backend

Müharibə ƏMRİ

Müharibə ƏMRİ











Müharibə ƏMRİ, 2000 ÖLÜ və masadakı DÖYÜŞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan prezidenti Serj Sarkisyan Qarabağda müharibə qorxusunun olduğunu bildirib. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik də müsahibə təhlükəsindən danışıb. Türkiyə və Almaniya arasındakı gərginlik hələ qalmaqdadır. Türkiyə, ABŞ və Rusiya Baş qərargah rəislərinin Antalya toplantısının detalları açıqlanıb. Əfqanıstanın paytaxtı Kabildə çoxsaylı insan itkisi ilə nəticələnən terror aktı törədilib.

Serj Sarkisyan “Frans-press” agentliyinə müsahibəsində deyib ki,Qarabağda yeni müharibə təhlükəsi mövcuddur.

“Bu bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər”, - işğalçı ölkənin rəhbəri bildirib.

O əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.

Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.

Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qeyri-stabildir və müharibə təhlükəsini artırır: “Lakin status-kvonun dəyişməsi regionda sülhü bərqərar edəcək, həmçinin, Ermənistana yeni imkanlar verəcək, iqtisadi artıma səbəb olacaq”.

C.Uorlik qeyd edib ki, mnaqişənin nizama salınması çox amillərdən ibarətdir: “Lakin bunlara bütöv yanaşmaq lazımdır. Hər iki ölkənin prezidenti xalqları sülhə hazırlamalıdır. Bunu anlamaq lazımdır ki, Dağlıq Qarabağın status məsələsini müzakirə etməklə yanaşı, ərazilərin Azərbaycana qaytarılması da müzakirə olunmalıdır”.

Ermənistanda “ANYA” tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb. T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”.

T. Akopyan əlavə edib ki, 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır.

Almaniyalı həmkarı Sigmar Gabriel ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Almaniya hökuməti Türkiyənin daxili işlərinə qarışmamalı, tərəf tutmamalıdır".

M.Çavuşoğlu deyib ki, hazırda gözlənilən referendumla bağlı Türkiyədə həssas dövrdür: “Belə bir həssas dövrdə Almaniyada referendum əleyhdarlarına aksiyalar keçirmək üçün icazə verilir, ancaq Türkiyə hökumətinin üzvlərinə referendumla bağlı görüşlər üçün icazə verilmir. Bu, yolverilməzdir. Türkiyə olaraq heç vaxt Almaniyada siyasi proseslərdə tərəf tutmadıq, çünki bu, Almaniyanın daxili işidir. Almaniya da Türkiyənin daxili işlərinə qarışmamalıdır”.

Rusiya Müdafiə Nazirliyi dünən Baş Qərargah rəisi Valeri Gerasimovun türkiyəli həmkarı Hulusi Akar və amerikalı həmkarı Cozef Danfordla Antaliyada keçirdiyi görüşün detallarını açıqlayıb.

“Bütün tərəflər Suriyadakı əməliyyat zamanı arzuolunmaz hadisələrin qarşısının alınması üçün birgə tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Toplantıda Suriya və İraqdakı regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”, - Nazirliyin bəyanatında bildirilib.

Türkiyə, ABŞ və Rusiya Baş qərargah rəislərinin martın 7-də Antalyada keçirdiyi toplantıda masanın üzərindəki plan diqqət çəkib. Toplantıdan çəkilən fotoda masanın üzərindəki hücum planı da qeydə alınıb. Planın üzərində bu sözlər yazılıb: “Rakka Hərəkatı: Türkiyə-ABŞ müştərək planlaşdırma işi”.

Bu gün səhər saatlarında Əfqanıstan paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında yerləşən hərbi hospitalda partlayış törədilib. Hücum nəticəsində ölənlərin sayı 30 nəfəri keçib, 50-dan artıq insan yaralanıb. Hücumda iştirak edən bütün terrorçular Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İraq isə qonşu Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyat keçirmək niyyətindədir. “Qonşu ölkələrin suverenliyinə hörmət edirəm. İŞİD-in mövqelərinə Suriyada zərbə endirmək üçün Dəməşqdən icazə almışdım. Qonşu ölkələrdəki terrorçuları vurmaqdan imtina etməyəcəm, onlarla mübarizəni davam etdirəcəyik”, - İraqın Baş naziri Heydər Abadi deyib.

Ötən ay Malayziyada öldürülən Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Yonq Namın oğlu ortaya çıxıb. “Youtube”də yayımlanan videoda Kimin oğlu 40 saniyə ərzində müraciət edir.

“Adım Kim Han-Soldur. Şimali Koreyada Kim ailəsinin üzvüyəm. Atam bir neçə gün öncə öldürüldü. İndi anam və bacımla birlikdəyəm. İnanıram ki, vəziyyət tezliklə düzələcək”, - deyə o bildirib.

