backend

Bir həftə Belçikada - Oxuduqlarım, eşitdiklərim, gördüklərim...

Bir həftə Belçikada - Oxuduqlarım, eşitdiklərim, gördüklərim...

Belçika Krallığında fəaliyyət göstərən Türk Dərnəkləri Birliyinin nümayəndələri 2015-ci ilin mart ayında bir həftə ərzində Azərbaycanda olmuş, respublikamızın bir sıra gəzməli və görməli yerlərinə səyahət etmiş, Bakıda və Ağsuda azərbaycanlı tələbə-gənclərin də qatıldığı təcrübə mübadiləsi xarakterli seminar-görüşlərdə iştirak etmişdilər.


Belçika Krallığında fəaliyyət göstərən Türk Dərnəkləri Birliyinin nümayəndələri 2015-ci ilin mart ayında bir həftə ərzində Azərbaycanda olmuş, respublikamızın bir sıra gəzməli və görməli yerlərinə səyahət etmiş, Bakıda və Ağsuda azərbaycanlı tələbə-gənclərin də qatıldığı təcrübə mübadiləsi xarakterli seminar-görüşlərdə iştirak etmişdilər. Elə o vaxt “Miras” İctimai Birliyi ilə Türk Dərnəkləri Birliyi arasında iki ölkəni təmsil edən tələbə-gənclərin növbəti görüşlərinin bir il sonra Belçikada keçirilməsinə dair razılıq əldə olunmuşdu. Bu missiya ilə də Fransanın Azərbaycandakı səfirliyindən viza alaraq bir həftə Belçika Krallığında olduq. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından beş saatlıq uçuş məsafəsində olan Frankfurta, oradan da təqribən bir saatlıq uçuş məsafəsi olan Brüsselə gəldik.

Qısa tarixi xronika

Şimal-qərbi Avropanın ürəyi hesab olunan Belçika şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq, cənub-qərbdə isə Fransa ilə qonşudur. 30,5 min kvadratkilometr ərazisi, 11 milyona yaxın əhalisi var. Ölkənin adının Kelt mənşəli belq tayfalarının adından götürüldüyü bildirilir. Tarixi mənbələrdən bəlli olduğuna görə, eramızdan əvvəl 54-cü ildə Qalliyanın şimal vilayəti olan Belçika Yuli Sezarın ordusu tərəfindən zəbt olunub. Eramızın V əsrində Qərbi Roma imperiyasının süqutundan sonra Qalliya German tayfalarından olan frankların əlinə keçir, orta əsrlərdə isə Burqund hersoqluğunun tərkibinə daxil olur. Belçika 1477-1556-cı illərdə Müqəddəs Roma imperiyası, 1556-1713-cü illərdə İspaniya Krallığı, 1713-1792-ci illərdə yenidən Müqəddəs Roma imperiyası, 1792-1815-ci illərdə Fransa və nəhayət, 1815-1830-cu illərdə Niderland Krallığının tabeliyinə keçir. 23 sentyabr 1830-cu ildə baş vermiş xalq inqilabı nəticəsində Belçika Niderland Krallığının tərkibindən çıxaraq müstəqil dövlətə çevrilib. 1831-ci ildə Belçika krallıq elan olunub və Leopold ölkənin ilk kralı olub.
XIX əsrdə Belçika sürətli inkişaf yolu keçib.1835-ci ildə Avropada ilk dəmir yolu olan Mexelen-Brüssel dəmir yolu istifadəyə verilib. 1885-ci ildə Konqonu ələ keçirməklə Belçika müstəmləkəçi dövlətə çevrilib. 23 il ərzində Konqonun təbii ehtiyatlarının talan olunması hesabına Belçika Avropanın inkişaf etmiş sənaye ölkəsinə çevrilib.
Birinci dünya savaşı dövründə Belçikaya da ağır zərbə dəyib. İpra şəhəri başdan-başa viranəyə çevrilib, orada müharibələr tarixində ilk dəfə olaraq zəhərli qazdan istifadə olunub. II dünya müharibəsi də Belçikaya olmazın dağıntı və məhrumiyyətlər “bəxş” edib. 1940-cı il mayın 28-də ölkə almanların əlinə keçdi. 1944-cü il noyabrın 3-də ingilis ordusunun Brüsselə girməsi ilə Belçika Hitler faşizmindən xilas olub. 11 fevral 1945-ci ildə sağ sosialist Van Akkeromun rəhbərliyi ilə yeni Belçika hökuməti təşkil edilib. Aprel 1949-cu ildə Belçika NATO-ya, 1957-ci ildə isə Avropa İttifaqına daxil olub.

