backend

Dövlət məktəbləri valideynlər üçün “qorxulu yuxuya” çevrilib

Dövlət məktəbləri valideynlər üçün “qorxulu yuxuya” çevrilib

Bağlanan liseylərin şagirdləri ortalıqda qalıblar, Təhsil Nazirliyi onların aqibəti ilə maraqlanmır.


Beynəlxalq Təhsil Kompleksinə (BTK) daxil olan liseylərdə təhsil alan şagirdlərin valideynləri məktəb axtarışlarını davam etdirirlər. Alternativ məktəb tapmaq müşkülə çevrilib. Fəaliyyəti dayandırılmazdan əvvəl "Kafkas İlkögretim Okulu"nda oxuyan Rüxsarə və Çinarənin anası Aytac Əliyeva hazırda iki məktəb - Xəzər Universitetinin "Dünya" məktəbi və "Kaspi" liseyi arasında qaldıqlarını deyir:

"Hər ikisinə imtahan veriblər və bal göstəriciləri yüksəkdir. Amma biz hələ tam qərarlaşdırmamışıq, gözləyirik, bəlkə məktəbimiz açılar deyə ümidliyik. Avqust ayında bu iki məktəbdən biri haqqında dəqiq qərar verəcəyik. Üçüncü sinfə keçən qızlarımın ikisi də birdən-birə məktəbsiz qalıb. Oradakı mədəniyyəti, uşaqlara yaxınlaşma tərzi, müəllim-şagird münasibətlərindəki səmimiyyəti hələ ki, bu biri təhsil ocaqlarında görmədim. İmtahanda da müşahidə etdim, əvvəlki məktəbimiz kimi ürəyimcə deyillər. Məktəblərdə təhsilin səviyyəsindən xəbərsizəm. "Dünya" məktəbində, deyilənə görə, ingilis dili normal keçilir, "Kaspi"ninki isə yenicə açılır. Bu məktəblərdə qiymət daha əlçatandır, illik təhsilhaqqı "Dünya" məktəbində 5000 manat, "Kaspi" liseyində isə 4500 manatdır. Qızlarım da öz məktəblərini istəyir, hətta başqasına getməyəcəklərini deyirlər. Ola bilsin, son nəticədə biz "Kaspi"ni seçərik. Çünki mənə elə gəldi ki, orada səmimiyyət müqayisədə daha yüksək idi. "Kafkas İlkögretim Okulu"nda uşaqlarımı məktəbə təhvil verirdim, təhsilindən də, tərbiyəsindən də arxayın idim. İstənilən problemə görə müəllimlərə yaxınlaşırdıq. Orada psixoloqlar uşaqlarla sıx təmasda idilər, öz uşaqları kimi rəftar edirdilər. Heç olmasa, bir üstünlüyümüz var ki, əkizlər hansı məktəbə getsələr, birlikdə olacaqlar, adaptasiya prosesini də bir keçirəcəklər".
