backend

Kosta-Rika 1/4 finalda

Kosta-Rika 1/4 finalda

Qekas penaltini dəqiq yerinə yetirə bilmədi.

Braziliyanın Resife şəhərinin “Pernambuko” stadionunda Dünya çempionatının 1/8 final mərhələsində Kosta-Rika Yunanıstan ilə üz-üzə gəldi.

qaynarxett.az xəbər verir ki, oyunda hesabı 52-ci dəqiqədə kostarikalıların kapitanı Brayan Ruis açdı.

66-cı dəqiqədə Mərkəzi Amerika təmsilçilərinin heyətində Oskar Duarte ikinci sarı və qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoydu.

Bundan sonra yunanlar oyunda tam üstünlüyə yiyələndilər. Onların hücumları hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə öz bəhrəsini verdi. Sokratis Papastatopulos fərqləndi, 1:1. Əsas vaxt bu hesabla da bitdi.

Əlavə 30 dəqiqə də bütövlüklə yunanların hücumları ilə keçdi. Lakin kostarikalılar Avropa təmsilçilərinin bu təzyiqinə tab gətirdi və oyunu penaltilər seriyasına qədər çatdıra bildilər.

Burada isə amerikalılar 5 penaltinin 5-ni də dəqiq yerinə yetirdilər, yunanların heyətində isə Teofanis Qekasın zərbəsini qapıçı Keylor Navas dəf etdi.

Beləliklə, Kosta-Rika 1/4 finalda, çempionatın bu mərhələsində onların rəqibi güclü Hollandiya yığması olacaq.