Siyasi sistemi

Belçika siyasi sistemi mürəkkəb olan ölkədir. Belə ki, Belçika siyasi sistem etibarı ilə konstitusiyalı monarxiya və eyni zamanda, federativ dövlətdir. Dövlətin başında formal olsa da, kral durur. 21 iyul 2013-cü ildən kral kreslosu I Flippə məxsusdur. Kral ailəsinin saxlanması üçün hər il dövlət büdcəsindən orta hesabla 14,5 milyon dollar ayrılır. Maraqlıdır ki, sadə belçikalılar, əslində, dövlətin idarəçiliyində ciddi iştirakı olmayan kral ailəsinə ayrılan vəsaitlə bağlı hər zaman giley-güzar edirlər.
Baş nazirin rəhbərlik etdiyi Belçika hökuməti əsasən parlament seçkilərində daha çox səs alan siyasi partiyanın təmsilçilərindən ibarət təşkil olunur. Hökumət başçısı kral tərəfindən təyin olunduqdan sonra parlamentdə təsdiq olunur. Spesifik məqamlardan biri də odur ki, hökumət təşkil edilərkən nazirlərin yarısı niderland dilli, digər yarısı isə fransız dilli toplumdan olmalıdır.
Belçika federal parlamenti iki palatadan – Nümayəndələr palatasından və Senatdan ibarətdir. Parlament seçkiləri birbaşa olmaqla 4 ildən bir keçirilir. 18 yaşına çatan Belçika vətəndaşları parlament seçkilərində iştirak edirlər. Belçika Senatında təmsil olunan 71 deputatın 40-ı birbaşa ümumxalq səsverməsi yolu ilə, 31-i isə regional parlamentlər tərəfindən seçilir. 150 nəfərdən ibarət olan Nümayəndələr palatasına isə deputatlar birbaşa ümumxalq səsverməsi yolu ilə seçilir.
Belçika rəsmən 3 bölgədən ibarətdir: Brüssel bölgəsi, Flamand bölgəsi (hər ikisinin də paytaxtı Brüssel şəhəridir) və Valloniya bölgəsi (paytaxt Namur şəhəridir). Hər bir bölgənin özünün də ayrılıqda parlamenti və hökuməti var. Bununla paralel olaraq Belçika, həm də əhalinin dil fərqləri baxımından 3 dil toplumuna bölünür: niderland dilli, fransız dilli və alman dilli toplumlar. Onların da öz növbəsində hər birinin bilavasitə özünə aid parlamenti və hökuməti var. Son vaxtlar qarşılıqlı razılıq əsasında Flamand bölgəsi və niderland dilli əhalini təmsil edən parlamentlər birləşərək, bir yerdə fəaliyyət göstərirlər. Beləliklə, hazırda Belçikada faktiki olaraq 6 parlament və 6 hökumət fəaliyyət göstərməkdədir. Belə bir mürəkkəb siyasi sistemdə Belçika federal hökumətinin əsas funksiyası digər beş hökumətin fəaliyyətini koordinasiya etmək, habelə ümumdövlət əhəmiyyətli vəzifələri – ölkənin müdafiəsi, xarici siyasət, ümummilli iqtisadiyyatın tənzimlənməsi, səhiyyə və pensiya siyasətinə nəzarətdən ibarətdir.

Bir həftə Belçikada - Oxuduqlarım, eşitdiklərim, gördüklərim...

2007-ci ilin iyununda federal parlamentə keçirilən seçkilərdən dərhal sonra Liberal və Xristian Sosialist partiyaları hər biri ayrılıqda federal hökumət formalaşdırmaq cəhdi etdi. Bu, əslində Belçikanı bir dövlət olaraq parçalamaq cəhdi idi. Daha imkanlı olan və əhalisi nisbətən yaxşı təmin olunan şimal, kasıb cənubdan ayrılmaq istəyirdi. Amma kasıb cənubu, yəni Valloniyanı təmsil edən fransız dilli partiya buna razı olmadı. Beləliklə də ölkədə çox ciddi siyasi böhran oldu. Yarım il ərzində ölkəni Belçika tarixinə “texniki hökumət” kimi daxil olan hökumət idarə etdi. Yalnız 20 mart 2008-ci ildə uzun danışıqlardan sonra, İ. Letepmin başçılığı ilə yeni hökumət formalaşdı.