"Ögey" məktəbdən imtina edildi, "doğma" məktəb isə qalır
Aytac xanım deyir ki, təhsil səviyyəsi onu o qədər də narahat etmir: "Bütün özəl və yaxınlıqda olan dövlət məktəbləri ilə də maraqlanmışıq. "Oxford"da mühit daha avropasayağıdır. 27 saylı Heydər Əliyev, "Avropa Azərbaycan" məktəbinə baxdıq, SOCAR-ın "Gənc İstedadlar Məktəbi"ni də fikirləşmişdik. Amma sonuncuda təhsil ibtidai sinifdən sırf ingiliscə olduğundan, gedib maraqlanmadıq. Bizimkilər ingiliscə öyrənirdilər, təhsilləri tam ingiliscə deyildi. Həm də neft şirkəti artıq himayəsində olan bir məktəbi ləğv edib, ona nə qədər etibar edə bilərik, bilmirəm. Şirkətdən deyirlər ki, təhsil onlara yükdür. Təhsillə məşğul olmaq istəmirlərsə, digər tərəfdən də nə yaxşı özünün təhsil ocağı qalır? Mən pul ödəyib uşaqlarıma evdə də yüksək təhsil verə bilərəm. Məni daha çox qane edən o məktəbdəki təlim-tərbiyə, nizam-intizam idi. Məktəb əfəndi uşaqlar yetişdirirdi. Özəl məktəblər çoxdur və onlarda da təhsil pis deyil. Amma oradakı uşaqlar şəxsiyyət olaraq fərqli idilər. Çox istərdim ki, bu liseylərdəki ənənə Azərbaycanda davam etdirilsin. Mənim adi məktəbdə oxuyan qohumlarımın övladlarının psixologiyası, təfəkkürü ilə uşaqlarımınkı tam fərqlidir. Biz sinif olaraq çıxılmaz vəziyyətdə qalmışıq və bu məsələni sinifin bütün valideynləri ilə birlikdə müzakirə edirik, gedirik-gəlirik, hələ ki, konkret bir qərar qəbul edə bilmirik. Mümkün olsa, biz sinif olaraq o məktəblərdən birinə keçmək istəyirik. "Kafkas İlkögretim Okulu"nun müəllimləri harada çox olsa, uşaqları da o məktəblərə qoymağı düşünürük. Onlar isə hələ ki, heç yerə getməyiblər, gözləyirlər. Uşaqlar bu məsələdən çox sarsılıblar. Özüm nevropatoloqam, bacardığım qədər qızlarıma dəstək olmağa çalışıram. "Kaspi"də ümumi müsahibə aparıldı, "Dünya" məktəbində isə fənlər üzrə adi test sınağı idi. Bütün sinifin nəticələri çox yaxşı olduğundan, onlara dərs keçən müəllimlərin də koordinatlarını aldılar ki, məktəbə dəvət etsinlər. Maksimum 100 baldan qızlarımın biri 100, o biri də 95 aldı. "Kaspi"də isə maksimal 50 baldan biri yenə 50 o biri 48 toplamışdı. Əksəriyyət yüksək bal götürmüşdü. Hər ikisində uşaqlar qəbul olunub, bizə müqaviləni imzalamaq qalır. Biz hətta "Kafkas İlkögretim Okulu"na növbəti dərs ili üçün ödədiyimiz 20 faiz təhsilhaqqı və uşaqların sənədini də götürməmişik. Hələ ki, çoxluq bizim kimi bunu etməyib, gözləmə mövqeyindədir. Çox istərdim ki, məktəbin adını dəyişib, tərkibi saxlasınlar. Türkiyədə də belə olub, məktəblər dövlətin balansına keçib, müdiriyyət dəyişib, müəllimlər isə yerində qalır. Bizdə türk sadəcə müdir və mühasib idi, qalanlar yerli müəllimlərdir".
"Hörmət" edən şagirdlərə müəllimlər "stavka" edir
A.Əliyeva deyir ki, mətbuatda məktəbin bağlanmasını dini fəaliyyətlə əlaqələndirirlər, amma özü orada dinlə bir əlaqə görməyib: "Uşaqlarımı liseyə çəkinə-çəkinə qoymuşdum. Danışırdılar ki, uşaqları dindarlığa yönləndirirlər. Gedib gördüm ki, bu deyilənlər cəfəngiyyatdır, onların əsas prinsipi yaxşı insan, vətəndaş yetişdirməkdir. Oradakı təlim-tərbiyə xoşuma gəlirdi. Təhsildən başqa, bizi məktəbdəki tərbiyə də cəlb etmişdi. İndi onları adi məktəblərə verməyə qorxuram. Fikirləşirik ki, iki il haradasa oxusunlar, sonra "Dəyanət" liseyinə verək, çünki orada 5-ci sinifdən qəbul edirlər. Bu problem biz valideynləri də uşaqlarımızla bərabər stresə salmaqdan əlavə, vaxtımızı da aldı, yay istirahətimizi pozdu. Hər il bu vaxtlar istirahətə gedirdik. Amma indi şəhərdə oturub məktəb axtarışındayıq, böyük narahatçılıq içindəyik. Təhsil Nazirliyi bizimlə heç maraqlanıb kömək etməyib, məktəbləri valideynlər özümüz axtarıb araşdırmışıq, nazirliyə müraciət etməmişik. Çünki, uşaqlarımı dövlət məktəblərinə vermək fikrim yoxdur. Sinifdə 40 nəfər uşağa bir vaxtda dərs keçilirsə, bu, təhsil deyil ki. Baldızım qızı da mərkəzdə tərifli məktəblərin birində təhsil alır. Siniflərində 40-a yaxın şagird var. Aylıq repetitorları da elə bu liseylərin qiymətinə gəlib çıxır. Ara yerdə uşaq vaxtını yollarda itirir. Həmin məktəblərdə uşaqlar arasında da ayrı-seçkilik qoyulur. Kimin valideyni yaxşı "hörmət" edirsə, onun uşağına "poblajka" olunur, həmin şagirdlərə "üz verilir". Hətta ibtidai siniflərdən bu məsələ başlayır. O məktəbdə isə biz belə hallarla qarşılaşmamışıq".
