backend

Binəqədidə torpaq alverindən kimlər qazanır, kimlər uduzur?

Binəqədidə torpaq alverindən kimlər qazanır, kimlər uduzur?


Hələ bir müddət bundan əvvəl, redaksiyamıza Binəqədi rayonu ərazisində qol qoyulan qanunsuzluq əməlləri barədə bir neçə şikayət ərizəsi daxil olmuşdu. Düzdür, ilk əvvəl bunlara ciddi fikir verməsək də, sonrakı günlərdə təqdim olunan şikayət ərizələri, daxil olan məlumatlar və.s bizi məcbur etdi ki, bu yöndə müəyyən araşdırmalar aparaq. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, sən demə rayon rəhbərliyinin “dobro”su əsasında, bu gün rayonun kənd və qəsəbələrində “şıdırğı” torpaq alveri getməkdədir.

Əvvəla onu qeyd etmək yerinə düşər ki, Binəqədi rayonu ərazi baxımından Bakı şəhərinin ən böyük rayonlarından biridir. Ərazisində dədə-babadan qalma kəndlərinin varlığı ilə bərabər, bir neçə iri yaşayış məntəqələrinin olması da, bu rayonun adının daha çox məşhur olmasına səbəb olub. Digər tərəfdən, yeni-yeni yaşayış məntəqələrinin tikilməsi də, Binəqədi rayonunu başqa rayonlardan fərqləndirən cəhətlərdəndir.

Bəs bu gün nələr baş verir ki, Binəqədidə bineyi-qədimdən qalma yox, son vaxtların problemləri daha çox müzakirə mövzusuna çevrilməkdədir. Elə ki, yerli sakinlərdən bir neçəsinin danışdıqlarını dinlədik, o zaman əksər mətləblərdən xəbər tuta bildik ki, bu gün rayon rəhbərliyinin şifahi tapşırığı əsasında rayon ərazisində minbir hoqqalara qol qoyulur. Məsələn, icra aparatında hansısa vəzifə sahibi olan Mirpaşa və Çingiz adlı şəxslər, onlara verilmiş ixtiyardan yararlanaraq, ərazidə aparılan hər bir tikinti işinə konkrent haqq qoyublar. Yəni, sənədi olmayan 2 otaqlı ev üçün 5 min manat, 3 və ya daha çox otaqlı ev üçün isə təqribən 8-10 min manat arası pul alırlar. Onların pultoplama kampaniyasına isə, “xüsusi istedad”ı ilə əksəriyyətdən fərqlənən Ədalət adlı şəxs rəhbərlik edir.

Bu haqda məlumatları redaksiyamıza təqdim edən və adının çəkilməsini istəməyən mənbə bildirir ki, qanunsuz ev tikənlərdən pul əldə etmək üçün, onlar incə üsullardan da məharətlə istifadə edirlər. Belə ki, rayonun kənd bələdiyyələri Mirpaşa ilə Çingiz arasında bölünür və onların qəbul günləri də əvvəlcədən elan edilir. Bu zaman qəbula gələnlər hər iki vəzifə sahibi ilə açıq-aydın danışırlar və elə bazarlıq da həmin andan başlayır. Maraqlı haldır ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı olduqlarından, icra strukturundan tamamilə fərqlənən bir qurumdur. Belə olan halda sual yarana bilər ki, icra aparatında vəzifə sahibi olan hər iki şəxs, hansı əsasla, hansı qanunla bələdiyyə qurumlarında vətəndaşları qəbul edirlər və hətta bazarlıq da açırlar. Deməli burda bizim həm bildiyimiz, həm də bilmədiyimiz məqamlar olur.

Maraqlı haldır ki, bu gün Binəqədi rayonunda vəzifə sahibləri elə əməllərə qol qoyurlar ki, onların atdıqları addımlar nə hüquqa, nə də ki, hansısa bir əsasa söykənir. Yəni, vəzifə sahibləri çox zaman vətəndaşlara, aldıqları rüşvətin müqabilində tikinti işlərinin aparılması qadağan olunan torpaq sahələrində, tikinti işlərinin aparılması haqda “dobro” deyirlər. Belə bir halın varlığı, zamanı çatanda saysız-hesabsız problemlərin əmələ gəlməsinə səbəb olur ki, bu zaman ziyanı yenə də sadə vətəndaşlar çəkirlər.

Diqqəti cəlb edən digər bir məqam var, o da rayon rəhbərliyinin baş alıb gedən qanunsuzluqlara rəvac verməsidir. Axı, ölkə rəhbəri dəfələrlə keçirdiyi görüşlərində vəzifə sahiblərinə, qanunsuzluq əməllərindən əl çəkmələri barədə tapşııqlarını verib. Belə bir tapşırıqların verilməsi görəsən yetərli deyilmi ki, Binəqədinin İcra Aparatında vəzifə sahibi olan Mirpaşa ilə Çingiz adlı şəxslər, bu gün minbir hoqqalar çıxarırlar. Əslinə baxsan, onların atdıqları addımlar, heç də özbaşına atılan addımlar olmur. Çünki, bu günə qədər gördüklərimiz, şəxsi düşüncələrimiz bizim belə qənaətə gəlməyimizə səbəb olub ki, adətən belə məqamlarda “drijor çubuğu” başqasının əlində olur. Çalışıb həmin “çubuğu” ələ almaq lazımdır ki hoqqaların qarşısını ala bilək.
Mövzunu diqqətdə saxlayacağıq...