İqtisadiyyat və təbii ehtiyatlar

Belçika Avropada təbii sərvətləri nisbətən bol olan ölkələrdəndir. Orada zəngin ehtiyatlara malik daş kömür, qurğuşun, sink, mis, sürmə, qranit, qumdaşı və mərmər yataqları mövcuddur. Ölkə iqtisadiyyatında metal və toxuculuq sənayesi mühüm yer tutur. Antverpen şəhəri dünyada almaz ticarətinin mərkəzi hesab olunur. Şimal dənizindən keçərək Reynə, Antverpenə və Gentə qovuşan mükəmməl su nəqliyyatı şəbəkəsi də ölkəyə böyük gəlir gətirir.
Bütövlükdə, ölkə iqtisadiyyatının əsasını sənaye istehsalı və xidmət sahəsi (xüsusən də nəqliyyat və ticarət xidmətləri) təşkil edir. Ölkədə polad, sement və kimya sənayesi məmulatları istehsal edən müəssisə və zavodlar əsasən Sambra və Maas çayları hövzələrində cəmləşib. Mons, Şarlerua, Namyur və Lyej Belçikanın ən iri sənaye şəhərləri hesab olunur. Ötən əsrin 70-80-ci illərində ölkənin sənaye istehsalının mərkəzi Valloniyadan Flandriya bölgəsinə keçib. Bunun da əsas səbəbi Valloniyada ənənəvi istehsal sahələri olan qara metallurgiya və kömür çıxarılmasının tənəzzülü oldu. Xatırladaq ki, Belçikanın əsas kömür mədənləri məhz bu bölgədə yerləşir. Ötən əsrin 80-ci illərində oradakı axırıncı kömür şaxtası da hökumətin qərarı ilə bağlanıb. Hazırda Flandriya bölgəsi nəinki Belçikada, bütövlükdə Avropada fundamental elmi mərkəzlərin son dərəcə intensiv və səmərəli işlədiyi bir regiona çevrilib.
Belçika hələ orta əsrlər dövründən Avropanın əsas toxuculuq istehsalı mərkəzlərindən olub. Orada pambıq, yun və sintetik parça məmulatları istehsalı xüsusilə inkişaf edib. Gent, Kortreyk, Turne, Vervye başlıca toxuculuq istehsalı mərkəzləri hesab olunur. Brüssel, Brüqqe və Mexelan şəhərləri isə Avropanın başlıca krujeva istehsalı mərkəzləri kimi tanınır. Bütövlükdə Belçika iqtisadiyyatı beynəlxalq bazarın tələb və ehtiyaclarına istiqamətlidir. Ölkədə enerji hasilatının 75 faizi atom elektrik stansiyalarının payına düşür. Xatırladaq ki, Belçikada iki atom elektrik stansiyası fəaliyyət göstərir. Onlardan biri Yui, digəri isə Antverpen ətrafındadır.
Belçika Avropa miqyasında əhalinin nisbətən daha sıx məskunlaşdığı ölkələrdəndir. “Flamand rombu” adlandırılan Brüssel-Antverpen-Gent-Lyoven dördlüyü əhalinin orta sıxlığının xüsusilə yüksək olduğu ərazidir. Ölkə əhalisinin etnik tərkibi də kifayət qədər rəngarəngdir. Statiskaya görə, ölkə əhalisinin 60 faizi flamandlar, 40 faizə qədərini isə vallonlar təşkil edir. Xatırladaq ki, flamandlar, əsasən, ölkənin şimal əyalətlərində yaşayır və niderland dilində danışırlar. Vallonlar isə cənub əyalətlərdə yaşamaqla fransız, vallon və digər dillərdə danışırlar.
Belçika dövlət müstəqilliyi əldə edəndən sonra fransız dili uzun müddət dövlət dili olub, baxmayaraq ki, flamandlar hər zaman ölkə əhalisinin əksəriyyətini təşkil edib. Birinci dünya müharibəsindən sonra hansı dilin hökmran dil olması ilə bağlı mübahisə və mübarizə getdikcə daha artıq şiddətlənib. Nəhayət, 1963-cü ildə qəbul olunan qanunlar paketi ilə rəsmi səviyyədə dillərdən istifadə normaları müəyyənləşdirilib. 1967-ci ildə Belçika Konstitusiyası rəsmən olaraq niderland dilində də tirajlandı. 1980-ci illərin əvvəlində isə artıq fransız və niderland dilləri, bir qədər sonra isə həm də alman dili rəsmi status etibarı ilə tam olaraq bərabər hüquq əldə etmiş oldular. 1993-cü ildən etibarən niderland dili Flamand regionunun rəsmi dili elan olundu.
Belçikada son siyahıyaalmaya görə, niderland və fransız dilli əhalidən sonra almanlar üçüncü yeri tuturlar. Belçika əhalisinin bir qismi də italyanlar, mərakeşlilər və türklərdən ibarətdir.