İki uşağını eyni vaxtda özəl liseydə oxudan, yaşayış səviyyəsinə görə orta təbəqə sayılan valideyni adi məktəblə ayaqlaşa bilməyəcəyi qorxutmur. Sadəcə onların bu yaşdan orta məktəblərdəki vəziyyətlə qarşılaşmalarını istəmir.
Valideynlər eksperiment aparırlar
Aida xanım isə artıq qərar verib, qızı təhsilini "Kaspi" məktəbində davam etdirəcək: "Qızım imtahan verib, növbəti həftələrdə məktəblə müqavilə bağlayacağıq. Məktəb evimizə yaxındır və qızımın sinfindən də artıq 5 nəfərin oraya getdiyini dəqiq bilirəm. Buradakı təhsil səviyyəsindən hələlik xəbərsizəm, məktəb bu il açılır və təhsilin necə olacağı barədə təsəvvür yoxdur. Biz sadəcə bir eksperiment aparırıq, xoşumuza gəlməzsə, bəlkə dərs ilinin ortasından uşağı oradan çıxardarıq. Bir çox liseylərə baxdıq, bizə ən optimal şərtlər və şəraitinə görə "Kaspi" daha yaxın gəldi. "Çağ" Öyrətimdəki sistemə də daha uyğun olanı bu idi. Bundan əvvəl mən "Dünya" Məktəbinə, "Evrika" liseyinə baxdım. Onların yerləşdiyi ərazi məsafə olaraq bizə uyğun deyildi. İkincidə dərslər saat 6-ya qədərdir. Bundan başqa biz həftə boyu uşağın dərsləri ilə maraqlana bilməzdik, sadəcə həftənin son iş günü öyrənə bilərdik. Biz isə uşağımızın hər gün dərslərində hansı uğurlar qazandığını görmək istəyirik. "Modern"də isə qiymətlər yüksək idi. İllik 10 min manatdır. İbtidai sinif üçün bu, çox bahadır. "Avropa Azərbaycan" liseyində ödəniş 7000 manatdan başlayır, siniflər artdıqca qiymət də artır. Yeni açılan bu məktəbi qəbul etmədik. "Çağ" öyrətimdə 7300 manat ödəyirdik, amma təhsilin səviyyəsini də bilirdik. Qiymətinə görə də "Kaspi" və "Dünya" məktəbininki optimaldır, amma ikincinin yeri bizim üçün uyğun deyil. Yeni binanın tikiləcəyini desələr də, bu, uzun çəkəcək. Uşağım aşağı sinifdədir, bizim hələ vaxtımız var. Ona görə də tələbimiz çox deyil. Digər məktəblərdəki təhsil səviyyəsini bilmədiyimizdən, ona görə də hələlik fərq etmir. Bu gün üçün biz şərtlərin uyğunluğuna fikir veririk. Biz ətrafımızdakıların təhsil aldıqları müəssisələrə baxdıq, müqayisə etdik. Mən bilmirəm ki, uşağım sabah təhsilini Qərbdə davam etdirəcək, ya yox. Ona görə də sırf ingilisprofilli lisey seçmədik".
