backend

Həbs edilən hüquq

Həbs edilən hüquq

Dünən Gəncə şəhər Nizami Məhkəməsində "Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin növbəti və sonuncu məhkəmə prosesi keçirildi. Hakim Ayaz Mahmudovun sədrliyi ilə keçən prosesdə ”təqsirləndirilən şəxs” qismində Həsən Hüseynli, yerli hüquq müdafiəçiləri və Həsən müəllimin tələbələri iştirak edirdi.


Həsən Hüseynliyə Cinayət Məcəlləsinin 221 ci (xuliqanlıq) maddəsi ilə qondarma iş açılmışdı martın 31 də və həbsinə hakimiyyət tərəfindən fərman verilən hüquq müdafiəçilərindən biri idi. Kimsə məhkəmədən ədalətli qərar gözləmirdi. 04 iyul tarixində dövlət ittihamçısı 7 il azadlıqdan məhrum etmə hökmü tələb etmişdi elm adamına. Və o zamandan hər kəs, elə Həsən müəllimin özü belə həbsə gedəcəyini bilirdi. Gözlənilən oldu, yenə sifarişlə hökm oxuyan məhkəmələr "qalib” gəldi. Dövlət ittihamçısının tələb etdiyi müddətdən 1 il 2 gün çıxmaqla hakim Ayaz Mahmudov Həsən müəllimə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə hökmü oxudu. Hökm oxunan kimi zalda əyləşən Həsən müəllimin tələbələri Dövlət himnini oxumaga başladılar. Polis müdaxilə etməkdə aciz qalmışdı o an. Sonra Həsən müəllim bir –bir tələbələri ilə və yaxınları ilə görüşdü, vidalaşdı. Məhkəmə zalından Həsən müəllimin qolları qandallandı və zindana aparıldı.
Həsən Hüseynliyə vurulan qandal vicdana, elmə, biliyə, maariflənməyə, gənclərin təhsilinə vurulan qandaldır !
Həsən Hüseynlinin zindana salınması insanlığın, azad düşüncənin, gənclərin elmə, təhsilə marağının və hüququn zindana salınmasıdır !
Hüququn zindana salınması halı ilk deyildi və bu rejimin qalması ilə son olmayacağı görünməkdədir. Məlum, bu rejimə hüquq, elm, maarifləndirmə adamı lazım deyil – gənclərə elm öyrətmək, maarifləndirmək rejim qarşısına öz hüquqlarını bilən bir gənclik çıxartmaq, elə bu rejimə etiraz etmək deməkdir.
Daha əvvəldən həbs edilmiş hüquq adamları, hüquq müdafiəçilərinə baxaq – Qurban Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı, Emil Məmmədov. Bu insanlar da hüquq adamlarıdır və bu səbəbdən həbsdədirlər.
Hələ həbs təhlükəsi olan, pasportu qanunsuz olaraq əlindən alınan, təqib edilən hüquq müdafiəçisi də var – Leyla Yunis.
Birdə həbs ediləcəyi kəskinləşən və bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalan hüquq müdafiəçisi də var – Mətanət Əzizova.
Birdə var ki haqqı müdafiə etdiyi üçün Vəkillər Kollegiyasından uzaqlaşdırılan hüquq adamı – Aslan İsmayılov.
Var, var, var. Saymaqla, yazmaqla bitmir bu ölkənin həbs edilmiş hüququ, hüquq adamı. Elə statistikaya baxmaq yetərlidir ki ölkədə hüququn hansı yerdə olduğunu biləsən. Statistikaya əsasən Azərbaycan Respublikasında Vəkillər Kollegiyasında rəsmi qeydiyyatla 800 vəkil fəaliyyət göstərir. Bu isə o deməkdir ki orta hesabla on min nəfərə bir vəkil düşür bu ölkədə. Məncə bu statistika hüquq adına hər şeyi açıqlayır.
Hüququn həbs edildiyi "çiçəklənən” Azərbaycan.

Rəsul Mürsəlov (Cumhuriyyət.az)