Belçika türkləri

Brüsselin hava limanında Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Kooperasiya Universitetinin, Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət 30 nəfərlik Azərbaycan heyətini Belçika Türk Dərnəkləri Birliyinin rəhbəri, dostumuz Rufat Can qarşıladı. Birlikdə Hasselt şəhərinə gəldik. Orada səfərin təşkilinin əsas koordinatoru olan Sərgül Şanlıoğlu və Gent şəhərinin bələdiyyə başqanının yardımçısı, dostumuz Əhməd Arkan da bizə qoşuldu. Bir həftə ərzində eşitdiklərimiz və gördüklərimiz əsasında deyə bilərəm ki, 150 mindən çox türkün yaşadığı Belçikada kifayət qədər yaxşı təşkilatlanmış nüfuzlu türk diasporu var. Onun sıralarında müasir dünya siyasətindən hali olan hazırlıqlı və səriştəli insanlar yetərincədir. Bu gün ölkənin yalnız Flamand bölgəsində 160 türk dərnəyi fəaliyyət göstərir. Türklər ölkənin əsas şəhərlərində yaşayır və işləyirlər. Rufat bəyin dediyinə görə, hazırda 40 min nəfərədək türkün yaşadığı Brüsseldə 20 türk dərnəyi fəaliyyət göstərir. Bu yaxınlarda şəhərin lap mərkəz hissəsində Türk Dərnəkləri Birliyinin yeni ofisi fəaliyyətə başlayıb. Elə Brüssel şəhərinin Sent-Jos-Ten-Noodl bələdiyyəsinin sədri Emir Kırla görüşümüz də orada oldu. Məlumat üçün bildirim ki, Belçika Sosialist Partiyasının təmsilçisi olan Emir bəy bundan əvvəl iki çağırış Belçika federal parlamentinin deputatı olub, bir müddət də hökumətdə nazir postunda çalışıb.
Qırx mindən çox türkün yaşadığı və 60 türk dərnəyinin fəaliyyət göstərdiyi Gent şəhərində də birliyin geniş ofisi var. Bizim Gentdəki tədbirimiz də elə həmin ofisdə təşkil olunmuşdu. Həmin tədbirdə türklərin Belçikaya miqrasiyası barədə ətraflı söhbət açıldı. Məlumat üçün bildirək ki, türklərin Belçikaya böyük köçü 1964-cü ildə baş verib. Bu da 60-cı illərin əvvəlində ölkənin kömür şaxtalarında kütləvi insan tələfatı ilə nəticələnən qəzadan sonra italyan və fransız fəhlələrin mədənlərdə işləməkdən imtina etmələri ilə bağlı olub. Belçika hökuməti məcburiyyət qarşısında qalaraq işçi qüvvəsi axtarışına çıxıb. Beləliklə, Türkiyə hökuməti ilə qarşılıqlı razılıq əsasında türklərin Belçikaya köçü başlayıb. İlkin olaraq kömür mədənləri rayonunda məskunlaşmış türklər sonralar ölkənin digər şəhərlərində də məskunlaşaraq, özlərinə normal güzəran və biznes qurmuşlar. Brüssel, Hasselt, Genk, Gent, Beringen və Antverpen şəhərlərində gördüklərimiz və eşitdiklərimiz bunu deməyə əsas verir. Məsələn, Gentdə şəhərlə tanışlıqdan sonra, bir türk restoranında oturub şam edirdik. Birdən ətrafda sürəkli maşın siqnalları eşidildi. Doğrusu, bir anlığa çaşbaş qaldıq. Çünki Belçikada olduğumuz dörd gün ərzində heç yerdə maşın siqnalı eşitməmişdik. Təəccübləndiyimizi görən Rufat bəy dedi ki, Türk məhəlləsində toydur, şadyanalıq edirlər. Belçikada türklərin sayca çox olduğu və kompakt yaşadığı şəhərlərdən biri də Limburqdur. Orada 40 mindən çox türk yaşayır və 70-ə yaxın türk dərnəyi fəaliyyət göstərir. Antverpendə yaşayan türklərin sayı 30 min, türk dərnəklərinin sayı isə 15-ə yaxındır.