Məlumata görə, Kim Han-Sol indiyə qədər gizlədilirmiş.

İsrail parlamenti İordan çayı vadisində yəhudi məskənlərinin salınmasına qarşı çıxan və buna görə ölkəni boykot etməyə çağıran şəxslərin dövlət ərazisinə girişinə qadağa qoyan qanun qəbul edib.

Akt İsrailin baş naziri Binyamin Netanyahunun fəal dəstəyi ilə qəbul olunub. Sənədin mətninə əsasən, İsrail aşkar şəkildə onu və ya onun nəzarəti altında olan əraziləri boykot etməyə çağıran əcnəbilərin ölkəyə girişinə icazə verməyəcək.

Müxalifətçi deputatlar qanunun əleyhinə çıxış ediblər, bildiriblər ki, bu, İordan çayının Qərb sahili və Qəzza əhalisinin siyasi əqidəsinə xələl gətirir.

İsrail hökuməti həmçinin məscidlərdə səsgücləndirici ilə azan oxunmasının qadağan edilməsi haqda hazırlanmış qanun layihəsini təsdiq edib. “Azan qadağası” kimi tanınan və İsrail qanunvericilik komissiyasından keçən layihə səsvermə üçün İsrail parlamentinə təqdim olunub. Parlament sözügedən qanun layihəsinin təsdiq olunduğunu bu gün rəsmən açıqlayıb.

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin ABŞ Senatında çıxışı zamanı bildirib ki, üç illik müharibə nəticəsində Rusiya Ukraynanın 7,2% ərazisini işğal edib. O, Rusiya işğalı ucbatından Ukraynanın 10 min nəfər itkisi olduğunu bildirib:

“Rusiya Donbasa minə yaxın artilleriya sistemi, 400-dən çox tank və 200 raket sistemi göndərib. Donbasda həmçinin 4200 Rusiya əsgəri və 40000 terrorçu var. Krımda isə 23000 rus hərbçisi xidmət edir”.

Şərqi Avropa ölkələrindən olan diplomatlar Rusiya tərəfindən gələcəkdə olacaq aqressiyaya qarşı dayanmaq üçün ABŞ-a müraciət ediblər. Müraciəti Polşa, Gürcüstan, Latviya, Litva, Estoniya və Ukrayna diplomatları imzalayıblar. Diplomatlar müraciətlərində ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını ləğv etməməyə çağırıblar:

“Rusiya Ukrayna topraqlarından getməyənə qədər heç bir sanksiya yumşaldılmamalıdır. Əksinə, bu sanksiyaları artırmaq lazımdır. Biz həmçinin rus qazından olan asılılığımızı da azaltmaq istəyirik”.

İranda xüsusi səlahiyyətli nümayəndlərin iştirakı ilə keçirilən “Tramp Amerikası ilə nə etməli?” panelində ABŞ prezidenti haqda müzakirələr aparılıb. İran xarici işlər nazirinin müavini Taxtrəvançı müzakirədə Trampla bağlı qəti qərar verməyin erkən olduğunu deyib:

“Trampın necə bir siyasət yürüdəcəyini bilmirik, ona görə də onunla bağlı qəti bir qənaətə gəlmək olmaz. O, bəzi tabulara toxunan sözlər dedi. Media ABŞ-da müqəddəs bir şeydir. Tramp mediaya təzyiq göstərərək, onun gücünü zəiflətdi. Hazırda ABŞ-da bir prezident əvvəlki prezidenti var gücü ilə tənqid edir. Bu, ABŞ kimi böyük bir dövlətdə baş verəcək hadisə deyildi. Tramp ABŞ-dakı bəzi tabuları qırdı. ABŞ artıq supergüc deyil. İndi regiondakı ölkələr bir-birləri ilə yaxınlaşmaq şansı qazanıb. Türkiyə-ABŞ münasibətlərində soyuqluq yaranıb. İran belə bir vəziyyəti dəyərləndirib Türkiyə ilə yaxınlaşmalıdır”.

Fransada prezidentliyə namizəd Fransua Fiyon növbəti qalmaqalla üzləşib. “Le Kanar Anşen” nəşrinin məlumatına görə, Fiyon götürdüyü 50 min avro krediti deklarasiyaya daxil etməməkdə ittiham olunur. Bildirlib ki, Fiyon 2013-cü ildə biznesmen və “La Revyü” jurnalının rəhbəri Mark Ladre Laşaryedən kredit götürüb.

Fransa qanunlarına görə, 760 avrodan çox bütün kreditlər deklarasiyaya daxil edilməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Fiyonun həyat yoldaşı heç vaxt işləməsə də, 8 il millət vəkili müşavirinin maaşını almaqda ittiham olunurdu.

Ömər Dağlı (Publika.az)