backend

Hansı general Pirşağı çimərliyini hasarlatdırıb?

Hansı general Pirşağı çimərliyini hasarlatdırıb?


“Çin səddi” kimi uzanan hasarlar camaatı Xəzərə həsrət qoyub


Bakıda “analoqsuz memarlıq” üslubunda bir çimərlik var. Çimərliyə yaxınlaşanda hündür bir hasar Çin səddi kimi uzanır. Adama elə gəlir ki, dənizə hasarı yarıb keçəcəksən. Bir az irəliləyəndə divara “Dənizə” yazılmış və işarə qoyulmuş bir tablo çıxır.

Bu hündürlükdə və enlikdə hasarlama ya hərbi hissə, yaxud da hərbi düşərgələrdə rast gəlinə bilər. Məlum olur ki, ərazini hasarlatdıran bir generaldır (dəqiqləşdirmələr aparmadığımız üçün onun adını hələlik yazmırıq-red.). Amma general bu ərazini heç də hərbi hissə üçün özəlləşdirməyib. Sadəcə, kefi belə istəyir.

Pirşağı çimərliyini öz şəxsi mülkü hesab edir. Ona görə də çimərlik başdan-başa hasarlanıb, mühasirəyə alınıb. Öyrənirik ki, vəziyyət çoxdan belədir. Çimərliyə girən kimi isə zibillik, baxımsızlıq, qarpız, meyvə-tərəvəz qabıqları “bərq vurur”.

Pirşağı camaatı arasında gəzən söz-söhbətə görə, general bu uzunluqda ərazini özəlləşdirsə də, ayda-ildə bir dəfə bura gələr ya gəlməz. Bəlkə də aylarla heç yadına düşmür. Amma əhali üçün dənizi bağlı elan edib. Gediş-gəliş məhdudlaşıb.
Hələ bir elan şəklində dənizə gedən yolu da göstərirlər. Kənd əhlinin sözlərinə görə, Pirşağı çimərliyi başqa yerlərdən fərqlənir. Çünki Pirşağıda dəniz neftlə çirklənməyib. O səbəbdən əhali buranı seçim edir. Amma baxımsızlıq ucbatından çimərlik digərlərindən geri qalır.

Harada ki, kafelər, restoranlar açılıb, o yerlərin qabağı səliqə-sahmanlıdır. Generalın hasarladığı ərazi ilə üzbəüz sahil isə zibil içində üzür. Kənd sakinlər deyirlər ki, general dənizin yolunu bağlayırdısa, heç olmaya çimərliyə də “əl gəzdirərdi”, abadlıq işləri görülərdi: “Nə bir xilasedici dəstə var, nə də təhlükəsizlik xidməti. Kimsə Allah eləməmiş, boğulsa onu kim qurtaracaq? Hələ bir hasarın ətrafına baxın. Zir-zibil əlindən keçmək olmur. Yan-yörə küçə itlərinin, narkomanların məskəninə çevrilib”.

Pirşağı sakinləri tələb edirlər ki, dənizə gedən yol açılsın, çimərlik isə təmizlənsin. Onların dediyinə görə, generalın bu hündürlükdə və enlilikdə hasar tikmək hüququ yoxdur. Camaat danışır ki, Xəzərin sahilləri toxunulmazdır və hələ eks-prezident Heydər Əliyevin dövründə qanunla dəniz sahillərinin hasarlanması qadağan olunub. Bunu bilirlər, amma əməl etmirlər. Sadə camaat neyləsin? Biri durub səsini çıxarsa, tutacaqlar. Zeynəb Xanlarova neçə dəfə çıxış elədi. Dedi ki, dənizə getməyə yer qoymayıblar. Zeynəb xanım da yaxşı bilir ki, bunu edənlər kimlərdir. Amma kimdən kimə şikayət edəsən? Buzovna, Bilgəh, Mərdəkan, Novxanı, Pirşağı, hər yeri dədə-baba mülkü kimi ələ keçiriblər ," - deyə Pirşağı sakini Kamil Cəlilov deyir.

Pirşağının digər narazı sakini Həsən Əsədov danışır ki, çimərlikdə generaldan əlavə başqa məmurların da mülkləri, istirahət mərkəzləri var: “Hər dəfə bu məsələ qaldırılır. Xeyri yoxdur e, gərək bu hasarları sökməyə cəsarət olsun. Prezidentin iradəsindən asılıdır. Camaat yığışıb bu hasarları sökməyə qalxsa, polis töküləcək, bir-bir tutacaqlar, günahlar əhali çıxacaq. Deyəcəklər şəxsi əmlaka ziyan vururlar. Amma day demirlər ki, həmin məmurlar şəxsi əmlakları xalqın sərvətindən istifadə edərək tikirlər, milləti dənizə buraxmırlar. Bu gün - sabah dənizdə çimməyi də qadağan edəcəklər. Deyəcəklər ki, suya girəndə pulunu verin, 1 saat suda qalmaq filan qədərdir. Vallah, bunlardan nə desən gözləmək olar”.

Narazı sakinlərin tələbi budur ki, səliqə-sahmana diqqət göstərilsin, məişət tullantıları çimərlikdə zibil dağları kimi yığılmasın, ən əsası da “Berlin divarı” kimi uzanan hasarlar ləğv edilsin, yol açılsın. Xatırladaq ki, 2003-cü il yanvarın 13-də prezident Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.

H.Əliyevin sərəncamına əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökdülər.

2003-cü il avqustun 4-də isə H.Əliyev: “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur.
Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. H.Əliyevin vəfatından az sonra məmurlar nəinki Xəzər sahillərini zəbt etdilər, hətta dənizin kənarına uca hasarlar da çəkdilər, suya girdilər.
Musavat.com