Belçika Türk Dərnəkləri Birliyi 1993-cü ildə təşkil olunub. İki il sonra bu qurum dövlət tərəfindən qeydiyyata alınıb və rəsmən fəaliyyətə başlayıb. Rufat bəy Türk Dərnəklər Birliyinin gördüyü işlərdən bəhs edərkən onu da bildirdi ki, 2001, 2006 və 2011-ci illərdə Belçikada “Türk günləri” təntənə ilə qeyd olunub. Türk günləri qeyd olunarkən Brüsselin, demək olar ki, bütün əsas meydanları başdan-başa sanki türkləşmişdi. Brüsselin Kral Muzeyi qarşısında təşkil olunmuş tədbirlər çərçivəsində təşkil olunan şənliklərdə Belçika rəsmiləri, sənət və söz insanları iştirak ediblər.
Türklərin rəhbər mövqe tutduğu bələdiyyələrdə görüşlərimiz maraqlı və yaddaqalan oldu. Səfərimizin ikinci günü Beringen camesinin konfrans zalında bələdiyyə başqanının müavini Əli Çağlarla görüşümüz oldu. Görüşdə türk icmasını təmsil edən çoxsaylı beringenli də iştirak edirdi. Təmsil etdiyi bələdiyyənin həyata keçirdiyi layihələr, əldə olunan uğurlar, o cümlədən bilavasitə özünün nəzarətində olan yol təsərrüfatı və yaşıllaşdırma sahəsində görülən işlərdən, habelə etnik türklərin Avropada yaşaması, təşkilatlanması, cəmiyyətə inteqrasiya olması, iqtisadi və siyasi sahədə mövqe qazanması üçün ilk növbədə nə etməli olduqları barədə səsləndirdiyi fikir və tezisləri onun hələ çox gənc olmasına baxmayaraq, son dərəcə ağıllı, savadlı, tədbirli və yetkin bir kadr olduğundan xəbər verir. Qəribədir ki, onun soyadı ilə düşüncəsi və fəaliyyəti arasında qeyri-adi bir uyğunluq var.
Skarbek bələdiyyəsi əhalisinin sayına görə, Brüsselin ikinci böyük bələdiyyəsidir. Şəhərin Avropa Şurası binasına yaxın olan kvartallarının hamısı Skarbek bələdiyyəsinin ərazisidir. İllik büdcəsi 260 milyon avro təşkil edir. Bələdiyyə idarəsinin yerləşdiyi tarixi bina Brüsselin ən gözəl və nadir memarlıq incilərindən hesab olunur. Azərbaycandan gəlmiş heyətlə görüş də, bələdiyyənin elə ilk baxışdan diqqət çəkən möhtəşəm konfrans zalında təşkil olunmuşdu. Başqan yardımçısı Sadik Köksal bizimlə söhbətində çox mətləblərə toxundu. Bəri başdan deyim ki, o da son dərəcə yetkin, savadlı və hazırlıqlı bir kadrdır. Bələdiyyə sədrinin müavini kimi əsas işi fransız kültürü və yolların təmizliyinə nəzarətdir. O da maraqlıdır ki, Skarbek bələdiyyəsinin 47 üzvündən 11 nəfəri milliyyətcə türk olan Belçika vətəndaşlarıdır. Özünün dediyinə görə, 8-9 il öncə Bakıda olub. O zaman şair Sabir Rüstəmxanlının qonağı olub. Söhbət əsnasında Sadik bəy maraqlı bir əhvalat danışdı: – Bir neçə il öncə bacım ailə quraraq Türkiyəyə döndü. Sonra da yenidən Brüsselə qayıdaraq, daha burada qalacağını bildirdi. Atam dedi ki, ay bala, mən neçə illər öncə çörək dalınca məcburiyyət üzündən buraya gəldim. O zaman düşünürdük ki, maddi cəhətdən özümüzə təminat yaratdıqdan sonra yenidən doğma Vətənə – Türkiyəyə dönəcəyik. De görüm, sən niyə buraya döndün?! Bacımın cavabı kəsə oldu: Baba, biz Belçikada böyüyüb başa çatdıq. İndi bura da bizim üçün Türkiyə qədər doğma və əzizdir.
