backend

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir.

Gəncə Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyət göstərir.Universitetimiz fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. Universitetin onlarla pedaqoqu orden, medallara və diqər dövlət təltiflərinə layiq görülmüşdür.Hal-hazırda universitetdə 8 fakültə, bir əlavə təhsil fakültəsi, 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir.

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
Bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır. Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparilir.

Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir.

Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir.
GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. Universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb. Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət Universiteti Türkiyənin "Mövlana" mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.
Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq uğurla davam etdirilir.
Göründüyü kimi, Gəncə Dövlət Universiteti xarici ölkə ali məktəbləri ilə yanaşı respublikamızın universitetləri ilə də sıx əməkdaşlığın yaradılmasına xüsusi diqqət yetirir. Növbəti əməkdaşlıq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə yaradılmışdır.

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...


UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibovun imzaladıqları əməkdaşlıq müqaviləsinə əsasən universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, antiplagiat sahəsində təcrübə mübadiləsinin aparılması, distant təhsil də müqavilədə nəzərdə tutulmuşdur.
Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.
Universitetimizdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 350-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 60-dək elmi məqaləsi dərc edilmişdir,onlarla dərs vəsaiti,metodik vəsait və monoqrafiyaları çap olunmuşdur.Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

II tədris binasının həyətində Gəncə şəhərində analoqu olmayan çox yüksək keyfiyyətli ot örtüyünə malik mini futbol stadionu yaradılmış, tamaşaçılar üçün oturacaqlar qoyulmuş, stadionun dövrəsində qaçış zolağı, basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.Bundan əlavə tədris ilinin əvvəllərində İqtisadiyyat və filologiya fakültələrinin yerləşdiyi 4-сü korpus divarları saxlanılmaqla tam sökülmüş və qısa bir müddət ərzində əsaslı şəkildə beynəlxalq standartlara uyğun təmir olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V tədris binasında da əsaslı təmir işləri başa çatmaq üzrədir.


Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

Binada planlı surətdə, tələbata uyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılmışdır. Binanın dam örtüyü mansarda tipində dəyişdirilmiş, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılmış, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz real həllini tapmışdır. V tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması deməkdir. Otaq baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə bir dəfəlik son qoyulacaqdır və yaxın aylarda bu tədris binasının tələbələrin istifadəsinə veriləcəyi planlaşdırılır.
Bu il Gəncə Dövlət Universitetinin tarixində ilk dəfə olaraq bakalavriat səviyyəsinə 1300 nəfərdən çox tələbə qəbul olmuşdur.Bu tələbələrin 53 nəfəri 500-600 arası, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qəbul planının yerinə yetirilmə faizi 85,45 % təşkil etmişdir.Qəbul imtahanlarında respublika üzrə ixtisas seçiminə görə Gəncə Dövlət Universiteti ilk 5 universitet arasındadır.

Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris binaları arasında fiberoptik kabellərlə “Gigabit ethernet ” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilmişdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.

Universitet tələbələrinin lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, tələbələrimiz dəfələrlə idmanın müxtəlif növlərində şəhər və Respublika yarışlarının qalibi, yaxud II, III yerlərə sahib olmuşlar.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun bir başa təşəbbüsü ilə Baş binanın foyesində qoyulan və Ural mərmərindən böyük sənətkarlıqla yaradılmış Ulu Öndər Heydər Əliyevin büstü bütün kollektiv üçün əvəzsiz hədiyyədir. Bu o deməkdir ki, kollektiv dahi rəhbərin yolu ilə gedir,onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının siyasətini dəstəkləyir. Bəli, bu gün Azərbaycanın ali təhsil müəssisələri arasında xüsusi yeri və mövqeyi olan Gəncə Dövlət Universiteti son illər geniş inkişaf yoluna düşərək bir sıra diqqətçəkən uğurlara imza atıb. Təsadüfi deyil ki, 2016/2017-ci tədris ilinə tələbə qəbulu zamanı Universitet Respublikanın ali məktəbləri arasında layiqli yerlərdən birinə sahib olub.

Son illərdə Gəncə Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsində, laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və müasir tələblərə cavab verəcək yeni laboratoriyaların yaradılmasında da əməli işlər görülmüşdür. Artıq Əsas tədris binasında 2 ədəd kimya, 2 ədəd botanika,1 ədəd zoologiya laboratoriyası yenidən qurulmuş , lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.
Bu günlərdə qeyri-üzvü sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı elmi-tədqiqat laboratoriyasının təntənəli açılışı oldu. Açılışda rektor, professor Yusif Yusibov yeni yaradılmış elmi-tədqiqat laboratoriyasının daha geniş imkanlara malik olması ilə tədqiqat işlərinin aparılmasında mühüm rol oynayacağını bildirərək qeyd etdi ki, təhsili yüksək səviyyəyə qaldırmaq üçün hər şeydən əvvəl müasir tipli maddi-texniki baza yaratmaq lazımdır. Bu sahədə uğurlu işlər aparılır, bundan sonra da məqsədli şəkildə davam etdiriləcəkdir.

Elmi-tədqiqat laboratoriyasının açılışında Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor, akademik Məhəmməd Babanlı da iştirak etdi və Gəncə Dövlət Universitetində son illər görülən işlərdən məmnun qaldığını bildirdi.

