backend

Qazaxlı uşaqlara dəyən zərbələr- ARAŞDIRMA

Qazaxlı uşaqlara dəyən zərbələr- ARAŞDIRMA

“RİH başçısı Ayaz Əsgərov adətən öz kabinetindən qırağa çıxmır və rayon bağçalarındakı vəziyyəti haradan bilsin?”

Uşaqlar gələcəyimizdir, bağçalar isə gələcəyimizi məhv edir

Uşaqların bütün bəşəriyyətin gələcəyi olduğunu bilmək özündən Amerika kəşf etmək deyil.
Amma Qazaxda bu gələcək və bu nəsil məhv edilməkdədir. Buna görə də düşünmək olar ki, uşaqlar bizim gələcəyimizdir, amma kapital kimi, daha uşaq kimi deyil. Çünkü Qazaxda son vaxtlar uşaq bağçalarının başına elə oyunlar açıblar ki, adamın əli üzündə qalır. Bu barədə bir az sonar. İndi isə ümumi ölkə bağçaları haqqında bir qədər ümumilləşdirmə aparaq.

Yerlərdə sırf ali və orta təhsilli bağça tərbiyəçilərini barmaqla saymaq olar. Əksər kənd yerlərində nəinki tərbiyəçilər, hətda bağça müdürləri də ali təhsilli deyil. Bəzi müəllimlər bağça işinə bir trampiln kimi baxır, vəyaxud başqa yerdə iş tapa bilmədiyindən bu işin qulpundan yapışır. Ümumiyyətlə ümumtəhsil məktəblərində çalışan müəllimlər və bağça müəllimələrinin həftəlik dərs yükü arasında kəskin fərqlər mövcuddur. Yəni məktəb müəllimlərinin 12 saatı 1 ştat sayılırsa, bu rəqəm bağçalarda 36 saatdır.
Təsəffür edin, bağça tərbiyəçiləri 3 dəfə artıq yüklənmişlər və bunun müqabilində az qala 3 dəfə də az maaş alırlar. Daha dəqiqi müəllimin dərs yükü 36 saata çatırsa (hərçənd indi bu mümkün deyil, nazirlik 24 saat həddi qoyub) 350-400 manat maaş ala bilər. Amma kənd bağçalarında 36 saat yükü olan tərbiyəçilər 120-130 manatla kifayətlənməli olurlar. Oda var ki, bağçalarla ümumtəhsil məktəblərinin iş saatı eyni deyil, bağçalarda günün az qala 8-9 saatı iş saatıdır, məktəblərdə isə bu 6 saatdır. Amma bağça tərbiyəçilərinə də hədd qoyulub- uzağı 40 saat. Həftədə 40 saat, ayda azı 160 saat edir və 160 saata 120 manat maaş dünyanın heçbir yerində yoxdur. Bir məsələ də m raq doğurur. Bakıda bir uşağa dayəlik edən şəxs ayda 250-300 manat qazanır, əyalətlərdə isə hər 20 uşağa dayəlik edən şəxs 120 manat maaşla kifayətlənməli olur. Olmaya Bakı ayrı bir ölkənin şəhəridir bizim xəbərimiz yoxdur? Bütün bu hallar isə bağçalarda saxtakarlıqların və digər xoşagəlməz halların baş verməsinə səbəb olur. Müdürlərin bu cür az əmək haqqı almaları neqativ hallara yol açır. Məcbur qalırlar vermeşili oğurlasınlar, mannı kaşa oğurlasınlar, imkanlı valideyinləri “sağsınlar”.

Bəs inkişaf etmiş ölkələrdə bu sahədə vəziyyət necədir?

