir neçə traktor yer hamarlayır, usta-fəhlələr gözə dəyir. Darvazadan 10-15 metr dəniz istiqamətinə addımlayandan sonra qarşıma qaçaraq bir şəxs gəlir. Uzaqdan əlinin işarəsi ilə geri qayıtmağımı istəyir. Əhəmiyyət verməyib yola davam edirəm.

“Qardaş keç get, bizi çörəkdən eləmə”

Həmin şəxs yaxınlaşandan sonra aramızda belə bir dialoq oldu:

- Bura şəxsi ərazidir, geri qayıt.

- Ayda-ildə 1 dəfə dənizə gəlirik, onda da imkan vermirsiz...

- Geri qayıt!

- Bəs haradan gedim?

- Mən buraları tanımıram. Bir başqa yolla get...

-Kasıb adamıq, imkan ver yolumuzu gedək də...

- Vallah qoymurlar.

- Kim qoymur?

- Qoymurlar də.

- Adı nədir?

- Heç özüm bilmirəm, bizə deyiblər ki, bura heç kimi buraxma, şəxsi ərazidir.

- Dəniz də şəxsi ərazidir?

- Qardaş keç get, bizi çörəkdən eləmə.

Beləcə, mühafizəçi səddini aşıb dəniz sahilinə çatıram. Ərazini “qucaqlayan” daş hasarın hər iki ucu dənizin içinə qədər uzanır. Dənizin içinə tökülən iri daş parçalarının üzərində də, hasarın iç hissəsində olan torpaqdakı kimi tikinti aparmaq üçün hazırlıq işləri görülür. Dəniz sahilinin 200-300 metrini sadə türkanlıların üzünə bağlayan bu ərazidən Xəzər sahilinin qarış-qarış hasarlandığını daha aydın sezmək olur...

Yenimüsavat.com