backend

Dövlət rəsmisi parkinqlərdə qiymətlərdən danışdı

Dövlət rəsmisi parkinqlərdə qiymətlərdən danışdı

“Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər”.

Bakıda ilin sonunadək xaricdən 1000 parkomat gətirilərək quraşdırılacaq.

qaynarxett.az Xezerxeber.com-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib. Onun sözlərinə görə, tətbiq ediləcək yeniliklər hazırda test mərhələsindədir:

“Nəzərdə tutulan məsələlər tez bir zamanda həll olunacaq. Çünki bu məsələ təkcə bizdən asılı deyil, bizim tərəfdaşlarımız da var. Hazırda parkomatların quraşdırılması prosesi gedir, amma bununla yanaşı, ödəniş sistemlərinin testləri də aparılır ki, onlar daha geniş formada, məsələn, SMS, plastik kartlar və başqa ödəniş sistemləri də olsun. Artıq mobil telefonlarda boş parklanma yerlərini göstərəcək proqramlar hazırlanıb və onlar yoxlama mərhələsindədirlər. Yoxlama 1 ay, ay yarım ərzində aparılmalıdır ki, normal səviyyədə işə başlansın və sonradan hər hansı problem baş verməsin”.

İdarə rəisi həmçinin qeyd edib ki, prezident İlham Əliyevin qanunsuz parklanma ilə bağlı müvafiq göstərişindən sonra görülən tədbirlər nəticəsində ödənişli avtomobil duracaqlarından istifadə edənlərin sayı artıb. Bəzi yerlərdə isə artıq qiymətlər də aşağı salınıb:

“Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Təbii ki, işə gələn adam istəyər ki, 8-9 saat avtomobilini belə bir təhlükəsiz yerdə saxlasın. Məsələn, səhər saat 8:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manat düşür. Ödəniş aylıq deyil, gündəlik olanda, saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər”.

H.Abdullayev bildirib ki, bu günədək quraşdırılmış parkomatların sayı artıq 50-ni keçib və bu rəqəm gündəlik olaraq dəyişir. İlin sonunadək isə xaricdən 1000 parkomat gətirilərək quraşdırılacaq.

Onun sözlərinə görə, şəhər üzrə müvəqqəti duracaqlarda parkomatlar vasitəsilə ödənişlər 3 zona üzrə olacaq:

“Hələlik yalnız 1-ci zona üzrə qiymətlər müəyyən edilib. İkinci zona isə yaxın günlərdə fəaliyyətə başladıqdan sonra həmin ərazilər üçün də qiymətlər elan ediləcək. Zonalar parkomatlar quraşdırıldıqca yaranacaq”.

Departament rəhbəri paytaxt sakinlərinə müraciət edərək qoyulan qayda-qanuna riayət etmələrini xahiş edib:

“Bakı şəhər sakinlərindən avtomobillərini park edərkən bir az mədəniyyətli olmalarını xahiş edirik. Bu işlər də ona görə görülür ki, şəhərin yollarında rahatlıq yaransın. Ona görə də xahiş edirik, bu işlərə maneçilik törədilməsin. Artıq hamı görür ki, şəhərin mərkəzi yollarında qanunsuz parklanmalar yığışdırılıb. Amma mən yenə də xahiş edərdim ki, sakinlər və avtomobil sahibləri, sürücülər bu işlərə anlayışla yanaşsınlar. Əks halda onlar yol polisi tərəfindən cərimə olunacaqlar. Artıq anlamaq lazımdır ki, dəyişikliklər gedir və bu dəyişikliklərə tabe olmaq lazımdır. Bu gün görülən bütün işlər vətəndaşlar üçündür. Artıq bir ay əvvəlki vəziyyətlə olan fərqi rahat sezmək olur. Artıq insanlar səkilərdən rahat keçir, uşaq arabaları ilə rahat gəzirlər. Əvvəllər bu, mümkün deyildi”.

Bütün bu işlərin bu ilin payız mövsümünədək görülüb bitirilməsi və ilin axırına kimi sistemin tam şəkildə işə salınması nəzərdə tutulur.