backend

Cənnətin bir addımlığında

Cənnətin bir addımlığında


Fəaliyyət Qurbanov



Yaxşı gəlib çıxmışdıq mənzil başına. Dedik ki, bir vaz da atsaq özümüzü çoxdan arzuladığımız füsunkar məkanda tapacağıq. Cənnət bizi səbirsizliklə gözləyir. Əlimizdə kağızımız vardı, dəvətliydik. Sevinclə xülya içində gələcək həyatımızın konturlarını cızırdıq. Bu ahıl yaşımda mən də ümidimi cənnətdə ikiotaqlı mənzil "alması"na bağlamışdım. Sonrası da allah kərimdi deyib durmuşdum. Bu şirinliyi daha da artırmaq üçün dilimin altına şəkər də qoymuşdum ki, cənnətdə ənkələrin qabağında sarsaqlamayım. Nə isə, ümidlər intəhasızıuydı...Kitab-kitab tərif, mədhiyyə hazırlamışdım ordakı süd gölünün əmirinə, almabaşına, onun baş vəzirinə ünvanlayasaqdım.

Hətta, CEN TV kanalında planlaşdırdığım çıxışın mətni də hazırıydı. Lakin ora aparan bütün pul-parasız yolların hamısı dağılmışdı, bircəciyindən savayı. Bunu görəndə, mənə darıxma gəldi. Şəhadət barmağımla başımın dəstəsinə susmaq işarəsi verib qarşımdakı qandalabənzər nəfəslikdən o biri tərəfə boylandım ki, görüm situasiyaya uyğun hansı qərara gələ bilirəm. Gördüm ki, qəpdərin çuxurdan yuxarı can atan alov dilimlərinin işığa qərq elədiyi nazik qıl körpünün girişində qələbəlikdir. Uzun növbənin düz burnunun ucunda iki gömrük postu qurulub, haqq-hesab aparılır. Postun sağında baytarlıq və solunda isə sanitar məntəqəsi yerləşir. Onlar da nəyinsə əvəzində öz müştərilərinə arayış paylayırdı.

Görünür, kefləri sazıydı. Çünki, hərəsinin sinəsində bir saz varıydı. Adamları bir-bir sazın tilsiminə salıb sözsüz buraxırdılar. Körpünü yaşıl kamuflyajlı sərhədçilər mühafizə edirdi. Əllərində avtomat lazer silahı vardı. Qırmızı nişangahı cənnət iddiaçılarının alnındakı qırışları növbə ilə sayıb harasa hesabat ötürürdü. Hesabatın ağırlığına heyran qalmışdım. Hər nəydisə, ağır əl çantalarına sanki sığmırdı. Səhv etmirəmsə, iki saatdan bir bu hesabatı göyərçin boyda mikroraketlər vasitəsilə göyə uçurdurdular ki, üzləri qaranlıqda ağarsın. Qıl körpünün aşağı başında isə bir dəstə zurnaçı qonaq gözləyirdi. Düzü bu barədə sifariş verməmişdik ki, deyək bizi kimsə qarşılayacaq. Zurnaçılardan azca aralı Çin səddinə bənzər böyük ölçülü qala divarları görünürdü. Divarların yuxarısında hər 5 metrdən bir qüllə hörülmüşdü. Qüllələrin hərəsində daha iki post qoyulmuşdu.

Lakin postdakılar əsgərə bənzəmirdi. Sir-sifətlərindən zəhrimar yağırdı bunların.

Amma fasiləsiz nəsə əmirdilər, cənnətlik bir məkanda xoş dövran sürdükləri aydın sezilirdi. Qıl körpünün testindən keçməyə müvəffəq olanların axını elə bu məxluqların son yoxlamasında qabarıb-çəkilirdi. Qabarmalardan sonra hər dəfə qıy-qışqırıq qopur, bəziləri vay-şivənlə uçurumdan üzü aşağı yuvarlanırdı. Əlimdəki buraxılış vərəqini ovcuma sıxıb əzik-üzük elədim. Demək aldanmışam...Dəhşət saçan bu müdhiş mənzərənin təsirindən nəfəsliyi qapayıb aşağı boylandım ki, başımın dəstəsinə qayıtmaq göstərşi verim. Gördüm ki, aya, ətrafımda bir kəs qalmayıb. Əsəb məni təntitdiyindən nəfəsim tıncıxdı, elə bildim bu saat yıxılacağam uçurumdan aşağı. Mən cənnət istəyirəm, -deyə var səsimlə qışqırmağa başladım... Elə bilirsiniz, dəliyəm, vallah yox, mən dəlilərin dəlləyiyəm. Bu nakəslərin dərdini qırxıb qəzəbimlə bərabər qırx quldura yükləyirəm ki, qoşqusuz dartıb mənəvi aşınmanı, maddi əziyyəti bir andaca olsa yaşasınlar, görsünlər zilləti...

Dünya necə də gözəldi, necə də yaşamalı həyat var! Gözümü onda açdım ki, alnımda muncuq kimi düzülmüş tər damcılarını incə,zərif bir qadın əli ətirli dəsmalıyla aramla silir. Sanki cana gəlirəm. Xəyal qırıqlığında qadın gözəlliyini, onun dəyərini canlandırıb razılıqla gülümsəyirəm. Gözlərimi yumub deyəsən, möcüzəli bir öpüş də gözləyirəm...Əvəzində boynumun ardına bir şapalaq ilişdirilir. Ardınca da uzun-uzadı deyinmələr başlayır. Səs də tanışdı, şapalaq da, amma ayırd edə bilmirəm kimindi. Deyəsən tapdım, Zamanın şapalağıdı. Neynim, qağamın canı üçün, onunla ayaqlaşa bilmirəm, bax indicə məni ardınca belədən-belə sürüyəcək belədən beləyə...