backend

Azərbaycanda monopolistlər ifşa olundu - Aralarında deputatlar da var

Azərbaycanda monopolistlər ifşa olundu - Aralarında deputatlar da var










Ölkədə inhisarçılığa son zərbə vurulacaq

“Milli Məclisdə millət vəkillərin çoxunun şəxsi biznesi var. Restoranlardan tutmuş istehsal sahələrinədək fəaliyyətlər göstərirlər. Belə mühitdə “Rəqabət Məcəlləsi”nin qəbulunu kim istəyər? Belə bir qanun, təbii ki, kimlərəsə təsir göstərəcək. Gör neçə ildir o qanun əldən ələ gəzir?”.

Bu sözləri İstiPress-ə iqtisadçı-ekspert Oqtay Haqverdiyev son günlər ölkə gündəmindən düşməyən, parlamentdə “Rəqabət Məcəlləsi”nin qəbul olunmamasına münasibət bildirərkən dedi.

O.Haqverdiyev deyir ki, məcəllənin qəbul olunmamasının əsas səbəbi parlamentdə monopolist millət vəkillərinin oturmasıdır. Onun sözlərinə görə, həmin deputatlar məcəllə neçə illərdir qəbul olunmasın deyə təzyiqlər göstərirlər.

Azərbaycan Milli Məclisi

“Azərbaycanda çox gözəl qanunlar. Amma bunların əksəriyyəti işlək vəziyyətdə deyil. Bu, bəzilərinə sərf etmir. Məcəllə qəbul olunsa, iqtisadiyyatda rəqabətlilik artacaq, bazarlarda qiymətlər ucuzlaşacaq. Təsəvvür edin ki, eyni məhsuldan bir neçə şirkət gətirir və bazara təqdim edir. Bir şirkət o biri şirkətdən məhsulu daha ucuz qiymətə təqdim edir ki, malı sata bilsin. Amma indiki vəziyyətdə monopolistlər buna imkan vermir və istədiyi qiymətə malını satır”, - deyə Oqtay Haqverdiyev bildirdi.

Azərbaycanda mal və xidmətlərin böyük əksəriyyəti sərbəst qiymətə satılırsa, demək, qiyməti də bazar müəyyənləşdirməlidir.

Bazarda ədalətli qiymətlərin müəyyənləşdirilməsi üçün süni qiymət artımının önü kəsilməlidir.

Buna yol açansa ədalətli rəqabətdir. Belə rəqabəti inzibati üsullarla yaratmaq mümkün deyil və rəqabətin işləməsinə mütləq iqtisadi qanunlar lazımdır.

Bu məqsədlə prezident İlham Əliyev Rəqabət Məcəlləsini hələ 2006-cı ildə Milli Məclisə təqdim edib. Milli Məclisdə iki oxunuşdan da keçən layihə sonradan parlamentin gündəliyindən çıxarıldı və... yalnız 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planında gündəmə gəldi və unuduldu.

Heç kimə sirr deyil ki, Azərbaycanda yüksək inhisarçılıq hökm sürür. Bu özünü həm idxalda, həm də daxili bazarda açıq şəkildə göstərir. Bundan başqa, milli bazarda da qeyri-sağlam rəqabət mühiti formalaşıb. Bunun səbəi isə gömrük qeydiyyatından yayındırılan malların milli bazara daxil olmalıdır.

İqtisadçı-ekspert Vüqar Bayramov İstiPress-ə bildirdi ki, parlamentdə “Rəqabət Məcəlləsi” qəbul olunduqdan sonra Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü sürətlənəcək və təşkilata üzvlük milli bazarda tempi müsbət istiqamətdə dəyişəcək.

“Bu çox vacib məqamdır. MDB-nin 3 neft ölkəsindən – Azərbaycan, Qazaxıstan və Rusiyadan yalnız Azərbaycan ÜTT-yə üzv dövlət deyil. Məcəllə Azərbaycan iqtisadiyyatında inkişaf templərini dəyişə biləcək sənəddir”, - deyə ekspert bildirdi.

V.Bayramov hesab edir ki, xüsusən indiki post-neft dövründə “Rəqabət Məcəlləsi”nin qəbul edilməsinə ehtiyac var. O bildirdi ki, sənədin qəbulu ölkədə mövcud olan monopoliyanın aradan qaldırılması üçün hüquqi baza formalaşdıracaq.

“Qonşu ölkələrin təcrübəsinə nəzər yetirsək görərik ki, bu məcəllə qəbul edildikdən sonra bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Məsələn, Gürcüstanda rəqabətin müdafiəsi ilə bağlı xüsusi dövlət agentliyi formalaşdırıldı. Bu agentlik birbaşa monopoliyanı tamamilə ləğv etmək,iqtisadiyyatda rəqabəti artırmaq üçün məsul oldu. Azərbaycanda bu məcəllə qəbul edildikdən sonra belə bir agentliyin yaradılması məqsədə uyğundur. Çünki post-neft dövrü birbaşa rəqabətin müdafiəsindən asılıdır. İqtisadiyyatın liberallaşdırılması fonunda monopoliyanın tamamilə aradan qaldırılmasına ciddi ehtiyac var. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir”, - deyə ekspert İstiPress-ə bildirdi.

Xatırladaq ki, ötən həftə keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanda “Rəqabət Məcəlləsi haqqında” qanunun hələ də qəbul edilməməsinə görə kəskin tənqidi debatlar olub. Millət vəkili Vahid Əhmədov ölkədə monopoliyanın baş alıb getdiyini bildirmişdi.

“Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik?”

Vahid Əhmədov - millət vəkili

İclasda o da qeyd olunub ki, “Rəqabət Məcəlləsi haqqında” qanun Milli Məclisə daxil olmayıb. Ona görə də məcəllə qəbul olunmur.

Lakin millət vəkili Vahid Əhmədov İstiPress-ə bildirdi ki, bu tamilə absurd bir əsasdır. "Sənəd parlamentə daxil olmayıbsa, iki oxunuşdan necə keçib".

Deputat qeyd etdi ki, “Rəqabət Məcəlləsi” bu ilin fevral ayında keçiriləcək iclasda yenidən müzakirə olunacaq.