Sadik bəy danışdıqca, yaddaş dəftərimə etdiyim əhəmiyyətli qeydlərdən biri də belədir: “Bizim bələdiyyədə nə türklərin, nə də türkdilli insanların yaşaması və işləməsi ilə bağlı heç bir ciddi problem yoxdur. Başqa sözlə, bu ərazidə yaşayan insanların ən azı, dil problemi yoxdur. Yəni, hakim də, doktor da, polis də, mebel ustası və satıcılar da bir-birini çox asanlıqla başa düşürlər.” Brüssellə tanışlıq zamanı olduğumuz rəsmi idarələrdə və alış-veriş mərkəzlərində özümüz də bunun şahidi olduq.
Səfərimizin bütöv bir günü Belçikanın Federal Parlamenti, Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti ilə tanışlıqla keçdi. Ölkənin Federal Parlamenti tarixi bir binada yerləşir. Onun irili-xırdalı bütün zalları ilə bizi həvəslə tanış etdilər. Bələdçimiz ən xırda detallar üzərindən belə ötəri keçmədi. O, hər vəchlə çalışırdı ki, ölkənin siyasi sistemindəki mürəkkəbliyi incəliklərinə qədər bizə izah etsin. Söhbət əsnasında bələdçimiz gülə-gülə bir Belçika aforizmini də yada saldı: “Əgər bir əcnəbi Belçikanın siyasi sistemindən bəhs olunan hansısa bir mühazirəni dinlədikdən, yaxud bir sənədli filmi izlədikdən sonra onun üçün hər şeyin aydın olduğunu söyləyərsə, demək o, heç nə anlamayıb”.
Avropa Parlamentinin birinci mərtəbəsində bizi qarşılayan ilk bələdçimiz biləndə ki, Azərbaycandan gəlmişik, çox mehriban görkəm alaraq dedi ki, bu yaxınlarda Ələtdə olmuşam. Orada Azərbaycan və Avropa İttifaqının birgə inşa etdikləri dəniz limanı layihəsi ilə əlaqədar baxış və dəyərləndirmə aparırdıq. Bələdçi daha sonra belə bir məlumat da əlavə etdi ki, siz, yəni, bizim də təmsil olunduğumuz Azərbaycan heyəti indiyədək Avropa Parlamentini ziyarət edən 490-cı qrupdur.
Daha sonra Avropa Komissiyasının rəsmisi Simon Paski Avropa Parlamentinin iş prinsipi və hədəfləri barədə geniş məlumat verdi. Maraqlıdır ki, Belçikanın rəsmi dairələri ölkəyə səfər edən insanları çox böyük həvəslə Federal Parlament və Avropa İttifaqının baş ofisi ilə tanış edirlər.
Brüsselin maraqlı ünvanlarından biri də turistlərin az qala bütün gün ərzində qarşısında foto çəkdirdiyi Kral Sarayı və onun önündəki geniş parkdır. Bizə bildirdilər ki, bir il öncə Kral II Albert öz taxt-tacını oğlu II Flippə verib. Kral II Flipp isə Federal Parlamentin Eftanaziya haqqında qəbul etmiş olduğu qanuna imza atmamaq üçün bir günlüyə öz səlahiyyətlərini Baş nazirə həvalə edib.
Brüsseldə tanış olduğumuz maraqlı ünvanlardan biri də Atom Muzeyi oldu. Hər birinin diametri 23-25 metr olan və şərti olaraq 9 atom şarından ibarət bu metal muzey-qurğunun hündürlüyü 102, yük tutumu isə 500 tondur. Muzeyə giriş müxtəlif insan qrupları üçün 6-12 avrodur. Qurğu “Ekspo-58” çərçivəsində 1958-ci ildə tikilib, 2006-cı ildə isə əsaslı şəkildə yenidən qurulub. Muzeyin lifti 22 saniyədən sonra bizi 92 metr yüksəyə qaldırdı. Daha sonra pilləkənlərlə 102 metrlik hündürlüyə qalxdıq. Oradan “Ekspo Belçika”, möhtəşəm Brüssel stadionu və onun yanındakı “Mini Avropa” şəhərciyini seyr etdik. Təəssüf ki, yaxınlıqdakı Kral Muzeyi və hərbi muzeylə arxayın tanış olmaq üçün vaxtımız kifayət etmədi. Sadəcə 1881-ci ildə Belçikanın müstəqilliyinin 50-ci ildönümü münasibəti ilə inşa olunmuş məşhur üçtağlı arka – qapı önündə fotolar çəkdirməklə növbəti ünvanlara yollandıq.
