backend

"Əhalinin hakimiyyətə qarşı narazılığı artmaqdadır" - Arif Hacılıdan etirazların başlayacağı anonsu (Müsahibə)

"Əhalinin hakimiyyətə qarşı narazılığı artmaqdadır" - Arif Hacılıdan etirazların başlayacağı anonsu (Müsahibə)
Uzun müddətdir müxalifət düşərgəsində süstlük hökm sürsə də, ölkədəki sosial narazılıq siyasi partiyaların da aktivləşməsinə zəmin yaradıb

Amma iqtidar əleyhdarları aktivləşməyə başlamamış əks hücumlara starta verilib. Belə ki, üç gün öncə Müsavat Partiyası qərargahının qarşısında bir qrup şəxs piket keçirib. Aksiyaçılar Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin və partiyanın ünvanına tənqidlər səsləndiriblər. Etirazçıların tələblərinin əsas məğzi bəlli olmasa da, bu təpkiləri siyasi müxalifətin gələcəkdə aktivləşməsinə qarşı önləyici tədbir kimi dəyərləndirirlər. «Reytinq» qəzetinin bu və ya digər məsələlərlə bağlı suallarını cavablandıran Müsavat Partiyasının başqanı Arif Hacılı bunu hakimiyyətin Müsavatın, eləcə də müxalifətin hərəkətlənməsindən narahatlığı ilə əlaqələndirib.


- Müsavat Partiyası hər gün daha da güclənir. Həm təşkilatlanma, həm də təbliğat və informasiya sahəsində Müsavat Partiyasının güclənməsi açıq-aşkar görünür. Eyni zamanda, partiyanın təsir imkanları artıb.

Müsavat Partiyasının ötən ay keçirdiyi həm ümumrespublika müşavirəsi, həm uğurlu 31 yanvar -Novxanı mitinqi də partiyanın təsir imkanlarının artdığını, toparlandığını göstərir. Hakimiyyət bundan təşvişə düşüb. Eyni zamanda, ölkədə olan indiki, ağır sosial-iqtisadi və siyasi böhran şəraitində protest elektoratın Müsavat və müxalifət ətrafında toplaşacağından ehtiyatlanaraq bunun qarşısını almaq üçün uğursuz cəhdlər edirlər. Son piketin səbəbi də məhz bununla bağlıdır.

Azərbaycan hakimiyyətinin Müsavat Partiyasının üzərinə təpkiləri yalnız həmin piketlə məhdudlaşmır. Diqqət yetirirsinizsə, son dövrlərdə televiziya kanallarında, ayrı-ayrı mətbuat orqanlarında Müsavat Partiyasına, İsa Qəmbərə, mənə qarşı olan təhqir və böhtan kampaniyasının intensivliyi artıb. Hakimiyyətin nəzarəti altında olan mətbuat orqanları, qurumlar, siyasətçilər, jurnalistlər son dövrlərdə Müsavat Partiyasına qarşı təhqir və böhtan kampaniyasını şiddətləndiriblər. Ancaq bütün bunlar Müsavat Partiyasını avtoritarizmə, ölkəni idarə edə bilməyənlərə, Azərbaycanı ağır siyasi və iqtisadi böhrana gətirən rejimə qarşı mübarizədən çəkindirməyəcək.

- Arif bəy, bundan əvvəlki dövrlərdə Müsavat Partiyası, eləcə də müxalifət daha aktiv idi, hakimiyyətə qarşı daha kəskin mövqe nümayiş etdirirdi. Ancaq hazırda müxalifət əvvəlki dövrə baxanda xeyli zəifdir. Belə bir məqamda Sizin gətirdiyiniz arqument real vəziyyətə uyğun gəlmir...

- Hesab edirəm ki, 2013-cü ildən sonrakı mərhələdə yalnız son aylarda müxalifətin güclənməsi göz önündədir. İstər referendum kampaniyası dövründə keçirilən kütləvi aksiyalar, istərsə də sosial media üzərindən müxalifətin mövqeyinin möhkəmlənməsi açıq-aşkar görünür. Elə müxalifət nümayəndələrinin, liderlərinin çıxışlarının bəzən 100-200 mindən artıq izləyicisinin olması, yeni saytların yaranması, bu saytların oxucularının sayının artması Azərbaycan hakimiyyətinin mövqeyinin daha da zəiflədiyini, müxalifətin isə güclənməkdə olduğunu göstərir. Hakimiyyət bu məsələləri diqqətlə izləyir və nəzərə alır.