Bu valideyni də Təhsil Nazirliyinin şagirdlərin yerləşdirilməsi stiqamətində çalışmaları qane etmir.
Oğlunu dərs dediyi dövlət məktəbində yox, liseydə oxudacaq
Ulduzə Manafova tarix müəlliməsidir. "Çağ" Öyrətimlə əlaqəsi olmasa da, xanım bu il övladını orta məktəbdən çıxarıb liseydə oxutdurmaq niyyətindədir: "Hər valideyn arzu edir ki, uşağını daha yaxşı təhsil verən məktəblərdə oxutsun. Hər halda indi ödənişli məktəblər şagirdlərə qarşı daha məsuliyyətlidir, onlarla daha çox məşğul olurlar. Zərifə Əliyeva adına liseyə yuxarı siniflərdən qəbul edilir, mənim oğlum isə aşağı sinifdə oxuyur. Heydər Əliyev adına Təhsil Kompleksində də araşdırma aparmışam, orada təhsil haqqı çox yüksəkdir - 2 il əvvəl maraqlanmışdım, illik 9 min manat idi. Mənim də buna gücüm çatmadı. Oğlumu "Dünya" məktəbinə qoyduq, illik 7000 manat təhsilhaqqı nisbətən əlçatandır, eyni zamanda evimizə də yaxındır. Qızım orta məktəbdə yuxarı sinif şagirdidir, yaxşı oxuyur. Özüm də həmin məktəbdə müəllimə işləyirəm. Baxıram ki, oğlan üçün çətindir, ona başqa mühit lazımdır. Təhsildə günah birtərəfli olmur, burada valideynin, şagirdin, müəllimin, təhsil proqramının da payına düşən öhdəliklər var. Bunu kimsə yerinə yetirmir, amma hamı qarşısındakından tələb edir".
Soruşuram ki, Təhsil Nazirliyinin məktəblərində oxuyanlar elə kasıb təbəqənin övladlarıdır, orta təbəqə niyə liseylərə qaçır? Cavab verir ki, "bəs hara qaçaq?" U.Manafova: "Hər kəs gücü çatdığı səviyyədə uşağına təhsil verməyə çalışır. Valideynin də əlinə pul keçən kimi uşağı üçün nə edə biləcəyi barədə fikirləşir. Araşdırmışam, o məktəblərdə repetitora da ehtiyac yoxdur, müəllimlər özləri uşaqları dərslərinə hazırlaşdırırlar. Eyni zamanda bu tipli məktəblərdə yuxarı siniflərdə şagirdlər artıq qruplar üzrə ixtisaslaşır. Seçilən ixtisasa uyğun fənlər ağırlaşdırılır, o ixtisasa aid olmayan fənlərdən isə dərslər yüngül keçilir. Biz artıq neçə ildir ki, şagirdlərin ixtisaslaşması təklifini vermişik. Mən 11-ci siniflərə dərs deyirəm, sinfin yarıdan çoxu deyir ki, "müəllimə, mənim qrupumda tarixdən imtahan yoxdur". Tarix elə bir fəndir ki, onu hər kəs oxumalıdır, qrupla bağlılığı yoxdur. Amma onlara güzəştə getməyə məcburuq. Gözümün qarşısında o uşaqlar zəifləyir, dərs ilinin sonunda çəkisinin yarısı qalır, gözlərinin altı qaralır. Öyrənə bildikləri qədər onlardan tələb edirəm. Əziyyətini nəzərə alıram, aşağı siniflərdəki qiymətlərini saxlamağa çalışıram ki, attestat qiymətləri yaxşı olsun. Təkliflərimizə baxdıqlarını deyirlər, amma nədənsə biz bunu görmürük. Sözlərindən belə çıxır ki, nazirlikdə bizdən də ağıllı adamlar var və onlar bu haqda düşünürlər".