backend

Lavrov Azərbaycan qonaqpərvərliyinin şahidi oldu

Lavrov Azərbaycan qonaqpərvərliyinin şahidi oldu

“Bizə yaxşı çay gətirin! Düzgün stəkanlarda!”.

Rusiya Azərbaycanı bu yaxınlarda Belarusiya və Qazaxıstan ilə müştərək yaradılmış Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr sırasında görmək istərdi, amma Bakı postsovet məkanında yeni yaradılmış bu quruma daxil olmağa tələsmir.

17-18 iyun tarixlərində ikigünlük səfərlə Bakıda olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov Aİİ ilə münasibətdə mövqenin dəyişməsinə çalışıb.

Oxu.Az Rusiya qəzeti “İzvestiya”ya istinadən xəbər verir ki, təcrübəli siyasətçi olan və diplomatik etiketə, eləcə də ümuminsani prinsiplərə riayət edən S.Lavrov Azərbaycan rəhbərləri ilə görüşlərinə başlamazdan əvvəl Fəxri Xiyabanda olub, Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Bundan sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşə tələsib.

Məmmədyarov isə Lavrovu XİN binasının girişi qarşısında, küçədə gözləyirdi.

“Mən Sizi qarşılamaq üçün şəxsən çıxmışam” - deyə rusiyalı qonaqla isti görüşən Məmmədyarov bildirib.

Nazirlər yuxarı qalxıblar və əvvəlcə üzbəüz, daha sonra geniş tərkibdə müzakirələr aparıblar.

“Nə içəcəksiniz? Çay?” - Məmmədyarov Lavrovdan maraqlanıb. Dərhal jurnalistlərə işarə ediblər ki, otağı tərk etmək lazımdır, nazirlər qapalı qapılar arxasında müzakirələr aparmalıdır.

“Bəli, çay!” - Rusiya XİN rəhbəri məmnuniyyətlə bildirib.

“Onda bizə yaxşı çay gətirin! Düz stəkanlarda!” - kabinetin sahibi öz protokol xidmətinə müraciət edib.

Görünür yaxşı çay nazirlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsindən tutmuş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qədər, İraq və Suriya daxil olmaqla yaxın Şərqdəki vəziyyətdən tutmuş Lavrovun “təhlükəli region” adlandırdığı və “beynəlxalq terrorizmin baş qaldırdığı” Ukraynadakı vəziyyətə qədər geniş spektrdə məsələlərin müzakirəsi üçün enerji verməli idi.

Azərbaycanın Avrasiya məkanında gedən inteqrasiya proseslərinə qoşulması Rusiya üçün vacib məsələlərdəndir.

“Buna yalnız Dağlıq Qarabağa görə Ermənistanla (hər iki Avrasiya layihəsində iştirak edir, Gömrük İttifaqına daxildir və tezliklə Avrasiya İqtisadi İttifaqına daxil ola bilər) kəskin münasibətin yaranması deyil, eləcə də ekspertlərin fikrinə görə, ABŞ-ın təsir və maraq dairəsinə aid olan, Avropa komissiyasının Bakını tamamən öz tərəfinə çəkməyə çalışması mane olur”, - “İzvestiya” yazır.

Bir saatdan artıq çəkən görüşdən sonra nazirlər onları gözləyən jurnalistlərin yanına enərək, aparılan danışıqları “çox faydalı” kimi xarakterizə ediblər. Hər iki nazir görüşün nəticələrindən razı qalıb.

Jurnalistlərin Azərbaycanın Aİİ-nin inteqrasiya perspektivlərinə dair suallara cavab verərkən Sergey Lavrov bildirib ki, Rusiya Bakıya yeni qurumda iştirak üçün rəsmi təklif yollamayıb, amma onun tərəfindən maraq göstərilərsə “sevindirici hal olar”.

Məmmədyarov ilə danışıqlardan sonra rusiyalı nazir prezident İlham Əliyevin dəvəti ilə onun rezidensiyasına yola düşüb və bağlı qapı arxasında görüşdə iştirak edib.

“İyun ayının axırına kimi Rusiya baş nazirinin müavini Dmitri Roqozin, daha sonra Dövlət Dumasının spikeri Sergey Narışkin Bakıya gələcəklər. Görünür, onlar da Azərbaycanı Avrasiya İttifaqına qoşulmağa inandırmağa çalışacaqlar”, - nəşr yazır.

Qayarxett.info