backend

Hacıbala Abutalıbovun açılışını etdiyi uşaq bağçasında şıdırğı rüşvət yığılır

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov cənabına 274 saylı körpələr evi-uşaq bağçasının rəhbəri Vəliyeva Dünyaxanım Qələm qızının qanunsuz əməlləri ilə bağlı MÜRACİƏT

Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.


Lakin bütün səylərə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bəzən əvəzsiz xidmətlər sayəsində başa gəlmiş dövlətçiliyimizə kölgə salan “qara qüvvələr” cəmiyyətdə özünü büruzə verir. Özlərini idarə etdiyi sahənin “balaca padşahları” hesab edənlər üçün qanunun aliliyi prinsipi pozula bilər. Lakin hər kəs bilməlidir ki, qanun qarşısında hər kəs eyni qaydada məsuliyyət daşıyır.


Təsadüfi adamların rəhbərliyi altında fəaliyyət göstərən bağça müdirələrinin “çirkin maraqları” böyük işlərimizin “qara yarası”na çevrilir. Belə ki,bu haqda məlumat verən Qaynarxett.az İnformasiya Mərkəzinin direktoru Ədalət Nəbibəyli Binəqədi rayonu ərazisində yerləşən 274 saylı bağçada hökm sürən “xaos” haqqında ilginc məlumatlar verib. Ədalət bəy Bağça müdirəsi Vəliyeva Dünyaxanım Qələm qızının bütünlüklə iş funksiyasını rüşvət, korrupsiya üzərində qurmasından, bağçada baş verən böyük yeyinti hallarından, ələlxüsus, hər həftənin şənbə günləri uşaqlar üçün ayrılmış ərzağın mənimsənilməsindən (nəzərə alsaq ki, şənbə günlər uşaqlar demək olar ki, olmur), bağça üçün ayrılmış iki gözətçidən birinin belə işə çıxmamasından, (yəni müdirə həmin gözətçilərə ayrılmış aylıq məvacibləri şəxsən mənimsəyir) ilkin olaraq bağçaya uşaq götürülərkən valideynlərdən 400-500 manat pul alınmasından və s. qanun pozuntularından bəhs edib.


Belə ki, Ədalət bəy öz nəvəsini bağçaya qoymaq üçün valideyn qismində həmin bağçada olub. Şikayətçi qeyd edir ki, həqiqətən də qapıda heç bir gözətçi yox idi. Məni qapıda işçi qarşıladı (sonradan öyrəndim ki, müdir həmin şəxsin əli ilə valideynlərdən pul alır). Nəhayət, uzun-uzadı danışıqlardan sonra təntənəli surətdə bağça müdirəsi ilə görüşmək şərəfinə layiq görüldüm. Dünyaxanım xanıma nəvəmi sizin bağçaya qoymaq istədiyimi bildirdim. Müdirə əvvəlcə bunun mümkünsüz olduğunu bildirsə də, onu maraqlandıran pul mövzusundan söhbət açdıqda hansısa ona tanış olan bir “hiss” ona razılıq verməyə məcbur etdi. Amma qeyd etdi ki, hal-hazırda bağçada yer olmadığı çarpayını özüm alıb gətirməliyəm.

Ədalət Nəbibəyli bildirir ki, apardığı jurnalist araşdırmalarının nəticələrinə uyğun olaraq faktlar, maddi sübutlar ən ali səviyyədə hüquq-mühafizə orqanlarına təqdim ediləcəkdir və inanırıq ki, sizə ünvanladığımız müraciətimizə sayğı göstərərək qanunamüvafiq qaydada göstərişlər verəcəksiniz.

F.Aslan