Daha bir sevindirici hadisə isə GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində ilk dəfə olaraq rəsmi “IELTS” imtahanının təşkil olunmasıdur.
GRBS və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən, universitetdə 2016-cı ildən rəsmi “İELTS” Test Mərkəzi fəaliyyətə başlamışdır , hər ay universitetdə həm rəsmi “İELTS” imtahanı, həm də sınaq imtahanları keçirilməsi nəzərdə tutulmuşdur.Təhsilini xaricdə davam etdirmək istəyən hər bir şəxs bu imtahanlarda iştirak etməklə, istəyini gerçəkləşdirə bilər. “İELTS” nəticələri Avropa, Amerika, Yaxın Şərq və Avstraliyanın öndə gedən ali təhsil müəssisələrində tanınır.
Bundan başqa məlumdur ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. Azərbaycanda yüksək səviyyəli mütəxəssislərin hazırlanması ehtiyacını və bu ehtiyacın Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və onun üzv universitetlərinin ödəmək imkanlarını nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən 6 ildir ki, Gəncə Dövlət Universitetində yay kursları imtahanları keçirilir. Bu vaxtdadək GDU-nun 13 tələbəsi təşkilatın təqaüdünü qazanaraq, Almaniyada ixtisasartırma kurslarına qatılmışdır ki, onlardan 4 tələbə hal-hazırda öz təhsilini davam etdirməkdədir.

Təqaüdü tələbələrimizə bir daha qazandırmaq və elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani Dufauks, akademik müşaviri Rəna Hüseynova ilə birgə 16-17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində olmuş və təlimlər keçirmişlər.
Bu təlimə Alman dili müəllimliyi ixtisasının tələbələri ilə yanaşı, universitetin alman dili fənni keçirilən digər fakültələrin tələbəri də fəal şəkildə qatılmışdır. 20 tələbənin qatıldığı inşa imtahanı zamanı Azərbaycan Dövlət Aqrar Universitetindən bir tələbə və Gəncə Dövlət Universitetindən 3 tələbə B1 və A2 səviyyəsini qazanaraq Almaniyanın müxtəlif şəhərlərində 1 aylıq kurs keçmək üçün Almaniya təşkilatının təqaüdünə layiq görüldülər.

Daha bir sevindirici hadisə isə artıq İstanbul Universitetinin YÖS imtahanı səhifəsində yerləşən imtahan mərkəzləri siyahısına Azərbaycanın Gəncə şəhərinin də adının əlavə edilməsidir .

Gəncə Dövlət Universitetinin rektoru Professor Yusif Yusibov və İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmut Ak həm Gəncə Dövlət Universitetində, həm də İstanbul Universitetində keçirilən görüş zamanı YÖS imtahan mərkəzinin Gəncə şəhərində Gəncə Dövlət Universitetinin nəzdində də təşkil edilməsi ilə bağlı ortaq qərara gəlmişlər. Artıq bu məsələ ilə bağlı işlərə başlanmış və bir çox məsələlər öz həllini tapmışdır.
Gəncə Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirir. Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsini xüsusi qeyd etmək istərdim. Xəzər universitetinin koordinatorluq etdiyi bu layihədə universitetimiz artıq üçüncü ildir ki, tərəfdaş qismində öz işini uğurla davam etdirir. Universitetimizlə yanaşı respublikamızın digər nüfuzlu ali təhsil müəssisələri Xəzər Universiteti (koordinator), Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,Sumqayıt Dövlət Universiteti,Lənkəran Dövlət Universiteti və yerli təşkilatlardan Azərbaycan Respublikası Təhsil Nazirliyi,Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi,Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı da bu layihədə iştirak edir.

Avropaya inteqrasiya etdiyimiz bir dövrdə məhz beynəlxalq təcrübələrin öyrənilməsi məqsədi ilə layihəyə Avropanın nüfuzlu təhsil müəssisələrindən olan Avstriya respublikasının Qraz universiteti,Polşa respublikasının Lodz universiteti, Yunanstan respublikasının Makedoniya universiteti,Niderland krallığı Avropa insanlara Məsləhət mərkəzi də cəlb olunmuşdur.
Layihədə başlıca amil əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir.
Məhz bu məqsədlə Qərb bölgəsində yerləşən ali təhsil müəssisələri içərisində məhz qərb bölgəsinin nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiettində “Əlilliyi olan tələbələr üçün mərkəz” fəaliyyətə başlamışdır.

Bundan başqa Gəncə Dövlət Universitetində “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənişsiz kurslar təşkil olunub. Kurslar Dövlət Qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılır. 3 ay müddətində davam edən bu kurslar zamanı tələbələr qanunvericilk, informasiya texnologiyaları və məntiq üzrə biliklərini artırır, sınaqlarda iştirak edirlər.
Kursun sonunda tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrəKomissiyanın beşinci təsnifata uyğun olan vakant vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqəyə qatılırlar.
Qeyd edək ki, universitetdə ödənişsiz magistraturaya hazırlıq kursları da fəaliyyət göstərir. Eyni zamanda ödənişsiz xarici dil kurslarının açılması da nəzərdə tutulur.

Gəncə Dövlət Universiteti: İnkişafın yüksək mərhələsində...

Əlbəttə, bu uğurun qazanılmasında müəllim heyətinin gərgin əməyi xüsusilə qeyd edilməlidir. 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru,professor; 151 nəfəri dosent; 303 nəfər fəlsəfə doktoru,baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.
GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.
Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.
Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.


Elçin Cavadov,

Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri üzrə fəlsəfə doktoru