backend

Salyanda narkotik əməliyyatları: polis ayağa qalxdı

Salyanda narkotik əməliyyatları: polis ayağa qalxdı




















Salyan rayon polis şöbəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər.


Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və çoxsaylı oğurluq cinayətləri törətmiş şəxsləri yaxalanaraq məsuliyyətə cəlb edilib.

Belə ki, İlham Abbasov adlı vətəndaşın külli miqdarda narkotik maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub. Məlumat daxil olduqdan sonra o nəzarətə götürülüb.

Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki şübhəli bağlamanı ataraq qaçmaq istəyib. Lakin buna nail ola bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədilə alıb. Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib.

Salyan polisinin keçirdiyi digər əməliyyat nəticəsində rayon ərazisindəki evlərdən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.

Belə ki, Kürqaraqaşlı kənd sakini Taleh Eyvazov evindən külli miqdarda qızıl zinət əşyaları və pul oğurlanması barədə polisə məlumat verib. Dərhal istintaq əməliyyat tədbirlərinə başlanılıb və cinayəti törətmiş şəxslər - Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov müəyyən edilərək saxlanılıb.

Dəstə üzvləri bildiriblər ki, gözəgəlimli evləri müəyyən edərək əvvəlcə ətrafda müşahidələr aparıblar. Daha sonra isə ev sahiblərinin evdə olmadığı vaxtlarda qapını və ya pəncərəni sındırma yolu ilə içəri daxil olublar. Təbriz Bağırovla Ramiq Hüseynov otaqları axtarıb. Fərid Gülməmmədov isə pusquda dayanaraq gəlib gedənə nəzarət edib. Təkcə vətəndaş Taleh Eyvazovun evindən 3860 manat dəyərində qızıl və külli miqdarda nəğd pul talanıb.

İstintaqla daha sonra dəstə üzvlərinin digər cinayətlər törətdiyi də üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda vətəndaşların evlərinə girərək pul, qızıl və həyətyanı sahələrdən mal-qara da oğurlayıblar.

Aparılan digər əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü ilin əvvəllərindən başlayaraq rayon ərazisindəki kəndlərdən vətəndaşlara məxsus xeyli sayda iri və xırda buynuzlu mal qara oğurlayan şəxslər də tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı Mənsur Məmmədzadə və Amal Mehdiyev mal-qara oğurlayarkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıb.

Bütün faktlarla bağlı cinayət məcəlləsinin müxtəlif maddələrlə iş açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

www.qaynarxett.az