Muzeylərdən söz düşmüşkən onu da xüsusi qeyd etmək istərdim ki, Belçikada insanları, o cümlədən ölkəyə gələn rəsmi qonaqları və turistləri maraqlandırmaq məqsədi ilə olduqca rəngarəng çeşidli muzeylər şəbəkəsi yaradılıbdır. Məsələn, bir vaxtlar kömür çıxarılan mədənlərin, onlara xidmət edən müəssisə və qurğuların, müxtəlif səbəblər ucbatından iflasa uğramış tikiş və toxuculuq nəhənglərinin əksəriyyəti olduğu kimi saxlanılmaqla muzeyə çevrilmişdir. Beringen, Genk və Gent şəhərlərində belə muzeylərlə tanış olduq. Maraqlıdır ki, bütün gün ərzində həmin muzeylərin girişində növbə, içərisində isə sıxlıqdır. Başqa sözlə, əgər 35-40 il öncə belçikalılar kömür, toxuculuq və tikiş məmulatı istehsalından qazanırdılarsa, indi də heç bir iş görmədən muzeylərdə bilet satmaqla böyük gəlir əldə edirlər. Bu nümunələri gördükcə istər-istəməz sovet dönəmində gecə-gündüz işləyən Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Ordubad, İsmayıllı və bir sıra digər yerlərdəki müxtəlif təyinatlı iri istehsal müəssisələri gözlərim önünə gəldi. Hansı ki, ötən əsrin 80-90-cı illərində ölkədə hökm sürən xaos və özbaşınalıq şəraitində onların xeyli qisminin nəinki, dəzgah və konveyrləri, hətta kərpici-daşı da talan edildi. Məgər o yerləri muzey etmək olmazdımı? İndi həmin ünvanlara gələn axın-axın turistlər üçün bu, azmı maraq kəsb edərdi?
Belçika ilə tanışlığın növbəti ünvanları Gentdəki “Cənnət və cəhənnəm evi” (hər gün oranı minlərlə turist ziyarət edir), Antverpenin dəniz limanı və dəmir yolu vağzalı oldu. Antverpendə Skela çayı üzərindəki körpülər və sahilboyu bulvar adamda heyranlıq doğurur. 1900-cü ildə Antverpendə sırf metal konstruksiyalar üzərində inşa olunmuş beşmərtəbəli dəmir yolu vağzalı deyilənlərə görə, öz möhtəşəmliyi baxımından Avropada ən iri, dünyada isə ikincidir. Dəmir yolu stansiyası yaxınlığındakı kvartallardan biri isə dünyada almaz ticarətinə nəzarət edən yəhudi milyarderlərinin cəmləşdiyi ərazidir.
Belçikada diqqətçəkən reallıqlardan biri də ölkə miqyasında yaxınlığından – uzaqlığından asılı olmayaraq, hətta bütün şəhərlərarası magistral yollar da tam olaraq işıqlandırılır. Özü də bunun xərci Avropa Birliyinin büdcəsi hesabına ödənilir. Düşünürəm ki, əgər Türkiyəni də Avropa Birliyinə üzv etsəydilər Belçika yolları daha artıq çıraqban olardı. Avropa bu imkanı itirdi. Ümumiyyətlə, Avropa Birliyi Türkiyəni incik salmaqla çox şeyi itirdi. Hesab edirəm ki, Avropa rəsmiləri Türkiyənin timsalında birliyi daha da genişləndirmək və möhkəmləndirmək şanslarını dəyərləndirməməklə, əslində, bu qurumun təməlini sarsıtmış oldular. Türkiyənin də itkiləri az olmadı. Neçə onilliklərdir ki, avropalıların diktə etdiyi saysız-hesabsız, əsaslı və əsassız “şərtləri” aradan qaldırmağa sərf olunan zaman, inam və resurslar da Türkiyənin itkiləridir.