Sizin dediyiniz məsələ də olduqca ciddidir. Ölkədə iqtisadi böhran dərinləşməkdədir. Əhalinin hakimiyyətə qarşı narazılığı artmaqdadır və müxalifətin güclənməsi fonunda bu proseslər Azərbaycan hakimiyyətini çox narahat edir. Eyni zamanda, protets elektoratın Müsavat Partiyası və digər müxalifət qüvvələri ətrafında toparlanmasından ehtiyatlanaraq bu cür uğursuz cəhdlər edirlər.

- Bundan bir müddət əvvəl metroda gedişhaqqı, yanacaq və digər məhsulların qiyməti qalxdı. O zaman Müsavat və digər müxalifət partiyaları kütləvi etiraz aksiyaları təşkil etdilər. Son 2 il əzində isə daha ciddi qiymət artımı baş verib, ölkədə iqtisadi böhran yaşanır, insanların narazılığı daha da böyüyür, amma siyasi müxalifətdə hərəkətlənmə yoxdur. Bundan əvvəl bir neçə cəhdlər oldu və hakimiyyət də əsaslandırır ki, həmin mitinqlərdə müxalifət xalqdan dəstək ala bilmədiyinə görə artıq etiraz aksyalarına ara vermək məcburiyətində qalıb. Nə üçün əvvəlki etirazlar indi yoxdur?

- Əslində, Azərbaycanda narazı elektoratın sayı əvvəlkilərdən daha çoxdur. Sadəcə, Azərbaycan hakimiyyətinin apardığı zorakı siyasət, həbslər, kütləvi aksiyalarda iştirak edənlərə qarşı təqiblər, kütləvi aksiyaların keçirilməsi üçün uğurlu yerlərin ayrılmaması və digər faktorlar narazı elektoratın ciddi bir qisminin kütləvi aksiyalarda iştrakının qarşısını alır.

Ancaq ölkədə normal demokratik şərait olsa, sərbəst toplaşma hüququ Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun olaraq yerinə yetirilsə, kütləvi aksiyalarda iştirak edənlərə qanunda nəzərdə tutulduğu kimi, heç bir təzyiq göstərilməsə, belə aksiyalarda iştirak edən insanların sayı 10 minlərlə, bəlkə də 100 minlələrlə olar. Hesab edirəm ki, əsas səbəb budur.

Müxalifət qüvvələrinin indiki mövqeyi kifayət qədər aydındır. Biz, baş verənlər barədə cəmiyyəti xəbərdar edirik və yaxın zamanlarda ölkənin hansı vəziyyətə gələcəyi, eyni zamanda iqtisadi böhranın miqyasının hansısa səviyyədə olacağı barədə ictimaiyyəti məlumalandırırıq. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanda mövcud olan protest elektorat hakimiyyətin apardığı uğursuz xarici və daxili siyasətə qarşı daha fədakar mübarizə aparmağa hazır olacaq. Bu zaman müxalifət qüvvələri də, Müsavat Partiyası adından deyə bilərəm ki, kütəvi aksiyaların təyin olunması barədə qərar qəbul edəcək.

Biz bu məsələlərə peşəkarlıqla yanaşırıq. Yəni, Azərbaycanda elə bir vəziyyət var ki, yalnız hissiyatla hansısa, populyar qərarlar qəbul edib, müvəqqəti olaraq öz nüfuzumuzu artırmaq üçün addımlar ata bilmərik. Biz bütün məsələləri götür-qoy edirik və cəmiyyətin maraqlarına uyğun fəaliyyət göstəririk.

- Hakimiyyət nümayəndələri mövcud durumla bağlı çıxış yollarının olduğunu, müəyyən islahatların aparılması ilə bağlı fikirlər sələndirirlər. Sizcə, bu hökumət hazırki vəziyyətdən çıxış yolu tapa biləcəkmi?

- Çıxış yolları çox da mürəkkəb deyil. Bilirsiniz ki, ötən ilin yanvar ayında Müsavat Partiyası iqtisadi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi təqdim etdi. Bundan sonra bir sıra düşüncə mərkəzinin "Böhrandan imkana” adlı yol xəritəsi Azərbaycan cəmiyyətinə mətbuat vasitəsilə təqdim olundu. Təbii ki, bunlardan Azərbaycan hakmiyyətinin xəbəri var.

Amma iş bununla məhdudlaşmır. Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar, ictimai təşklatlar, ayrı-ayrı iqtisadçılar da təkliflər irəli sürüblər.

Əslində, Azərbaycan hakimiyyətinin də deklorativ olaraq böhrandan çıxmağın yolları barədə dedikləri sözlərin bir çoxu həqiqətdir. Yəni, həqiqətən qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır və lazım idi. Həqiqətən korrupsiya və rüşvətxorluğa son qomaq lazımdır və bundan əvvəl də lazım idi. Həqiqətən ölkədə iqtisadi sahələr üzərində inhisarçılığa son qoyulmalıdır. Həqiqətən regionlar inkişaf etdirilməlidir.

