backend

Müdafiə Nazirliyi ilə media rəhbərlərinin qapalı görüşü olub

Müdafiə Nazirliyi ilə media rəhbərlərinin qapalı görüşü olub


Görüşdə iştirak edən «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin AzadlıqRadiosuna dediyinə görə, nazirliyinin təlim-tədris mərkəzində keçirilən görüş Mətbuat Şurası ilə Müdafiə Nazirliyi arasında əldə olunan razılığa əsasən baş tutub:

«Müdafiə nazirinin müavini, mətbuat xidməti, nazirliyin digər rəsmilərinin iştirak etdiyi tədbirdə açıq səmimi söhbət oldu. Hərbi xəbərlərin mediada işıqlandırılması zamanı nazirlikdən və mediadan nələrin asılı olması ilə bağlı müzakirələr aparıldı. Hansı xəbərlər dövlət maraqlarına uyğun gəlir, hansı hallarda gəlmir kimi suallar ətrafında geniş müzakirə oldu».

«TƏRƏFLƏRİN BİR-BİRİNDƏN NƏ İSTƏDİYİ ANLAŞILDI»


Aydın Quliyevin dediyinə görə, müzakirələrin yekunu olaraq tərəflər arasında hansısa yazılı razılaşma olmayıb, amma mediadan nə istənildiyi tərəflərə bəlli olub:

«Sadəcə, bu müzakirələrdən sonra media nümayəndələrinə bəlli oldu ki, bundan sonra ordu ilə bağlı məlumatlardan istifadə edəndə necə davranmaq lazımdır. Bu görüşdən sonra hər kəs özü üçün bir çərçivə müəyyənləşdirir ki, Müdafiə Nazirliyi spesifik bir dövlət sahəsi olduğundan indiki şəraitdə Müdafiə Nazirliyi ilə bağlı müəyyən məlumatların yayılmasında həssas və diqqətli olmaq lazımdır. Eyni zamanda nazirlik də anlayır ki, medianın müstəqilliyi, sərbəstliyi, operativliyi var və buna da hörmətlə yanaşmaq lazımdır. Məncə, bu görüşdən sonra hər iki tərəf nə etmək lazımdır ki, bir-birinə mane olmasın prinsipini tam aydınlaşdıra bildi».

İyulun 18-də baş tutan görüşdə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının nümayəndələri, həmçinin 10-dək qəzet və internet portalının rəhbərləri iştirak edib. Televiziya və radiolar görüşə dəvət olunmayıb.

Aydın Quliyevin dediyinə görə, «Yeni Müsavat» və daha bir neçə müxalifyönlü qəzetlərin rəhbərləri dəvətli olsalar da, tədbirə qatılmayıblar.