backend

“Ukrayna böhranı avtoritarizmin “xaç atası” olan Rusiyanın mövqelərinə sarsıdıcı zərbə vurdu”

“Ukrayna böhranı avtoritarizmin “xaç atası” olan Rusiyanın mövqelərinə sarsıdıcı zərbə vurdu”

“Qalan dörd ay ərzində də ölkəmizdə demokratiya və insan haqları sahəsində ciddi irəliləyiş görmürəm”


Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyliyə Avropa Şurasına sədrliyimizin geridə qalmış iki ayı barədə müşahidələrini öyrənmək üçün aşağıdakı sualla müraciət edib:

“Sizcə Azərbaycan Avropa Şurasındakı 6 ayı necə yola verəcək və və estafeti digər ölkəyə təhvil verəndəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərq neqativə, yoxsa pozitivə doğru dəyişmiş olacaq? Sədrlik müddəti başa çatanadək siyasi məhbusların heç olmasa bir qisminin azadlığa qovuşacağını gözləmək olarmı?”

Gültəkin Hacıbəyli isə Azərbaycan hakimiyyətinin bu fürsətdən də yararlanmaq niyyətində olmadığı qənaətindədir:

“Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycan üçün bir fürsət pəncərəsidir. Azərbaycan hakimiyyəti sədrliyin yaratdığı mənəvi məsuliyyətdən istifadə edərək çox həssas yanaşdığı "güzəştsiz" imicinə də zərbə vurmadan onsuz da gec-tez atmalı olduğu addımları ata bilərdi. Bu addımlar ilk öncə siyasi məhbusların azadlığı, demokratik təsisatların fəaliyyətinə olan əngəllərin aradan qaldırılması, siyasi təqiblərə son qoyulması, fikir, söz, sərbəst toplaşmaq kimi fundamental hüquq və azadlıqların təmin olunmasından ibarətdir. Artıq sədrliyin başlamasından iki ay ötüb, müddətin üçdə biri arxada qalıb. Lakin Azərbaycan hakimiyyəti nəinki ondan gözlənilən addımları atmağa həvəsli görünmür, hətta bu müddət ərzində durum daha da ağırlaşıb. Qalan dörd ay ərzində də ölkəmizdə demokratiya və insan hüquqları sahəsində ciddi irəliləyiş görmürəm. Ancaq bu vəziyyət uzun müddət davam edə bilməz. Ukrayna böhranının həllində son dövrlər müşahidə edilən ciddi irəliləyişlər bütün bölgədə avtoritarizmin “xaç atası” olan Rusiyanın mövqelərinə sarsıdıcı zərbə vurdu. Ukrayna böhrandan çıxmağa yaxınlaşsa da, Rusiya üçün Krım böhranı hələ bundan sonra dərinləşəcək. Digər tərəfdən Azərbaycan ən yaxın zamanda Avropa Birliyi ilə Strateji Modernləşmə Əməkdaşlığı Sazişini imzalamalı və Assosiasiy Sazişi ətrafında proses başlamalıdır. Bütün bunlar yaranan yeni geostrateji reallıqlardır və Azərbaycan hakimiyyəti bu reallıqlarla hesablaşmaya bilməz. Ölkə daxilində sosial ədalətsizlik, məmur özbaşınalığı, məhkəmə rəzaləti də heç də ürəkaçan tablo yaratmır. Bu baxımdan, cəmiyyətdə olan sosial gərginliyin aradan qaldırılması zəruri addımlar atılmayacağı təqdirdə ciddi kataklizmlərdən sığortalanmamışıq. Məhbusların sayına gəlincə, təbii ki, hər bir məhbus canlı insandır, özü, doğmaları, yaxınları əziyyət çəkir. Lakin bu situasiyada məhbusların sayı heç nəyi dəyişmir. Önəmli olan prosesdir. Proses isə nəinki dayanmır, əksinə hər yeni məhbus həbsi ilə, hər yeni haqsızlığın ictimai rəng qazanması ilə daha da dərinləşir."