backend

Hacıbala Abutalıbovun qapalı toplantısı - Gərgin müşavirə meri çıxılmaz vəziyyətə saldı

Hacıbala Abutalıbovun qapalı toplantısı - Gərgin müşavirə meri çıxılmaz vəziyyətə saldı
















Fevralın 10-da Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilib. Rəsmi məlumata görə, müşavirə "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli fərmanının icrası ilə əlaqədar keçirilib.

Qeyd edək ki, sözügedən fərmanla Bakıda icra hakimiyyətinin bələdiyyə torpaqlarına rəy verməsi 2017-ci il yanvarın 1-dən etibarən dayandırılıb. Prezident fərmanında göstərilib ki, son dövrlər Bakı şəhərində iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, xüsusilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırıb. Bu da Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemində əlavə və uzunmüddətli işlərin görülməsini tələb edir. Prezident tapşırıb ki, bu cür problemlər yarada biləcək tikinti obyektləri aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görülməlidir, bununla bağlı rübdə bir dəfə ölkə başçısına məlumat verilməlidir.

Bu səbəbdən də BŞİH-də keçirilən müşavirəyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, "Azərişıq”, "Azəravtoyol”, "Azərsu” ASC-lərin sədrləri, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin rəisi dəvət edilib. Bakı şəhəri rayonlarının icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri, prokurorları, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon İcra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.

Məlumatlara görə, müşavirədə xüsusilə yağış və qardan sonra yaranmış vəziyyətin müzakirəsində dövlət idarələri daha çox özlərini "sudan quru” çıxarmağa çalışıblar. Məsuliyyəti daha çox tikinti şirkətlərinin və buna icazə vermiş Abutalıbovun üzərinə atıblar. Abutalıbov da ənənəvi olaraq özünü tənqid edib və "yükün” altına tək girməyəcəyinə işarə edərək, rayon icra başçılarının da bu məsələdə məsuliyyəti olduğunu söyləyib. Bələdiyyə başçıları isə icra başçılarını müdafiə mövqeyi tutublar ki, bu da Bakı merini xeyli məyus edib. Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev fərmanın icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı çıxış edib. Maraqlıdır ki, BŞİH keçirilən müşavirəyə gərgin keçəcəyi səbəbindən hətta AzTV belə dəvət edilməyib.

Məlumatlı mənbənin dediyinə görə, hakimiyyət təkcə Bakı meriyasının rəhbərliyindən deyil, paytaxtın bir neçə icra başçısından da ciddi narazıdır. Çünki onlar yolların və kanalizasiya sisteminin problemlərini yalnız müvafiq dövlət orqanlarının ayağını yazmaqla işlərini bitmiş hesab edirlər. Amma narazılıq təkcə bunla da bağlı deyil. Bildirilir ki, tikinti və ən müxtəlif sahələrə aid rüşvət tələb etmələr barədə Prezident Administrasiyasına siqnallar gəlir. İddia olunur ki, yaxın vaxtlarda təkcə paytaxtın deyil, bir neçə əyalət icra başçıları da vəzifələrindən kənarlaşdırılacaq.

Musavat.com