backend

Uzunqulaqla qalustuqsuz söhbət

Uzunqulaqla qalustuqsuz söhbət
Eşşəklə neytral ərazidə görüşdük. Məqsədimi ona bəyan etdim. Mənə ilk şərti bu oldu ki, gəl səmimi danışaq. Bu şərti pozsan, söhbətimizi yarımçıq kəsəcəm. Unutmayaq ki, sən adamlıq,mən də eşşəklik həddimizi aşmayaq. Bunu eşidib razılaşdım və ilk sualımı həmsöhbətimə verdim.

Adam:-Ay möhtərəm eşşək! Mənsub olduğumuz xilqət, yəni eşşəklər əsasən haralarda yaşamağı xoşlayırlar? Əlbəttə, məni ilk növbədə milli eşşəklərimizin taleyi maraqlandırır.

Uzunqulaq:-Əsasən adamların arasında, insanların həyətində yaşamağa üstünlük veririk. Özü də kənddə və kənd rayonlarında. Hərdən bəzi qohum - əqrabamızın bəxtinə şəhər mühiti düşür. Amma bütün bunlar istəyimizlə deyil. Bizdən olsa, çöllü-biyabanda azad gəzər, müstəqil anqırar. Otlaqda suveren otlayarıq.
Adam:- Əhatəsində yaşadığınız insanlarla ünsiyyətinizdən narazı deyilsiniz ki?

Uzunqulaq:- Necə deyim: - ( bir ağız yanıqlı – yanıqlı anqırır). Biz eşşəklər həyətdə və bayırda bir-birimizə fərq qoymuruq. Hamımız eyni örüşdə otlayır, eyni yerdə ağnayır,- hamımızın kefi nə vaxt istəyir, məhz onda da anqırır. Siz adamlar isə neçə - neçə təbəqəyə bölünürsünüz, insanları müxtəlif növlərə ayırırsınız. Vəzifədə tabe olduğunuzun anqırtısını isə həzin ney səsi kimi qəbul edirsiniz.
Bir sözlə eşşək elə hər yerdə eşşəkdir və yaltaqdır. Üzdəniraq adamlar isə yaltaqlıqla, rəzilliklə əsl simalarını maskalayıb gizlədirlər.

Adam:- Bizlərdə belə bir atalar sözü var: “ayazda qalmayan qoduq tövlənin qədrini bilməz”

Uzunqulaq:- Bəli var, özü də məcazi məna daşıyır. Yəni insanlara aiddi. Ona görə biz də xoncuqlayıb eşşəyin sözündən çıxan qoduğu tövləyə buraxmırıq. Qoduq bundan nəticə çıxarır və bir də belə qələt eləmir. Yolunu azan adamı isə nə qədər soyuqda, şaxtada da saxlasan xeyri yoxdu. Bizlərə sizlərin quraşdırdığı bir atalar sözünü də mən deyim: “eşşək bir dəfə düşdüyü palçığa ikinci dəfə batmaz, adam eyni palçığa lap on dəfə batar”

Adam:- Bəşəriyyətdə neçə cür eşşək mövcudur?Ümumiyyətlə, aranızdakı fərq bölgüsünü necə aparırsınız, nəyə əsasən müəyyənləşdirirsiniz?
Uzunqulaq:- Mən milli məmləkətimizin suveren sərhədlərindən kənara çıxmışam. Ona görə də sizin suala ancaq milli eşşəklərimizə istinadən cavab verməyə çalışacam. Biz milli eşşəklərin arasındakı bölgü əsasən rəngimizə görə olur. Boz eşşək, qara eşşək, az miqdarda ağ eşşək. Bir qism eşşəklər minik, çox sayda eşşəklər isə yük üçün istifadə edilir.
Sizdə isə çeşidli - çeşidli bölgülər fərqi qohum-əqrəbasına, vəzifəsinə, doğulduğu yerə görə aparılır.

Adam:- Çünki övlada məhəbbətli, qohumcanlı olmaq insana məxsus mənəvi keyfiyyətdir.

Uzunqulaq:- Ey azərtürk övladı! Nə vaxt və harda görmüsən ki, eşşək əkib doğduğu balasını həddi-buluğa çatmamış müstəqil eşşək olmamış atsın?! Harda görmüsən ki, bir qoduq, eşşək həddinə çatana kimi hansısa eşşək ona aliment versin?! Görüb eşitməmisən?... Gözünü döymə, bilirəm ki, “yox” deyəcəksən. Sizdə isə alimentlə böyüyən, ata-anası ola- ola yetim qalan uşaq nə qədər desən.

Adam:- (qeyzlənir). Sizin aranızda sədaqət anlayışı necə ola bilər? Axı siz eşşəksiniz...

