Akif Çovdarovun “pobeda” kod mesajı - “xəstə” generallar azadlığa buraxılır?!

231

Akif Çovdarovun “pobeda” kod mesajı - “xəstə” generallar azadlığa buraxılır?!












"MTN işi”ndə sensasion gəlişmələr; Ləğv edilmiş MTN-in mühakimə olunan generallarının məhkəmədəki arxayınçılığı ciddi şübhələrə yol açıb; "qələbə bizimlədir” deyən "mahmudovçu”ların xəstəliklərini xüsusi qabartmaları təsadüfi deyil...

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilir.

Məhkəmənin martın 6-da keçirilən iclasında MTN polkovniki Füzuli Əliyev şahid qismində ifadə verib. Hazırda həbsdə olan F.Əliyev məhkəmə zalına əli qandallı gətirilib. O, şahidlərin mütləq şəkildə əməl etməli olduqları prosedura əməl etməyib - and içmədən ifadə verib. Azərbaycan məhkəmələrində şahidin and içmədən ifadə verməsi praktikası yoxdur. Kimliyindən asılı olmayaraq, şahidlər andı kağız üzərində oxuyub məhkəməyə həqiqəti söyləyəcəklərini bəyan edirlər.

Bu prosedur şahidlərin həqiqəti söyləmələrinə, şahidi olduqları və məhkəmədə araşdırılan işlə bağlı məsələləri olduğu kimi çatdıracaqlarına əminlik yaratmaqla yanaşı, onların yalan ifadə vercəkləri təqdirdə gələcəkdə məsuliyyətə cəlb edilmələri üçün əsas da yaradır. Savadı olmayan, gözləri zəif görən, latın qrafikası ilə oxuya bilməyənlər də prosedurdan kənar qalmırlar. Məhkəmə katibi andı oxuyur, şahid isə onun söylədiklərini təkrar etməklə faktiki olaraq həqiqəti söyləyəcəyinə and içir

F.Əliyev şahid qismində ifadə verərkən isə prosedur pozulub. Sabiq MTN əməkdaşı istisna hal kimi and içmədən danışıb. Hakimə nümayişkaranə şəkildə "bilirsiniz ki, mən ifadə vermirəm. İl yarımdır ki, həbs edilmişəm, hələ ifadə verməmişəm. Bu epizod barədə bildiklərimi deyib getmək istəyirəm. İcazə verirsinizsə, deyim. Vermirsinizsə, çıxıb gedim” deyən şahidə ifadə verməyə şərait yaradılıb.

F.Əliyevin məhkəmə qarşısında bu qədər arxayın danışması diqqət çəksə də, prosesdə arestant-generallar Sübahir Qurbanovla Akif Çovdarovun dialoqu onu bir qədər kölgədə qoyub. Füzuli Əliyevdən sonra prosesdə digər şahid, o biri cinayət işində təqsirləndirilən MTN generalı Sübahir Qurbanov ifadə verib.

Bu dəfə hakim Sübahir Qurbanova oturduğu yerdən suallar cavab verməyə icazə verib. Bu qərar həbsdəki generalın xəstəliyi ilə əlaqələndirilib. Maraqlıdır, bu adam xəstə olubsa, illərlə MTN-dəki Mütəşəkkil Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini necə tutub? Niyə başqa cinayət işləri üzrə proseslərdə xəstə məhkumlara eyni şərait yaradılmır?

Sonuncu proses boyu belə istisnalar dəfələrlə təkrarlanıb. Sübahir Qurbanov ona verilən suallara "yadıma salaram” şəklində arxayın cavablar verərək, faktiki olaraq mahiyyəti üzrə danışmaqdan da yayınıb. Prosesin sonunda isə Akif Çovdarovun Sübahir Qurbanovu səsləyib ona "Sübahir, pobeda budet za nami” ("Qələbə bizim olacaq”) deməsi diqqətdən yayınmayıb.

Akif Çovdarovun, ondan əvvəl Sübahir Qurbanovla Füzuli Əliyevin diqqət çəkən arxayınçılıqları geniş müzakirələrə səbəb olub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun azadlıqda qala bilməsi kontekstində aparılan müzakirələrdə "MTN işi” üzrə həbsə alınmışların müxtəlif adlar altında azadlığa buraxılacaqları bir daha gündəmə gəlib. İllərlə MTN-də çalışmış A.Çovdarovla S.Qurbanovun həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaları da təsadüfi deyil. Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. Nədən həbsə düşən kimi xəstə olduqları yadlarına düşüb? Bu təsadüfidir? Əlbəttə ki, yox. Azadlığa çıxmaq üçün aranan yollardan biri də xəstəliyi əsas gətirməklə cəzadan yayınmaqdır. Ləğv edilmiş MTN-in sabiq generalları da bunu bilməmiş deyillər.

Bundan başqa, Akif Çovdarovun Rusiya vətəndaşlığının olması haqda məlumatlar həbsindən dərhal sonra yayılmışdı. Belə ki, Çovdarov Gürcüstanda doğulsa da, onun Rusiya vətəndaşı olduğu deyilirdi. İddialara görə, o, bu illər ərzində Rusiya vətəndaşı kimi MTN-in ən mühüm postlarından birini tutub və bunu bir çox vəzifə daşıyıcıları bilib. Amma onun Rusiya ilə deyil, Gürcüstanın siyasi dairələri ilə yaxşı əlaqələri olduğu da iddia edilirdi. Onun Rusiyada, konkret olaraq Sverdlovskda böyük taxta-şalban biznesinin olması və uzun illər orada yaşaması haqda illər öncə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev xəbər yaymışdı. Qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı araşdırmaları zamanı E.Abdullayev A.Çovdarovun Rusiya vətəndaşı olmasını üzə çıxarmışdı. E.Abdullayevin həmin açıqlamasından sitat: "Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən bir zaman Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə ”Təpəgöz" kimi tanınan və hazırda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur. O, Rusiya Federasiyasının vətətəndaşıdır. Akif Covdarov Mahiri oğurlamağa bir neçə dəfə cəhd etmişdir. İlk dəfə olaraq, 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikdirərək Rusiya Federasiyasının Sverdlovsk vilayətinə gətizdiribdir".

Göründüyü kimi, A.Çovdarov MTN-dəki məlum vəzifəyə təyinatından əvvəl Rusiya vətəndaşlığı olub. Qanuna görə, başqa dövlətin vətəndaşları Azərbaycan ərazisində cinayət törədiblərsə, barələrində çıxarılmış hökm üzrə cəzanı vətəndaşı olduqları ölkə ərazisində çəkə bilərlər. Bu o deməkdir ki, A.Çovdarovun Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərinə görə cəzadan yaxa qurtarmaq imkanı var.

Azərbaycan məhkəməsinin ona və "MTN işi” üzrə digər təqsirləndirilən şəxslərə loyallığı, onların hakim qarşısında son dərəcə arxayınlığı onu deməyə əsas verir ki, generallarının Eldar Mahmudovla azadlıqda görüşəcəyi gün elə də uzaqda deyil.

A.Çovdarovun "qələbə bizim olacaq” kod-mesajı da əbəs deyil.

/// Müsavat.com