backend

Qazaxda “Qərb” kafesində vəhşi qartal “əsir” saxlanılır

Qazaxda “Qərb” kafesində vəhşi qartal “əsir” saxlanılır


Rayon ərazisində yerləşən və problemin varlığına birbaşa cavabdehlik daşıyan dövlət qurumlarının rəhbərləri isə, hələ ki, susmaqdadırlar


Qazax rayonunda vəhşi qartal “əsir” saxlanılır. Bu haqda məlumatı informasiya mərkəzimizə təqdim edən mənbənin söylədiklərini dinlədikdən sonra, rayonun “Samolyotun yanı” adlanan ərazidə yerləşən “Qərb” kafesinə baş çəkməyə məcbur olduq. İlk öncə bəlli oldu ki, “Qərb” kafesi rayonun mərkəzindən bir qədər kənarda yerləşir və müştərilərinin bolluğu ilə əksər kafelərdən də fərqlənir. Ümumi görnüşü o qədər də diqqəti cəlb etməyən kafedə, vəhşi qartalın “əsir” saxlanılmasını gördükdə isə, biz müəyyən qədər fikrə daldıq. Çox götür-qoydan sonra bəlli oldu ki, kafe rəhbərliyinin atdığı bu addım vəhşi çöl quşuna qarşı isti münasibətdən deyil, daha çox müştəri bolluğu yaratmaq nöqteyi-nəzərdən atılan addımdır.

Ümumi şəkildə götürdükdə vəhşi çöl qartalının qəfəsdə “əsir” saxlanılması, nə qədər qanunauyğun addımdır məsələsinə, ilk öncə aydınlıq gətirmək lazımdır. Əvvəla onu qeyd edək ki, çöl quşları, çöl heyvanları çöllük ərazilərdə yaşamaq üçün yaranmışlar. Son illər isə təbiətə, onun varlığının bir hissəsi olan çöl quşlarına, çöl heyvanlarına qarşı, ayrı-ayrı dövlət qurumları tərəfindən daha diqqətcil münasibət bəslənilir. Buna səbəb, onların nəslinin kəsilməsinin qarşısını almaqdır. Hətta, qanunvericilikdə onların qanunsuz yolla ovlanmasının qarşısını alan xüsusi maddələr də var.

Qazaxda “Qərb” kafesində vəhşi qartal “əsir” saxlanılır

Dövlət orqanları tərəfindən belə bir addımların atılmasına baxmayaraq, səbəb nədir ki, Qazax rayon mərkəzində yerləşən və böyük bir ərazinin ekoloji problemlərinə birbaşa cavabdehlik daşıyan Ekologiya İdarəsinin rəhbəri Salman müəllimlə bərabər, Qarayazı Dövlət Təbiəti Qoruğunun müdiri Sahib müəllim də, vəhşi çöl qartalının “Qərb” kafesində “əsir” saxlanılmasına münasibət bəsləmirlər? Hətta, əldə etdiyimiz məlumatlara görə, hər iki vəzifə sahibi ara-sıra həmin kafedə “əsir” saxlanılan vəhşi çöl quşuna baxa-baxa yemək də yeyirlər.

Bir faktı da qeyd edək ki, Ekologiya idarəsinin yerləşdiyi inzibati bina ilə, “Qərb” kafesi arasındakı məsafə olsa-olsa 1km-lik məsafə olar. Yəni, onu bildirmək istəyirik ki, olduqca yaxın məsafədə yerləşən kafedə hansısa bir ekoloji olay baş verir, Salman müəllim isə susmaqda davam edir.

Amma, bu susmağın uzun müddətli olacağına inanmırıq. Çünki, bu gün ekolojiyamızın rəhbərliyində cənab Hüseyn Bağırov durur və o belə bir açıqlamanın dərcindən sonra, Bağırovsayağı addımını atıb, problemin varlığına birdəfəlik son qoymaq haqda müvafiq qərarını verəcək. Biz belə bir addımın atılmasına olduqca inanırıq.

Problemin varlığını diqqətdə saxlayacağıq.