backend

Qusarda iftar adı altında oğurluq

Qusarda iftar adı altında oğurluq

“Əvvəlcə bu oğurluqdan xəbərim yox idi”.

Qusarda sakinlərin qorxulu yuxularına çevrilən dəstə üzvləri tutulub.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qayakənd sakini Bəxtiyar Qəribov həmkəndliləri Osman Qəribov və Sərxan Manafovla birgə Aladaş kəndində Sərhəd İsabalayeva məxsus tövlədən hər birinin dəyəri 160 manat olan 8 baş qoyunu oğurlayıb.

Daha sonra Xuray kəndi ərazisində Həsən Sadıqova məxsus iaşə obyektində 900 manat məbləğində, 1 ədəd generator, 1 ədəd samovar, 1 ədəd dəmir giriş qapısını oğurlayıb. Bəxtiyar Qəribov üçüncü oğurluğu da həmkəndlisi Sərxan Qəribovla birgə edib.

Qusar rayon polis şöbəsinin müstəntiqi Elgiz Məmmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılan Bəxtiyar Qəribov dəfələrlə rayon ərazisində oğurluqlar törədib.

“Bundan başqa, Bəxtiyar Qəribov təkrarən 2014-cü il avqustun 1-2-nə keçən gecə Sərxan Manafov və digər şəxslərlə qabaqcadan əlbir olaraq, bir qrup təşkil edib. Onlar Qusarın Cağar kəndində Məsumə Həsənovaya aid tövləyə daxil olub. Oradan 3 baş qoyunu gizli yolla oğurlayıb. Hazırda istintaq digər şəxslərin müəyyən olması, istintağa cəlb olunması və istiqamətində əməliyyat istintaq tədbirlərini davam etdirir”, - deyə Elgiz Məmmədov bildirib.

Qeyd edək ki, saxlanılan hər 3 şəxs ibadətlə məşğul olan insandır. Onlar oğurluğun din aləmində haram sayıldığını söyləsələr də, özgə malına əl uzatdıqlarını gizlətməyiblər. Saxlanılan Osman Qəribov yalnız Aladaş kəndindəki oğurluqda iştirak etdiyini, ora getmək üçün Bəxtiyarın iftara getmək adı ilə ona maşın sürdürdüyünü bildirib.

“Əvvəlcə bu oğurluqdan xəbərim yox idi. Mən ora iftar adı ilə getmişdim. Quzuna orada mənə iftardan sonra verdilər. Mənə sonra dedilər ki, oğurluqdu”, - deyə saxlanılan Osman Qəribov bildirib.

Hazırda Qusar polisi dəstənin digər üzvlərinin axtarışlarını davam etdirir.

Faktla bağlı araşdırma aparılır.