backend

Qaçqınlar azad edilmiş torpaqlara qayıdır: Aydın Mirzəzadədən eksklüziv - Açıqlama

Qaçqınlar azad edilmiş torpaqlara qayıdır: Aydın Mirzəzadədən eksklüziv - Açıqlama









“Həmin yaşayış məntəqələrindən köçən insanların siyahısı dəqiqləşdiriləcək və insanlara yenidən doğma yurd-yuvalarına köçmək təklif ediləcək”

Bunu parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Politika.Az-a deyib.

Deputatın sözlərinə görə, ərazi əvvəlcə minalardan təmizlənəcək, yaşayış məntəqələrində əhalinin təhlükəsiz yaşaması üçün tədbirlər görüləcək:

“İşğaldan azad olunan bölgələrdə yüksəkliklər Ermənistan Silahlı Qüvvələrinin nəzarətində idi. Ona görə də onların atəş zonasında olan bizim ərazilərdə vətəndaşlarımız yaşaya bilmirdi.

Hazırda həmin yüksəkliklər bizdə olduğuna görə həmin atəş zonasından azad olunan ərazilərə vətəndaşlarımızın köçürülməsi mümkündür. Ancaq köçürülmənin nə zaman və hansı qaydada aparılması barədə məlumatım yoxdur”.

Millət vəkili işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən bərpa olunacağını deyib: “Həmin ərazilərdə infrastruktur bərpa olunacaq. Köçürülən yerlər əvvəlcə minalardan təmizlənəcək, ərazinin təhlükəsizliyi tam bərpa olunacaq.

Yol, elektrik enerjisi, qaz xətləri çəkiləcək, orada evlər bərpa ediləcək, yaxud evlər tam dağıdılıbsa, yeni mənzillər inşa olunacaq.

Həmin yaşayış məntəqələrindən köçən insanların siyahısı dəqiqləşdiriləcək və həmin insanlara yenidən doğma yurd-yuvalarına köçmək təklif ediləcək”.

Xatırladaq ki, prezident İlham Əliyev məcburi köçkünlərin aprel döyüşlərində azad edilmiş ərazilərə qaytarılacağını deyib:

“Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi.

On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar”.