Əlbəttə, hadisələrin və münasibətlərin belə sonluqla nəticələnməsini heç kəs, xüsusən də Avropada, o cümlədən Belçikada yaşayan türklər də istəməzdi. Bu yerdə məşhur atalar sözü yadıma düşdü: “Allah pisə lənət eləsin”.
Belçikada olduğumuz bir həftənin sonuncu axşamı Rufat bəy bütün Azərbaycan heyətini özünün Beringendəki evində qonaq etdi. Belçikalı dostların da bir qismi orada idi. Sağlığına qismət olsun, hər cür şəraiti və genişliyi olan kürsülü həyət evi elə bu cür dost və qardaş məclisləri üçün inşa olunub. Rufat bəyin həyat yoldaşı Həvva xanım, oğlanları Alpər və Furkan, qızları Rabiyə və Kübra xanım elə səmimiyyət və qonaqpərvərlik göstərdilər ki, sanki uzun illərdir yaxınlıq və dostluq etdikləri ən əziz adamlarını qarşılayırdılar. Bayramsayağı bəzədilmiş qonaq süfrəsi ətrafında gecə yarıdan keçənədək davam edən söhbət, müzakirə və xatirələr bir-birini əvəz etməkdə idi. Sanki, məndən başqa hamı səhər erkən Belçikanı tərk edərək Bakıya dönəcəyimizi unutmuşdu. Bu məqamda Rufat bəy bizi yenə ötən illərin xatirələrinə apardı: - 1979-cu ildə bura gəldik. Əlimizə maya salandan sonra dayım və qardaşım kiçik bir otel aldı. Otelin altında çayxana, arxasında isə namaz yeri vardı. Adətən, günorta namaz vaxtı çayxanada adam olurdu. Mən də tez-tez oraya gələrək dayım və qardaşıma kömək edirdim. Günlərin birində hələ saat 11 olmamış çayxana adamla doldu. Mən təəccüb qaldım, niyə birdən bu qədər adam bura gəldi?! Dedilər ki, saat 12-nin yarısında alman telekanalında yarım saatlıq türk proqramı var. Evlərində televizor olmayanlar gəlib ki, çayxanada baxsınlar.
Deyilən vaxtda proqram başladı. Müğənni Bediya Akartürk ... “Ya sən getmə, ya məni də götür” mahnısını oxudu. Baxdım ki, hamının gözlərindən selləmə yaş axır. Görün, qərib olmaq, qürbətdə yaşamaq nə deməkdir?! İndi şükürlər olsun, evimizdə oturub az qala bütün türk kanallarını izləyə bilirik. Ətrafımızda kifayət qədər geniş, doğma və mehriban türk əhatəsinin yaranması da bizi artıq darıxmağa qoymur. Son vaxtlar türk əhatəsində azərilərin də görünməsi bizi daha da ürəkləndirir. Bunlar bizim gündəlik həyatımızdır. Amma bir türk övladı olaraq ürəyimiz, canımız hər zaman Türkiyədədir.
Düşünürəm ki, Rufat bəyin bu həzin xatirəsi həm də Azərbaycan teleradio yayımçıları üçün də faydalı bir mesaj ola bilər. Yəni, teleradio yayımı ilə məşğul olanlar unutmamalıdırlar ki, dünyanın hansısa guşəsində qəriblik həyatı yaşayan Vətən həsrətli, yurd niskilli və xalq təəssüblü soydaşlarımız sizin proqramlarınızı izləməklə Azərbaycan ruhunu, torpaq sevgisini həm özləri yaşayır, həm də böyüməkdə olan nəsillərə ötürürlər.

Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
tarix elmləri doktoru