Bu tipli fikirlər hakimiyyət nümayəndələri tərəfindən daim səsləndirilir. Sadəcə olaraq, iqtidar komandasının siyasi və iqtisadi islahatlara getmək üçün siyasi iradəsi yoxdur, onlar Azərbaycan cəmiyyətində nüfuzlarının olmadığını hamıdan yaxşı bilir və ölkədə hər hansı islahatın onların hakimiyyətlərinə son qoyacağından ehtiyatlanırlar. Ona görə də bugünkü hakimiyyətin həm siyasi, həm də iqtisadi baxımdan real islahatlar aparacağına inanmıram.

- Arif bəy, təxminən bu fikirləri əvvəlki illərdə də eşitmişik ki, hakim komanda müəyyən islahata gedəcəyi təqdirdə öz hakimiyyətini itirəcək və bu komanda ilə çox da irəli gedə bilməz. Belə görünür, 10-15 ildir ki, eyni vəziyyətdir. Müxalifət də, hakimiyət də, elə cəmiyyətdə eyni yanaşmanı səgriləyir. Bu vəziyyət hələ çoxmu davam edəcək?

- Təbii ki, bu vəziyyət əbədi olaraq uzana bilməz. Biz 4-5 il bundan əvvəl deyirdik ki, neftin qiyməti ucuzlaşa, neft ehtiyatları tükənə bilər, neft gəlirləri labüd olaraq azalacaq. Təbii ki, Azərbaycan hakimiyyəti ölkəni bu vəziyyətə hazırlamalı və ehtiyat tədbirləri görməli idi. Azərbaycana bu müddət ərzində daxil olan 140 milyarddan artıq vəsait elə sahələrə yönəldilməliydi ki, bu sahələr indi dövlət büdcəsini təmin etmək üçün yetərli olsun.

Ancaq bizim bütün xəbərdarlığımıza baxmayaraq, Azərbaycan hakimiyyəti bu addımları atmadı və bu illər ərzində verdiyimiz proqnozlar artıq doğruldub. Yəni, hakimiyyətin yalnış iqtisadi siyasəti Azərbaycanı böhranla üzləşdirib. Mənə elə gəlir ki, cəmiyyətimiz artıq bundan daha dərin böhrana tab gətirəcək vəziyyətdə deyil. Yaxın vaxtlarda Azərbaycan cəmiyyətinin baş verənlərə qarşı fədakar etirazlarının şahidi olacağıq.

- Bu etirazlar nə ilə nəticələnə bilər?

- Ölkədə hökmən həm siyasi, həm istisadi islahatlar aparılmalı, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan hüquq və azadlıqlar təmin edilməlidir. Ölkədə normal bazar iqtisadiyyatı, liberal iqtisadi sistem qurulmalıdır. Amma hakimiyyət bunu könüllü olaraq etmək istəmir. Ona görə də Azərbaycan cəmiyyəti fədakarlıq göstərərək hakimiyyəti buna məcbur etməlidir. Şübhəsiz ki, siyasi, iqtisadi islahatlar da, bütövlükdə cəmiyyətin indiki böhran vəziyyətindən çıxması da ilk növbədə ölkədə azad və ədalətli seçkilərdən keçir.

Ölkədə icra hakimiyyətinin xalqın iradəsi ilə formalaşdırılması, müstəqil parlamentin, müstəqil məhkəmə sisteminin formalaşması iqtisadi və siyasi islahatların əsasını təşkil edə bilər. Hesab edirəm ki, Azərbaycanın hazırkı böhrandan çıxması məhz, azad və ədalətli seçkilərdən sonra başlamalıdır və bizim də əsas tələblərimizdən biri bu olacaq.

- Əgər islahatlara gedilməsə və xalq etirazları davam edəcəyi təqdirdə etirazlar bir qədər dağıdıcı mərhələyə keçə bilərmi?

- Biz, Müsavat Partiyası olaraq Azərbaycada hər hansı xaosun yaranmasını heç zaman arzulamamışıq. Biz, partiyamızın həm nüfuzu, həm də respublikanın bütün ərazilərində olan strukturları vasitəsilə ölkədə vətəndaş qarşıdurmasının baş verməməsinə nail olmaq imkanlarına malikik. Eyni zamanda, mən Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti toparlanmağı, təşkil olunmağı bacarır. İndiki şəraitdə siyasi proseslərin hansı istiqamətə yönəlməsindən asılı olmayaraq, ölkədə idarəolunmaz xaotik hadisələr baş verməyəcək. Azərbaycan cəmiyyəti toparlanıb, vəziyyətdən çıxış yolunu tapacaq. Bu məsələlərdə həmişəki kmi, yenə də xalqın yanında olacağıq. (mia.az)

Qaynarxett.az