backend

Millət vəkili Elmar Məmmədyarovu istefaya çağırdı...

Millət vəkili Elmar Məmmədyarovu istefaya çağırdı...

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevdən aşağıdakı suala cavab istəyib:


“Diplomatların Bakı toplantısını necə qiymətləndirirsiniz və ümumiyyətlə səfirlərimizin fəaliyyəti sizi qane edirmi? Azərbaycanın artıq müdafiə diplomatiyasından hücum diplomatiyasına keçdiyini iddia etmək olarmı?”

Q. Həsənquliyevsə bu tədbiri yüksək qiymətləndirsə də ölkənin baş diplomatının yerində olmadığını bildirib:

“Əvvəla, qeyd etmək istəyirəm ki, doğrudan da Azərbaycanın hücum diplomatiyasına çox böyük ehtiyac var. Ona görə ki, torpaqlarımız işğal altındadır, 20 ildən artıqdır 1 milyon insan didərgin vəziyyətindədir və üfüqdə də problemin həlli görsənmir. Belə olduğu təqdirdə Azərbaycan özünün iqtisadi və hərbi potensialını artırmaqla yanaşı diplomatik cəbhədə də fəaliyyətimizi xeyli dərəcədə gücləndirməliyik. Mən prezident seçkilərində də söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətiun tərkibində ən bacarıqsız nazirlərdən biridir. Bu gün də bunu bir daha təkrar edirəm ki, onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil. Məsələn, o erməni həmkarı Nalbəndyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır, amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görsənmir. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil. Bu, ölkənin xarici siyasət idarəsinin başında duran şəxslə bağlı mənim mövqeyimdir və şəxsi mənada da onunla heç bir problemim yoxdur. Sadəcə olaraq söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək olar. Amma bu sahədə hökumətin ən uğursuz nazirlərindən biri kimi o əvəzlənməlidir. İkincisi, müəyyən istisnalarla bizim çox bacarıqlı səfirlərimiz var. Amma səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bir çox səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanlarına malik deyillər. Amma biz burda Amerika və digər xarici ölkə səfirlərinin fəaliyyətlərini izləyirik və görürük ki, onlar mütəmadi olaraq mətbuatla, aparıcı jurnalistlərlə, vətəndaş cəmiyyəti təmsilçiləriylə, siyasi partiya rəhbərləriylə görüşə can atırlar. Amma bizim səfirlər əgər Bakıdan xüsusi bir tapşırıq olmasa onların faktiki fəaliyyəti sıfıra bərabər olur, yalnız ildə bir dəfə Respublika Gününü müəyyən adamları çağırıb qeyd etməkdən başqa əllərindən bir iş gəlmir, əksəriyyətinin işi də bununla məhdudlaşır. Bunlar nəinki fəaliyyət göstərdikləri ölkə ilə, heç öz diasporlarımızla normal əlaqə qura bilmirlər. Baxın, əksər diaspor təşkilatlarıyla səfirliklərimizin münasibətləri münaqişə həddindədir. Ona görə də düşünürəm ki, bu sahədə doğrudan da ciddi işlər görmək, təmizləmə aparmaq lazımdır. Düşünürəm ki, diplomatiyamıza cavabdeh olan adamların seçilməsi istiqamətində ciddi islahatlar aparmağa ehtiyac var. Buna ilk növbədə kadr islahatlarından başlanılmalıdır və bu iş yenidən qurulmalıdır. Mən prezidentin diplomatlarla keçirdiyi bu cür illik toplantıları isə çox yüksək qiymətləndirirəm, amma hesab edirəm ki, bununla məsələ yekunlaşmamalıdır. Nazirliyin özündə ölkə qrupları üzrə müvafiq idarələr var və həmin idarələr mütəmadi olaraq səfirlərdən hesabatlar tələb etməlidir. Səfirlər də öz fəaliyyətləri barədə nazirliyə mütəmadi olaraq məlumatlar verməlidirlər. Bilirsiniz ki, artıq Azərbaycan mediası kifayət qədər güclənib və Azərbaycanla bağlı dünyada istənilən məlumatlar dərhal tərcümə edilərək ölkə mediasında yayılır. Amma gəlin etiraf edək ki, Avropa və Qərb mediasında Azərbaycan həqiqətləri barədə demək olar ki, yazılara rast gəlmirik. Bütün bunlarsa səfirlərimizin fəaliyyətsizliklərinin acı nəticələridir...
Təsəvvür edin, Azərbaycanın iki aydır ki, Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dönəmi başlayıb və Elmar Məmmədyarov həmin Nazirlər Komitəsinin sədridir. Siz onun çıxışına diqqət yetirdinizmi? Azərbaycanın problemləri və beynəlxalq birlikdən umacaqlar, istək və tələbləri barədə ondan ciddi bir fikir eşitdinizmi? Çox təəssüf ki, ondan gözlədiklərimizin əksinə olaraq o bizi ölkənin baş diplomatı kimi layiqincə təmsil edə bilmədi. Bilirsiniz, bir hikmətli fikir var ki, su doldurmaqla quyuda su olmaz. Bu tənqidlərin də hesab etmirəm ki, ciddi bir nəticəsi olacaq, çünki biz uzun müddətdir bu nöqsanları və çatışmazlıqları tənqid edirik. Mənə elə gəlir ki, insanın bir diplomatik bacarığı, idarəetmə qabiliyyəti olmalıdır. Yəni əgər illər uzunu edilən tənqidlərdən nəticə çıxarmaq qabiliyyəti yoxdursa, deməli, nəsə gözləməyə dəyməz və daha kəsərli addımlar atmağa ehtiyac var. “