backend

Saqqallı yetimliyin ağrı-acısı

Saqqallı yetimliyin ağrı-acısı

Qurbanqulu Əlizadə

Bir vaxtlar sovet imperiyasının dağılacağına inanan yoxuydu. Lakin, bu baş verdi.

Bizim günlərdə çox xəyallar özü də qısa bir zaman içində həqiqətə çevrilir. Cəmiyyətin ən aşağı təbəqələrinə aid edilən kimsəsizlərin də səbrlə öz həqiqətini, haqqını gözləməsi vacibdir. Ruhdan düşmək zamanı deyil. Gəncliyimiz israrla sübut etməlidir ki, bu ölkə özünün bütün nemətləri ilə vətəndaşlarına məxsusdur. Cəmiyyətdə təbəqələşməyə rəvac verənlər, eynən də mətbuata bölücülük gətirənlər unutmasınlar ki, bu da bir mənəvi terror növüdü, cəzasız qalmayacaq.

Bu yaxınlarda telekanalların birində uşaq evlərində böyümüş gənclərin qayğı və problemlərindən bəhs edən verilişə baxırdım. Ata-ana himayəsindən məhrum hər bir gəncin gözlərində sanki dərin kədər gizlənirdi. Ümidsizliyə və inamsızlığa köklənmiş bir kədər! Nə qədər ağır olsa da, etiraf etməliyik ki, cəmiyyətimizdə belə gənclərin etibarlı gələcəyi yoxdur, bu gedişlə bəlkə də olmayacaq!

Verilişin təsiri altında ikən gələcəyi olmayan bu gənclərdən bir neçəsinə sürpriz yardımlar etmək çoxları kimi mənim də könlümdən keçdi. Mətbuatda çalışanların böyük bir qisminin də belə bir arzusu yəqin ki, olmamış deyil. Amma... düz deyiblər, keçəl dərman bilsə, başına yaxar.

Azərbaycan gəncliyinin maddi-mənəvi dəstəyə ehtiyacı olan əsas təbəqəsi, əlbəttə mənim kimi para yolunda mürmüc qələm sahiblərindən deyil, öz dövlətindən himayə gözləyir. Düzdür, gənclər və idman naziri Azad Rəhimov öz aləmində gənclərə "topaz" mesajı verib ki, bəs ümid olun bu mərc oyunu sizlərə yardımlar üçündür. Qumardan xeyir kim görüb ki? Bir də ki, pul şirin şeydi. Tır kimi gələndə nəfsi yerindən oynadır. "Rasxod"a o qədər yer tapılır ki, çatdıra bilmirsən. Ona gorə hələlik gəncliyə maddi dəstəkdən ürəklə danışmaq olmur. Öz aramızdı, dünyanın ən gözəl və ən demokratik ölkəsində başı batman-batman para qazanmağa qarışmış qartımış məmurmu verəcək bu dəstəyi onlara? Ay verdi ha!..
Belə götürəndə heç kəs özünü valideyn tərbiyəsindən məhrum uşaqlardan ayırmamalıdır. Onlara veriləcək gücüm çatan yeganə bir təsəlli varsa, onlarla həmrəyliyimiz ola bilər. Mətbuatda uzun illər çalışmış "sizif əməyi" mükafatı laureatları, Əli, Vəli, Pirvəli də mənimlə bu məsələdə olsun ki, həmfikirdilər. Əlbəttə kiçik istisnaları nəzərə almasaq, heç kəs bizi bu qənaətimizdən daşındıra bilməz. Mətbuatdakı qələm gəzdirənlərin böyük əksəriyyəti kimsəsizdir. Onlardan bir qrupunu dövlətimiz sevindirib. Bu yaxınlarda mənzillə təmin olunmuş qələm sahiblərinə Allahdan xoş günlər arzulayıram. Yeni mənzillərində qoy "kvartirantlığın" yorğunluğunu çıxarsınlar. Jurnalistikamızda ara-sıra müşahidə edilən belə xoş müjdələri tez-tez eşidək. Eşidək ki, süvincimizlə yanaşı dövlətə etibarımız da artsın. Daha fındıqburun mətbuat çinovnikləri, eynən də onların durnaboğaz katibələrinin həqarətli baxışlarında gözdən düşməyək. O bərəlmiş nəlbəki gözləri görərkən əvvəlllər mən də özümü narahat hiss edirdim. Elə bilirdim ki, azad jurnalist görən hər bir adamın gözləri eləcə nəlbəki boyda olmalıdı. Sonradan anladım ki, bərəlmiş gözlərin sahibləri dəvə kimi kinli olurlar. İndi öyrəncəliyəm, artıq o bərəli gözlərə güzgü tuturam, daxili narahatlıqdansa əsər-əlamət qalmayıb.

Özünüz fikirləşin, saç-saqqal ağarıb, ev-eşik yox, ya da ki, yox dərəcəsində, yad ocağında qələmlə kül eşən jurnalistin göz görəsi yolsuzluğu onu da ümidsizlik girdabına atıb. Etiraf edim ki, bundan da ağır, ürək yandıran mənzərələr görmüşəm. Görüb özümə təsəlli tapmışam. Yalnız təsəlli verməklə iş bitirmi? Saqqallı yetimliyin ağr-acısı da qəlb göynədir. Dövlətdən kömək rıçaqları özü də bilərəkdən, elə qapadılıb ki, onun açılması üçün illər gərəkdir. Şübhəsiz ki, süni maneələr gec-tez aradan qaldırılacaq, fərqi yoxdur, evle-evsiz jurnalistləri mənən birləşdirən könül yolları açılacaq, haqsızlığa tuş gələnlər bəraət də qazanacaq. Milli mətbuatı dövlət vəsaiti hesabına özəlləşdirmiş uçar quşlar uçurumda olsalar belə tapılıb rüsvayçılıq dirəklərinə kəndirlənəcək.