backend

Ağstafada kim hansı "məzhəbə" qulluq edir

Ağstafada kim hansı "məzhəbə" qulluq edir












Redaksiyamıza Ağstafada məmur toqquşçasından xəbər verən maraqlı bir müraciət daxil olub. Anonim olaraq göndərilən müraciətin müəlliflərinin icra başçısı Məhərrəm Quliyevə yaxın şəxslər olduğu heç şübhəsizdir. Mənbə icra başçısından son zamanlar mətbuatda artan şikayətlərin qaynağını nişan verməyə çalışsa da, həm də əslində Ağstafa RİH daxilindəki toqquşmaları da etiraf etmiş olur.

Həmin informasiyanı təqdim edirik:

“Son zamanlar bir neçə mətbuat orqanında davamlı şəkildə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev tənqid olunur. Onun tənqid olunması səbəbsiz deyil. İcra başçısı haqqında tənqidi materialları sayt və qəzetlərə ötürən rayon icra hakimiyyətində çalışan şöbə müdiri Şaiq müəllim və başçının müavini Ramiz müəllim ötürür.

Rayon əhalisinin fikirləri öyrənilsə, bilinər ki, icra başçısı bu iki şəxsin rayonda meydan sulamaqlarına 2 ildir imkan vermir. Hamı bilir ki, rayon əhalisinin varidatı bu iki şəxs tərəfindən talanıb. Hər iki şəxsin maldarlıq fermaları, taxta sexləri, un dəyirmanları, kafe və çayxanaları, 300 hektarlarla torpaq sahələri var və hegamon olublar. Zəli kimi rayon camaatının qanını sovurublar. İndi hər şey əllərindən çıxıb, Məhərrəm Quliyevin Ağstafada nizam-intizam yaratmasını həzm edə bilmirlər. Və bu hesabdan mətbuata davamlı şəkildə Məhərrəm Quliyevdən materiallar ötürürlər.

Həqiqətdə meşələri qırdıran, qaz, su xətlərini torpağın altından çıxarıb satdıran, müxalifətə xidmət edən, rayonda narazılıq yaradan Şaiq və Ramiz müəllim olub. Ramiz Tatarov 25 il bundan qabaq müsavatçı olub. Şaiq Qurbanovun qaynı və özü həmişə AXC partiyasına xidmət ediblər. İndi belə məlumatlar yayılır ki, guya Ağstafada narazılıq var, Şaiq Qurbanov bunun qarşısını alır. Bu səmimiyyətə Ağstafa rayonunda heç kim inanmır.

Hər iki şəxs rayonun keçmiş icra başçısı Cümşüd Musayevlə birləşib rayon əhalisinə divan tutanda nədən belə məsələləri mətbuat yazmırdı? İndi isə qeyd olunur ki, guya Məhərrəm Quliyev Ağstafaya qohumlarını vəzifəyə yerləşdirir. Ağstafada hamı bilir ki, Məhərrəm Quliyevin vəzifədə qohumu yoxdur, özü də Ağstafa rayonundan deyil. Belədirsə, nədən yalandan ajiotaj yaradılır?”