Bu sahədə ən öndə gedən ölkə Finlandiyadır. BU ölkədə uşaqların 99%-i bağçalara cəlb edilir.
BU rəqəm Belçikada 95,Almanyada isə 91% təşkil edir. Norveç isə o qədər irəli gedib ki, dünyadakı “uşaqların cənnəti” adını alıb. Bu meyyarlarla götürsək “uşaqların cəhənnəmi” adını Azərbaycan alasıdır. Hətta MBD ölkələrində də bu sahədə dünya öncülləri var. Belarus respublikasında bu rəqəm 81.2 % təşkil edir.Əhalisi Azərbaycan qədər olan bu ölkədə 41.000 uşaq bağçası var(Azərbaycandan 2.5 dəfə çox). Həmin bağçalarda isə 51.000 pedaqoq çalışır ki, onlarında yarıdan çoxu ali təhsillidir. Bu pedaqoqların 55% isə kənd bağçalarının payına düşür. Bu ölkədə “Preleka” layihəsi çərçivəsində 400-dən artıq metodiki vəsait ayrılıb bağçaların ixtiyarına verilib. Bəyənmədiyimiz Qazaxıstan isə bu sahədə daha “iri addımlarla irəliləyir”. Bu dövlətin qəbul etdiyi xüsusi layihə əsasında 2009-2012-ci illərdə ölkədə 57.400 yerli 2.000 uşaq bağçasının tikilməsinə başlanılmışdır.Bağçaların sayını uşaqların sayı ilə müqayisə etsək hər bağçaya təxminən 285 uşaq düşəcək. Qazaxıstan və Qazax rayonunun adlarını eyni kökdən olmasını nəzərə alıb müqayisə aparsaq deyə bilərik ki, Qazaxdakı bağçadakı uşaqların hamısını Qazaxıstanın 3-4 uşaq bağçasına yerləşdirmək olar.

İndi isə Azərbaycana qayıdaq

Yuxarıda qeyd etdiyim kimi 2 ölkənin də əhalisi eyni saydadır. Amma Azərbaycanda uşaq bağçalarına cəlb olunan uşaqlar ümumi uşaqların cəmi 15.08 % təşkil edir.(Belarusda 81.2 %). Qəribə bir sual yaranır: Necə olur ki, Belarus iqtisadi cəhətdən zəif olduğu üçün Azərbaycandan 20.000.000 manat borc alır, ancaq məktəbəqədər müəsisələrə bizdən 5 dəfədən artıq uşaq cəlb edir? Statistik məlumata görə hazırda Azərbaycan da 1604 uşaq bağçası var. Bunların da 70%-i təmirsiz və şəraitsizdir. Həmin bağça binalarının 32% də (500-ə qədərində) isə 20 ildən artıqdır məcburi köçkünlər məskunlaşıb. Bundan əlavə son illərdə 240 bağça özəlləşdirilib və bunun da heç biri bağça profili ilə işləmir. Ölkə başçısı İlham Əliyevin 12 aprel 2007-ci il tarixində “Məktəbəqədər təhsilin yeniləşdirilməsi” haqqında sərəncamına əsasən dövlət proqramı qəbul edilib. Çox təssüff ki, həmin proqramda nəzərdə tutulan işlərin reallaşdırılması üçün nəzərəçarpacaq işlər son dərəcə qıtdır.
Bu sahədə Qazax rayonunda demək olar ki, heçbir iş görülməyib. RİH başçısı Ayaz Əsgərov adətən öz kabinetindən qırağa çıxmır və rayon bağçalarındakı vəziyyəti təbii ki, görə bilməz. Bunun nəticəsidir ki, hətta rayon mərkəzində gözəgəlimli yerdə yerləşən bağçaların da taleyi qaranlıq olaraq qalır. Hətta o da baş verib ki, Qazax şəhərinin ən gözəgəlimli yerlərindən birində yerləşən bağçanı söküb yerində bank tikiblər. Hansı ki, həmin “rəhmətlik” bağça RİH binasının 200-300 metr yaxınlıqında idi. İndi qazaxlılar məcburdur Ayaz müəllimi kabinetindən nə yolla olur olsun bayıra çıxarmaq əziyyətinə qatlaşsınlar. Yoxsa gələcəyimizi uşaqlar yox, bankların çirkli sələm pulları həll edəcək.

P.S Maksim Qorki vaxtı ilə uşaqları “Yer üzünün canlı çiçəkləri” adlandırmışdı. Təəssüf ki,
bu “canlı çiçəklər” bəzi qarnıqulu məmurların və işbazların yetişdirdiyi “qanqalların” içində saralıb solmaqdadır.


S.O.S: Qanqalını otlamalı adamlar çiçəklərimizi məhv etməkdədir.

“Dövrün tələbi” qəzetinin məsul katibi
Fəridə Abulfathi