Uzunqulaq:- Bəyəm eşşək Allahın yaratdığı məxluq deyil?Mənim bir əmimin işgüzar övladı bir dağ kəndində yaşayır. Sahibi onu çuvallayıb ya palanlayıb meşəyə aparır. Əvvəlcə iki şələ odun doğrayır, onu sickəyə çataqlayıb atır eşşəyin belinə. Sonra eşşəyin üzünü çöndərir kəndə gedən cığıra. Bərkdən “hoş” deyib, ehmalca onu daldan itələyir və yambızına bir şallaq vurur. Əmimin əziz- xələf yadigarı belindəki yüklə düz gəlir sahibinin kənddəki məhəlləsinə. Həyətdəki külfət üzvlərindən biri odun şələsini götürür. Heç qoymurki yazıq eşşək nəfəs dərsin.Təzədən eşşəyin üzünü çevirir meşə səmtinə: Eşşək dinməz-söyləməz meşəyə doğru yol alır. Bu müddətdə onun sahibi meşədə növbəti şələnin odununu doğrayıb iflicinə şələ bağlayır.
Bəzən olur ki, sahibimiz bizi başqasına satır.Biz təzə yiyəmizə də canla- başla qulluq göstəririk. Onun yanında bir dəfə də olsun keçmiş sahibimizin pisinə danışmırıq. Heç yüngülvari qeybət də eləmirik. Amma siz hər təzə müdirinizə, bossonuza, rəhbərinizə elə yaltaqlanırsınız ki, köhnə ilə kəsdiyiniz duz- çörək tamam yaddan çıxır. Hər gün təzəyə xoş gəlsin deyə, köhnənin kölgəsini sağa da, sola da qılınclayırsınız. Yeri gələndə ona “vətən xaini” damğası da vurusunuz.

Adam:- Öz qoduqlarınıza eşşək davranış tərzi, eşşək əxlaq qaydaları barədə öyüd-nəsihət verirsinizmi? Əgər verirsinizsə , bu tərbiyə üsulunda hansı dünyavi və milli prinsiplərə əsaslanırsınız?

Uzunqulaq:- Eşşəklik bizdə irsidi, qan və südlə keçir. Ona görə də heç vaxt heç yerdə eşşəkliyimizi unutmuruq. Bu bizim mentalitetimizdi. Ancaq siz övladlarınızın bir qisminə necə əxlaq dərsi keçirsinizsə, onlar cəmiyyətdə insanlıq mentalitetinə yad olan hər cür layiqsiz hoqqalardan çıxırlar. Pullu ataları onlara əməlli- başlı qulaqburması vermək əvəzinə deyir ki, “eşşəklik eləmə, ay qoduq. Adam ol”. Eybi yox, hələlik sizin hər cür təhqirlərinizə dözürük. Dözüb gözləyirik ki, qoy Azərbaycan məmləkətimiz bir sıra beynəlxalq qurumlara üzv olsun. Onda adamlardan onlara bizə qarşı söylədikləri ədalətsiz təhqir və hədyanlar barədə necə lazımdır elə də şikayət edərik.

Adam:- Ya eşşəksən! Sən hərdən lap ağ eləyirsən ha. Eybi yoxdu. Bunun “razborka”sını apararıq...
Eşşəklər aləmində ailə-nigah qaydalarını kim və necə müəyyənləşdirir?

Uzunqulaq:- Belədi də. Deməli erkək eşşək yalnız dişi eşşəklə cütləşə bilər. Daha sizdəki kimi kişinin kişi ilə aşaması bizim Eşşəkistanda qəti qadağandır. Bu, heç bizim ağlımıza da gəlmir. Hərdən olur ki, nadürüst eşşək qızışanda mentalitetimizi unudur və gözünə maydanın belinə sıçrayır. Onda bütün namuslu eşşək tayfamız o əxlaqsız eşşəyi, onun tutduğu əməli lənətləyir. Yaradan səsimizi eşidir və atın eşşəkdən doğduğu qatır doğub-törəmək nemətindən məhrum olur. Biz eşşəklər insanların ailə-namus, qadın-kişi münasibətlərinə qətiyyən qarışmırıq. Onlara heç pis gözlə də baxmırıq. Sizlər isə ... ancaq sizlər isə... (göz yaşlarına qərq olan kədərli və uzun anqırtıdan sonra özünü toplayır)... bizi minirsiniz... Hələ üstəlik bəziləriniz dağda- dərədə namusumuza təcavüz edirsiniz.

Adam:- Eşşəklər bilib, başa düşüb dərk edirlərmi ki, məmləkətimizin iyirmi faizindən çoxu erməni işğalçılarının istilası altındadır? Anlayırlarmı ki, müharibə şəraitindəyik?

Uzunqulaq:- Əlbəttə bilirik, Ermənilər dağ sərhədlərində bizdən hərbi qulluqçularla bir cərgədə olanlar var. Maşın çıxmayan, texnika hərəkət edə bilməyən yollarda müxtəlif döyüş sursatı və ərzaq məhsullarının daşınmasında bizlərdən istifadə olunur. Etiraf edim ki, çətindi, ağırdı. Bunun qışda şaxtası, boranı var, payızda yağışı, yazda seli-daşqını var. Amma əsl eşşək kimi hər əzaba dözürük. Vətənə sədaqətimizi bir an da yaddan çıxarmırıq. Ona görə də eşşəklərin arasında bir dənə də fərari eşşək yoxdu...

Adam:- (Təəccüblə eşşəyin sözünü kəsir) Heç sizdən törəyən qoduqlar da döyüş bölgəsini tərk etmir? Axı onlar qoduqdurlar, yaşca...

Uzunqulaq: (Əsəbiliklə adamın sözünü kəsir)Yaşın nə fərqi var ki?! Hamımız sevirik Vətəni.

Adam:- 21-ci əsrə qədəm qoymuşuq. Yeni era üçün nə arzulayırsınız?

Uzunqulaq:- Cəmiyyətdə də, həyatda da adamın adam yeri, eşşəyin də eşşək yeri olsun. Heç kəsin yeri dəyişik düşməsin...

Ədalət