backend

Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu

Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu




















Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı binanın 5-8 bloklarında yaşayan 50 ailə evlərindən çıxarılıb. Bununla bağlı sakinlər müraciət edib. Bu il yanvarın 13-də sakinlərə deyiblər ki, 2 gün ərzində evi boşaldın, bina qəzalı vəziyyətdədir.

Sakinlər onlara heç bir sənəd təqdim olunmadığına, təminat verilmədiyinə görə evi boşaltmaqdan imtina ediblər.

Yanvarın 25-də binanın işığı, qazı kəsilərək sakinləri çıxmağa məcbur ediblər. Ailələrə pərakəndə şəkildə 200-300 manat kirayə haqqı verilib.

Hələ də binanın taleyi haqqında sakinlərə heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb. Sakinlərin bu vəziyyətə hələ neçə müddət tab gətirməli olduğu soruşulub. İstiqlal.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bu addım sakinlərin təhlükəsizliyi baxımından atılıb. Çünki onların yaşadıqları bina tam qəzalı şəraitdədir: "Sakinlərin köçürülməsi vacib idi. Çünki bu bina qəzalıdır və bu addımı bədbəxt hadisəyə yol verməmək üçün atmışıq. Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturları bununla bağlı hazırda araşdırma aparırlar. Onların rəyindən asılı olaraq bina ilə bağlı qərar qəbul edəcəyik". (istiqlal.az)